Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA B
BABA KUHİ BAKUVİ

     Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə giriş-miş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər. O,1051-ci ildə allahın rəhmətinə qovuşmuşdur."

     Baba Kuhi Bakuvi haqtında mə'lumatlara S. Aşurbəylinin "Orta əsrlər Bakısının tarixinə dair oçerk" kitabında da rast gəlirik: "Baba Kuhi batinidir. Lakin ba-tiniliyin diapozonu o qədər genişdir ki, bu məsələ üzərində xüsusilə konkret bir şə-kildə dayanmaq lazım gəlir... Belə hesab edirlər ki, o, sufidir. Mən çoxdan qaldı-rılmış və dolaşdırılmış bu mövzunu belə tezliklə həll etmək fikrində deyiləm. Burada bircə onu xatırlatmaq istəyirəm ki, Bakuvi nəinki heç zaman özünü sufi sayma-mış, həm də sufizmi öz ideologiyasına düşmən görüşlər cərgəsinə aid etmişdir. O, qələndər idi. Qələndərlər isə heç də bütün məsələlərdə sufilərlə uzlaşmırdılar." Baba Kuhi Bakuvinin ərəb dilində bizə gəlib çatmış fəlsəfi əsərləri arasında "Əxbar əl-arifin", "Əxbar əl-qafilin", "Bədayət hal əl-həllac" və başqalarının adını çəkmək olar. Bunlardan başqa onun farsca şe'rlər divanı da olmuşdur. Akademik Krımski bu "Divan" haqda yazır: "Bu, sufi divanları arasında ən qədimlərindən biridir. Burada çox zaman sufinin allaha oxuduğu yanıqlı məhəbbət nəğmələrini canlı, nazənin bir gözələ vurulmuş gənc bir oğlanın ehtiraslı mahnılarından ayırmaq çətinlik törədir:
     "Mənim könlüm sıxılır, ancaq cananımın eyninə deyil,
     Hicrindən xəstə olmuşam, ancaq o mənə dərman vermək istəmir
     Gözlərimdən qan yaş axır, buludlardan yağan yağışdan da güclü
     Ancaq onun dodaqları qaçır, qəlbimin yarasını sarımaq fikrində deyil."

     Bu divanın ən qədim əlyazmalarından birinin tarixçəsi olduqca maraqlıdır. İran alimi Həbibullah İmad öz evində tə'mir işləri apararkən divardan bir sandıq tapır. Sandığın içindən çıxan bir neçə əlyazmanın arasında Bakuvinin "Divan"ının qədim nüsxəsi də vardı.

     Görkəmli şair və alimin tərcümeyi-halı hələ də dəqiqləşdirilməyib. Burada qaranlıq mətləblər çoxdur. hələ də bir çox tədqiqatçılar, o cümlədən də tanınmış Azərbaycan alimi Zakir Məmmədov belə hesab edirlər ki, risalələrin müəllifi Baba Kuhi olsa da, "Divan" Məhəmməd Bakuviyə məxsusdur. Bu barədə mübahisələr bitmədiyindən Baba Kuhi Bakuvi haqda bioqrafik mə'lumatlarda əsas e'tibarilə Solmaz Rzaquluzadənin əsərinə istinad edəcəyik. "Baba Kuhi Bakuvinin dünyagörüşü" adlı həmin kitabda ilk dəfə olaraq, mütəfəkkirin yaradıcılığı nisbətən geniş araşdırılmış və adları çəkilən əsərlərin bütünlüklə Baba Kuhiyə aid olduğu üzə çıxarılmışdır. S. Rzaquluzadə əvvəlcə Y. E. Bertelsin bir fikrini misal gətirir: "Mənim dərin inamıma görə, Kuhinin "Divan"ı həqiqətdə həm də ibn Bakuyə adlandırılan alim şeyxə məxsusdur". Daha sonra Azərbaycan alimi yazır: "Biz də bu fikri bütövlükdə bölüşür və Baba Kuhi ilə ibn Bakuyənin eyniliyi fikrinə əsaslanıb, mütəfəkkirin tərcümeyi-halının təsvirinə keçirik."

     Baba Kuhi 933/4-cü ildə Bakıda doğulub. Belə hesab olunur ki, o, məşhur mütəfəkkir, ilahiyyatçı və şirvanşah Mənuçöhrün vəziri Pir hüseyn Şirvaninin doğmaca qardaşıdır. Pir Hüseynin Pirsaat çayı üzərindəki Navahı kəndindəki məqbərəsi indiyə qədər ziyarətgah kimi qorunub saxlanmışdır. Baba Kuhi yüz ildən artıq yaşamış və 1074-cü ildə vəfat etmişdir. Baba Kuhinin bütöv adının yazılışında da müəlliflərin fikirləri fərqlənir. Ancaq ümumun qənaətinə görə, onun bütöv adı belə göstərilir: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. Bə'zən bu ada Şirazi, yaxud Nişapuri nisbəsi də artırılır. Bu, onunla bağlıdır ki, Kuhi uzun müddət Şirazda və Nişapurda yaşamışdır.

     Baba Kuhi öz ilkin təhsilini ruhani olmuş atasından almışdır. Hələ gənc yaşlarından onda müstəqil həyat tərzinə və səyahətlərə meyl güclü idi. Qardaşı ilə mübahisədən sonra o, əvvəlcə Pirsaat düzündə, sonra isə müqəddəs Babadağ (bir çox tədqiqatçılar belə hesab edirlər ki, bu dağın adı Baba Kuhinin şərəfinə verilmişdir) yaxınlığında məskunlaşır. Sonralar o, Azərbaycanın müxtəlif yerlərinə, İrana və başqa ölkələrə səfərlər edir, alimlərlə görüşür, müqəddəs yerlərə ziyarətə gedir. Bə'zi mə'lumatlara görə, o, 988/90-cı illərdə bir müddət Şirvanda da qalır. Ruhani-alim kimi nüfuzu artan Baba Kuhi mühəddis-hədislər tərtibçisi olmaq arzunda idi. Lakin yeni hədislər toplamaq üçün çox gəzmək, başqa ölkələrdə yaşayan mühəddislərlə görüşüb-danışmaq lazım gəlirdi. Bakuvi həddən artıq hədis toplayır. Abdullah Ənsari onun öz sözlərinə əsaslanaraq, yazır ki, Bakuvi otuz min hekayət və üç min hədis yığmışdı.

     Bakuvi Şirazda Əbu Abdullah ibn Xəfifin yanında təhsilini artırmaqa da bir neçə il sərf edir. Görünür, məhz onun tə'siri altında Bakuvi sufi olur. Tədqiqatçılar göstərirlər ki, 981 -82ci illərdə Xəfif dünyasını dəyişdikdən sonra Bakuvi yenidən səyahətlərə çıxır. 0, məşhur elm mərkəzlərinə, o cümlədən, Bagdada səfər edir. Sonra X-XI əsrlərdə sufi tə'liminin başlıca yayılma nöqtəsi sayılan Nişapura gəlib çıxır. S. Rzaquluzadə onun ömrünün bu mərhələsi haqda yazır: "Burada bir tərəfdən şeyx Bəyazid əl-Bistaminin ekstaza çağıran, "allahla qovuşmaqdan həzz alan", "ilahi eşq ilə məst olan (ərəbcə: sükr)" tələbələri, o biri tərəfdən şeyx Cüneyd əl-Bağdadinin "ekstaz" və "sərməstlik"də sufilər üçün təhlükə görən (sufi bu zaman öz-özünü sün"i şəkildə qızışdıraraq, fantaziyasını allahla həqiqətən qovuşmaq kimi qələmə verir) ardıcılları vardı. Cüneydin tələbələri sufi üçün yeganə düzgün yolu "ayıqlıq"da (ərəbcə: səhv), "sakit, ayıq ibadətdə'də görürdülər... Mənbələrdə Bakuvinin Xorasan alimi Əbu Əbd ər-Rəhman Sullami və Əbül -Qasim Qüşeyri ilə dostluğu, Əbu Abbas Nəhavəndi ilə elmi mübahisələri (həmin mübahisələrdə Nəhavəndi Bakuvinin üstünlüyünü e'tiraf etmişdi), həmçinin o dövrdə böyük populyarlıq qazanmış sufi şeyxi Əbu Səid ibn Əbül-Xeyrlə birbaşa təmaslarda olması barədə də mə'lumatlar verilir."

     Y. E. Bsrtels Bakuvinin həyatının Nişapur dövrü haqqında yazır: "Ehtimal etmək olar ki, Nişapurda Kuhinin ilahiyyata dair baxışları müəyyən dəyişikliyə uğramalı idi. Xorasan və İraq məktəblərinin sufi nəzəriyyələri bir-birindən kəskin surətdə fərqlənirdi. Bu elə bir vaxt idi ki, Xorasan sufiləri İraq məktəbinin tə'sirindən çıxaraq, çoxsaylı nəzəri əsərlərində (Qüşeyri, Sərrac, Cüllabi, Sullami və başqaları) öz tə'limlərini ifadə edirdilər. Əbu Yəzidin (vəf. 873/74) qətiyyətli ekstremizmi özünə alovlu ardıcıllar tapmaqda idi. Bunların arasında Əbülhəsən Xərəqani (1033/34) öz filantropik sevgi konsepsiyasını Bistam zahidinin qəzəbli mistikası ilə barışdırır. Beləliklə, Kuhi elə bir mühitə düşmüşdü ki, öz-özü ilə ciddi daxili mübarizə aparmalıydı."

     Sullami öldükdən sonra onun sufi təriqətinin (xanəgahının) başçılığı Bakuviyə keçir ki, bu da onun yüksək nüfuzundan xəbər verir. Lakin hələ də müəmmalı qalan səbəblər üzündən bircə il sonra o, Nişapurdan Şiraza köçür.

     Şiraz yaxınlığındakı dağlarda, Cəfərabad kəndində karst mağaraları vardı. Bakuvi həmin mağaraların birində məskən salır və ömrünün son illərini burada ibadətlə məşğul olaraq, daha heç yerə çıxmır. Baba Kuhinin əsas əsərləri də burada yaranır. Tərki-dünya alimin şöhrəti bütün şərqə yayılır. Həryerdən bu müqəddəs insanın yanına ziyarətə və məsləhətə gəlirlər.

     Tanınmış coqrafiyaşünas N. K. Kərəmovun yazdığına görə, şair-alimin dəfn olunduğu yer onun şərəfinə Baba Kuhi adlandırılır. Şərqin Nizami Gəncəvi ("İskəndərnamə"də), Sə'di, Hafiz, Əbdürrəhman Cami, Nəsimi, Seyid Əzim Şirvani kimi dahi sənətkarları ona şe'rlər həsr etmiş, öz əsərlərində Baba Kuhini xatırlamışlar.

     İndinin özündə də şirvanlılar arasında öz böyük həmyerliləri barədə əfsanə və nəğmələr yaşamaqdadır. Ötən əsrdə Azərbaycanın böyük səyyah və coqrafiyaşünası Zeynalabdin Şirvani Baba Kuhinin məzarını ziyarət etmişdir. 0, məqbərənin və onun ətrafındakı ərazinin abadlaşdırılmasını öz boynuna çəkmiş, tə'mir və bərpa işləri aparmışdır.