Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA Ə
ƏBÜL-ƏLA GƏNCƏVİ

     Səlcuq türkləri Azərbaycana gələndən sonra XI-XII əsrlərdə,ölkənin ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəni təsadüfən "Mənim Babilim" deyə öyünmürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qətran Təbrizi də Gəncəyə köçür. 0, burada tez bir zamanda Şəddadilərin sarayına də'vət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır.

     Qətran Təbrizi poetik ən'ənələrinin davamçısı, Əbül-Əla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman ərmənşahlar dövlətinin paytaxtı Xilat şəhərinə gəlir. Akademik Krımskinin mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şe'r qoşurdu." Əbül-Əla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri iste'dadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı şirvanşah I Mənuçöhrün (1120-1149) yanında xidmətə götürülür.

     Şairin əsərlərinin təhlili göstərir ki, Əbül-Əla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbül-Əlanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbül-Əlanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani və Fələki kimi şairlər vardı.

     Əbül-Əla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin iste'dadını gəşf edir və onu Şirvanşahlar sarayına qulluqa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin iste'dadı özünü türk adətincə, xaqan adlandıran I Mənuçöhr tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Əbül-Əla özü bu haqda bslə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim."

     Bu vaxta qədər Əbül-Əla başqa bir şamaxılıya - şair və astronom Cəlal əd-Din Fələkiyə (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbül-Əla öz qızını da ona verməyi və'd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbül-Əla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş Fələkiyə təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türküstan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbül-Əlanın qızı ilə nigahı faktını təkzib etmişdir.

     "Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbül-Əlanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi. hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şe'r atışmaları baş verir. Bütün bunlar haqda Əbül-Əla ömrünün son dövrlərində belə yazır:
     Mənə həsəd aparır hər tərəfdə min düşmən
     Çuğullayır məni hər yanda min rəzil, ədna.
     Mənim tək arif olanlar həsəddən olmaz iraq,
     Mənim tək alim olanlar çəkir həmişə cəfa.

     Baxmayaraq ki, Əbül-Əlanın şe'rlər "Divan"ı indiyə qədər tapılmayıb və biz onun yaradıcılığı haqda yalnız orta əsr müntəxabatlarından mə'lumat ala bilirik, onun adı Azərbaycan ədəbiyyatı tarixində böyük şair və pedoqoq, məşhur farsdilli Şirvan poetik məktəbinin banisi kimi əbədi qalacaqdır.