Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA A
ATROPAT

     Yeni eradan əvvəl 331-ci ilin 1 oktyabrında Assuriyanın qədim paytaxtı Nineviya yaxınlıqındakı Qauqamela adlanan yerdə Ön və Orta Asiyanın bir çox xalqlarının taleyinə tə'sir göstərmiş bir döyüş oldu. Makedoniyalı İskəndərlə İran hökmdarı Əhəməni Dara arasındakı bu döyüş İskəndərin tam qələbəsi ilə və möhtəşəm Əhəmənilər dövlətinin süqutu ilə başa çatdı. Daranın anası, arvadı və iki qızı İskəndərə əsir düşdü. Bundan başqa o, çoxlu qənimət ələ keçirdi. Həmin döyüş bizi ona görə maraqlandırır ki, tarixi mənbələrdə Midiya satrapı (hakimi) Atropatın adı ilk dəfə məhz bu döyüşlə əlaqədar xatırlanır. O, burada müəyyən mə'nada özündən asılı olan kadusilər, albanlar və sakesinlərlə ittifaqda vuruşmuş, midiyalıların süvari və piyada dəstələrinə başçılıq etmişdi.

     Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Atropat İskəndərdən asılılığı qəbul etmir və İskəndər də onu taxt-tacdan kənarlaşdıraraq, Midiya satraplığına Oksodat adlı birisini tə'yin edir. Lakin Oksodat İskəndərin ümidlərini doğrultmadığından B.e.ə. 328-ci ildə o, Atropatı öz taxtına qaytarır.

     Atropat İskəndərlə açıq düşmənçilik xəttinin faydasızlığını anlayaraq, diplomatik danışıqlar yolunu seçir. Bu yolla da o, Midiya torpaqlarından bir qismini işğal olunmaqdan qoruyur. Həmin ərazi sonradan Kiçik Midiya, Atropatena Midiyası və nəhayət, Atropatena adlanır.

     İskəndər Orta Asiyaya, Qərbi İrana və Hindistana qalibiyyətli yürüşlər edir və böyük bir imperiya yaradırdı. Bu imperiyanı idarə etməksə gün-gündən çətinləşirdi. O, yerli ə'yanları idarəetməyə cəlb edir, zərdüştiliyi öyrənərək, özünü allah e'lan edir, fars və makedoniyalı şah ailələri, aristokratları arasındakı nikahları hər vəchlə həvəsləndirirdi. O, öz möhtəşəm imperiyasını uğurla idarə etməyə imkan verəcək yeni bir "ellin-fars" aristokratiyasının yaranmasını arzu edirdi. Bu istiqamətdə ilk addım Suz yaxınlığındakı təntənələrdə atılmış oldu-burada bir neçə gün ərzində iki ölkənin nümayəndələrinə toy çalındı. İskəndər özü eyni zamanda iki fars şahzadəsi - Daranın qızı Satira və III Artakserksin qızı Parisatida ilə ailə qurdu. Eyni gündə 80 nəfər yunan və makedoniyalını yerli ə'yanların övladları ilə evləndirdi. Fars qızlarını özlərinə arvad etmiş on minlərlə döyüşçüyə bahalı hədiyyələr verdirdi. Hər belə döyüşçü bir qızıl qədəhlə mükafatlandırıldı. Bu mərasimlərdə Yunanıstandan gəlmiş aktyor, musiqiçi və oyunbazlar iştirak edirdi.

     Suzdakı təntənələr zamanı Atropat da müstəqil Midiya hökmdarı kimi öz mövqeyini möhkəmləndirməkdən ötrü fürsəti əldən qaçırmadı. O, öz qızını Makedoniya süvarilərinin rəhbəri, İskəndərin ən yaxın silahdaşlarından olan Perdikkaya ərə verdi.

     B.e.ə. 324-cü ilin sonlarında Bariaks adlı bir nəfər özünü İran və Midiya hökmdarı e'lan edərək, işğalçılarla mübarizəyə qalxır. Atropat öz qüvvələri ilə qiyamı yatırır, Bariaksı əsir alaraq, onu və yoldaşlarını İskəndərə təhvil verir. İskəndər onları qətlə yetirir.

     İskəndər tez-tez öz imperiyasını gəzirdi. Belə səfərlərindən birində o, qədim zamanlardan at yetişdirməklə məşhur olan və Atropatena sərhədlərində yerləşən Nisey düzlərində düşür. Atropat da buraya gələrək, bir müddət vaxtını İskəndərlə keçirir. İskəndər burada da təntənəli qonaqlıqlar düzəldir. Bu qonaqlıqlardan birində Atropat İskəndəri əyləndirməkdən ötrü məclisə kişi paltarı geymiş və təbərdin əvəzinə nizələrlə və yüngül qalxanlarla silahlanmış qadınlardan ibarət süvari dəstəsi gətirir. Qədim tarixçilərin dediklərinə görə, bunlar Albaniyadan yuxarıdakı dağlarda yaşayan əfsanəvi amazonkalar idi.

     B.e.ə. 323-cü il iyunun 13-də İskəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babilistanda vəfat edir. Onun meyidi soyumamış satraplar ölkəni bölüşdürməkdən ötrü Babilistanda toplaşırlar. Kiçik Midiyada öz hakimiyyətinin möhkəmləndiyinə əmin olan Atropat bu müşavirəyə getmir. Dövlətin rəhbərliyi regent qismində Atropatın kürəkəni Perdikkaya keçir. Perdikka dövləti parçalanmadan nə qədər qorusa belə onun bu cəhdləri satrapların müqaviməti ilə üzləşir və nəticədə B.e.ə. 321-ci ildə regent öz həyatını itirir. Ölkənin ikinci bölüşdürülməsi başlanır. Atropatın satraplığı bölüşdürülmədən kənarda qalır.

     Akademik İqrar Əliyevin sözlərinə görə, bu vaxtdan e'tibarən Kiçik Midiyanı müstəqil dövlət hesab etmək mümkündür. Kiçik Midiya bir qədər sonra Atropatena (Aderbadakan), yaxud Azərbaycan adlandırılaraq, müstəqil dövlətə çevrilir və Atropat özünə şah titulu götürür. Manna dövlətinin süqutundan iki əsr yarım sonra indiki Azərbaycan ərazisində yenidən müstəqil bir dövlət yaranır. Atropatın zamanından başlayaraq, məhz bu ərazilərdə dövləti və etnik varisliyi qoruyub saxlayan yeni-yeni dövlət qurumları mövcud olur. Kiçik Midiya Atropatın müdrik və uzaqgörən siyasəti nəticəsində Şərqdə Makedoniya işğalçılarından can qurtaran ilk müstəqil dövlət olur (əslində, İskəndərin ölümünə qədər də Kiçik Midiya onun dövlətinin ən müstəqil satraplığı idi).

     Qədim yunan coğrafiyaşünası Strabon özünün məşhur "Coğrafiya"sında yazır: "Midiya iki yerə bölünür. Bir hissəni Böyük Midiya adlandırırlar. . . İkinci hissə Atropat Midiyasıdır. Bu yer öz adını sərkərdə Atropatın adından götürmüşdür. Atropat istəmirdi ki, bu torpaqlar da Böyük Midiya kimi makedoniyalıların asılılığında qalsın. Doğrudan da çar Atropat ölkəsinin müstəqilliyinə özü qərar vermiş, bu qərarını bəyan etmişdi və indi də irsi hakimiyyət onun ailəsinə məxsusdur... Bu, hərbi qüvvə baxımından kifayət qədər əhəmiyyətli bir ölkədir, belə ki, o meydana 10000 süvari və 40000 piyada çıxara bilər."

     Atropatenanın əhalisi etnik baxımdan qarışıq idi. Burada insan və yer adlarının çoxusu zərdüştiliklə şərtlənirdi, sonralar islamın qəbulundan sonra da ərəb adları üstünlük təşkil edirdi. Buna görə də Atropatın və atropatenalıların etnik mənşəyini müəyyənləşdirmək çox çətindir. Üstəlik orası da var ki, zərdüştiliklə bağlı adlar bizə yunan qaynaqlarının yozumunda gəlib çatmışdır. Belə ki, ölkənin adı-Atropatena yunan mənşəlidir, həmin ad zərdüştilərdə (Midiyalılarda) Aderbadaqan, ərəbcə isə Azərbaycan olmuşdur. Bu yerdə yaşayanların özlərini və ölkələrini necə adlandırdıqları isə hələ də müəmmalıdır. Bircə şey tamamilə aydındır ku, illər, əsrlər, minilliklər ötüb-keçmiş, işğalçılar gəlib-getmiş, dil və dinlər dəyişmiş, lakin Azərbaycanın Atropat tərəfindən yaradılmış sərhədləri, demək olar ki, dəyişməz qalmışdır. Həmin sərhədlər hüdudunda 2300 ildən artıqdır ki, özünəməxsus ən'ənələri, əxlaqı və mədəniyyəti ilə yaxınlıqdakı xalqların hamısından fərqlənən bir xalq yaşamaqdadır.