Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA B
BƏHMƏNYAR ƏL-AZƏRBAYCANİ

     Əbü-l-Həsən Bəhmənyar ibn əl-Mərzban əl-Azərbaycani xalqımızın ən görkəmli filosoflarından biri olub, Yaxın və Orta Şərqdə peripatetik fəlsəfi cərəyanın ən tanınmış nümayəndələrindən idi. Bəhmənyarın anadan olma tarixi mə'lum deyil. Ölüm tarixi isə XII əsr müəllifi Əli ibn Zeyd al-Beyhəqinin "Tətimmət səvan əlhikmə" adlı əsərində göstərilir: "Əbu Əli-nin (İbn Sinanın) şagirdi, e'tiqadına görə atəşpərəst olan filosof Müdrik Bəhmənyar ərəb dilində kamil bir tərzdə danışa bilmirdi. Əslən Azərbaycan ölkəsindən idi. Bəhmənyarın yaratdığı əsərlər arasında "İdrak", "Musiqi haqtında" kitab və çoxsaylı risalələr vardır. Bəhmənyar Əbu Əlinin ölümündən otuz il sonra 458-ci (1065/66) ildə rəhmətə getdi." Bəhmənyarın anadan olma tarixini dəqiqləşdirməkdən ötrü professor Zakir Məmmədov bir sıra fakt və əfsanələrə istinad edir. Deyirlər ki, İbn Sina dəmirçixanada olarkən bir nəfər içəri girib, dəmirçidən od istəyir. Dəmirçi deyir: "Xəkəndaz gətir, köz töküm,apar". Gələn adam ovcuna torpaq yığıb qayıdır ki, "Közünü bu xəkəndaza tök". İbn Sina bu mükaliməni eşidincə, düşünmədən dəmirçi ilə danışan oğlana ona şagird olmağı təklif edir. Alim onun hazırcavablığından bu dərəcədə xoşlanmışdı. Həmin oğlan Bəhmənyar idi. Bəhmənyar İbn Sinaya hələ uşaq yaşlarından şagird olması barədə özü belə danışır: "Bir dəfə İbn Sinanın o biri şagirdləri ilə birlikdə mən şənbə günü fəxrlə dərsə gəl-mişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib." Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?" İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır və bu oğlana yaxşı savad verib, onu istədiyi kimi tərbiyələndirə bilərsə, ondan görkəmli alim çıxar. Bütün bu deyilənlərdən mə'lum olur ki, Bəhmənyar İbn-Sinadan 10-15 yaş balaca olub və deməli, onun anadan olma tarixi X əsrin sonlarına düşməlidir. Orta əsr müəlliflərinin bir çoxunun yazdığına görə, İbn Sinanın "Əl-mübahisat" (Birkə müzakirələr) və "Ət-tə'liqat" (İzahlar) kimi əsərləri onun fizika, metafizika, psixologiya və məntiq elmlərinin bir sıra məsələlərinə dair Bəhmənyarla apardığı mübahisələrinin gedişində yaranıb. Elm tarixi üçün ən qiymətli fakt budur ki, "İzahlar" əsəri Bəhmənyarın öz dəst-xətti ilə yazdığı əlyazmada saxlanmışdır. Sankt-Peterburqda və Daşkənddə Bəhmənyarın sualları və İbn Sinanın cavabları yazılmış iki məktub da qalır.

     Bu əsərlərin bütün şərq dünyasında geniş yayılması Bəhmənyarın o dövrdəki kütləviliyini göstərir. Bunların üzü köçürülərək, müxtəlif universitet və saray kitabxanalarında yayılırdı. Həmin əsərlər arasında ən məşhurları "Ət-təhsil" ("İdrak"), "Əz -zinə' ("Bəzək"), "Əl-behcə və-s-səadə" ("Sevinc və səadət"), "Fil-musiqa" ("Musiqi haqda") və başqalarıdır. Üzü köçürülüb, yayılmış həmin kitablar bu günə qədər demək olar ki, dünyanın bütün iri kitabxanalarında saxlanmaqdadır. Ötən əsrdən e'tibarən bu əsərlərin Avropa dillərinə tərcümə olunması başlanmışdır. Bəhmənyarın bə'zi kitabları fars dilinə az qala onun özünün sağlığında çevrilmişdi. "Ət-Təhsil" əsəri tanınmış şərqşünas A. V. Saqadeyev tərəfindən ruscaya tərcümə olunaraq, 1983-cü ildə Bakıda üç cilddə nəşr olunmuşdur.

     Bəhmənyar öz fəlsəfi məktəbini yaratmış alimlərdəndir. Onun elmi və ma-arifçilik fəaliyyəti Azərbaycanda, həmçinin bütün Şərqdə elmi-fəlsəfi fikrin inkişafı və yayılması işində əhəmiyyətli rol oynamışdır. Onun tələbələri arasında ən parlaq sima böyük Xorasan filosofu və şairi Əbülabbas əl-Ləvkəri idi. Bəhmənyarın tədqiqatçıları Əl-Ləvkərinin və onun tanınmış tələbəsi Əbülfət ibn-Xəyyamın yaradıcılığı vasitəsilə Bəhmənyarın Nəsirəddin Tusi məktəbi ilə qırılmaz əlaqələrini izləyirlər.

     Müsəlman mədəniyyəti tarixində maarifçi və tədqiqatçı kimi tanınmış Şihab əd-Din əl-Mərcani fəlsəfə tarixindən bəhs edərkən Bəhmənyarın adını Şərqin ən görkəmli dörd korifeyi sırasında çəkir: "Onların arasında ən məşhurları və ən böyükləri Əbu Nəsr əl-Farabi, Əbu Əli İbn Sina, qazi Əbül Valid Məhəmməd ibn Əhməd İbn Rüşd və Bəhmənyar ibn əl-Mərzbandır."