Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA Ə
ƏHMƏD QAZİ BÜRHANƏDDİN

     Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəri şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər.

     Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Artan bəyliyinin banisi Ələddin Artaninin sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır. Əhmədin anası isə səlcuq sarayında yaşamış məşhur dövlət xadimlərin birinin nəvəsi idi. Qazi Bürhanəddin anasını erkən yaşlarından itirdiyindən onun tərbiyəsi ilə atası məşğul olub. 1356-cı ildə o, atası ilə Dəməşqə gedir, lakin bir müddətdən sonra yenidən onlar Qeysəriyə qayıdırlar və Əhmədin atası sarayda qazı kimi işləməyə başlayır.

     Bütün kübar ailələrindən çıxan uşaqlar kimi Qazi Bürhanəddin də vətənində öz dövrünə görə yaxşı ilkin təhsil alır, 1358-ci ildə isə təhsilini davam etdirmək üçün Misirə yola düşür. Burada ilahiyyatı, tibbi, nücumu, fəlsəfəni və digər elmləri öyrənir. Daha sonra özünün ilahiyyat, təbiət və riyaziyyat sahələrində biliklərini artırmaq məqsədilə Dəməşqə, bütün Şərqdə məşhur olan alim Qütb əd-Din Razinin yanına gedir. Şair on doqquz yaşında ikən Məkkəyə gedir, atası öləndən sonra isə Hələbə köçür. 1365-ci ildə Qeysəriyə dönərək, Artan hökmdarı Məhəmmədin qızı ilə evlənir. Bu hadisədən bir müddət sonra onu atasının yerinə qazi tə'yin edirlər. Bu vəzifədə on ildən də artıq işləyən Qazi Bürhanəddin öz yüksək savadı, mədəniyyəti və ədalətliliyi ilə bütün xalqın hörmətini qazanır.

     Artan hökmdarı Məhəmməd öldükdən sonra onun taxtına oğlu Əli oturur. Əli azyaşlı olduğu üçün dövlətin bütün işlərini Qazi Bürhanəddin görür və 1378-ci ildə vəzir tə'yin olunur. İki ildən sonra Əli də ölür və Bürhanəddin onun körpə uşağının atabəyi olur. Beləliklə, dövlətə bütün rəhbərlik onun əlinə keçir. 1381-ci ildə Qazi Bürhanəddin öz adını daşıyan yeni bir dövlət yaradır və Sultan e'lan edilir. Bundan sonra onun bütün həyatı daxili və xarici düşmənələrə qarşı fasiləsiz yürüş və döyüşlərdə keçir. Öz aralarında daimi çəkişmələr aparan qaramanlı, osmanlı, türkmən tayfaları arasındakı düşmənçiliyi yox etmək və ölkədə qanun-qaydanı möhkəmləndirmək üçün o, əlindən gələni edir. Bürhanəddin xarici siyasət sahəsində qeyri-adi uzaqgörənlik və müdriklik göstərir. Osmanlı sultanı I Bayəzid, Qızıl Orda xanı Toxtamış, əmir Teymur kimi təhlükəli rəqiblərin və onlarla xırda əmirlərin əhatəsində qalan Bürhanəddin düz 17 il öz ölkəsində sülhü və əmin-amanlığı qoruya bilir. Siyasi vəziyyət tələb edəndə o, I Bayəzidlə, yaxud Teymurla açıq mübarizəyə girir, zərurət yarandıqda keçmiş rəqibləri Toxtamış xan, yaxud da məmlük sultanı Barqutla ittifaq bağlayır.

     Bürhanəddin ölkəni Teymurun işğalından xilas edir və qonşu əmirlərlə uğurlu müharibələr aparır. Onun sə'yləri boşa getmir. Ölkə möhkəmlənir və çiçəklənir. Bürhanəddin ticarət, maarif və elmin inkişafına yardım edir, mədrəsələr, karvansaralar açdırır, körpülər saldırır.

     Qazi Bürhanədrn 1398-ci ildə Ağqoyunlu hökmdarlarından Qara Yoluq Osman bəylə döyüşdə həlak olur və Sivas şəhərində basdırılır. Bundan sonra ölkədə hakimiyyət onun yeganə oğlu Elməddin Əli Çələbiyə keçir. Ancaq gənc hökmdar hakimiyyəti əldə saxlaya bilmir və Qazi Bürhanəddinin belə çətinliklə yaratdığı dövlət I Bayəzid tərəfindən dağıdılır. Ölkənin torpaqları Osmanlı dövlətinin tərkibinə keçir.

     Dövlət idarəçiliyi Bürhanəddinə elm və sənətlə məşğul olması üçün maneçilik törətmir. Yüksək savada malik şair-hökmdarın fəlsəfi konsepsiyası onun "Tərci üt-tövzih" ("İzahların təkrarı") və "İksir-üs səadət fi əsrar-ül ibadət" ("Səadət iksiri ibadət əsrarında") adı ilə ərəbcə yazdığı risalələrdə əks olunmuşdur. Bürhanəddinin görüşlərinə sufi və hürufi fəlsəfəsinin böyük tə'siri olduğu aydın görsənir. O öz şe'rlərini üç dildə—Azərbaycan, fars və ərəb dillərində yazıb. Azərbaycanca "Divan"ı bircə nüsxədə saxlanmışdır. Bu nüsxə hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılıb və hal-hazırda Britaniya mu-zeyindədir. Onu Londona ingilis səfirliyinin işçisi Tomas 1890-cı ildə İstambuldan gətirmişdir. "Divan" Azərbaycan alimi, professor Əlyar Səfərli tərəfindən 1988-ci ildə Bakıda nəşrə hazırlanmış və kitab şəklində işıq üzü görmüşdür. Ə. Səfərli şairin qısa tərcümeyi-halını da kitaba daxil etmişdir. Bu "Divan" 1319 qəzəl, 20 rübai və 108 tuyuqdan ibarətdir.

     Akademik A. Krımski yazır: "Bürhanəddinin "Divan"ı qeyri-bərabər həcmli iki hissədən ibarətdir. İlk və böyük bölüm qəzəllərdir. İkinci və nisbətən kiçik hissədə hər şeydən əvvəl iyirmiyə qədər rübaisini qeyd etməliyik. Bunlar türkcə yazılmış ilk "rübaiyyat"dır. həmin hissədə bunlardan başqa mistik-erotik məzmunlu qısa tuyuqlar da əsas yer tutur."

     "Tuyuq"ların təhlili sufizm və hürufizmin Bürhanəddin yaradıcılığına tə'sirindən xəbər verir. Şairin sevgi lirikası isə öz növbəsində bir çox türkdilli şairlərə örnək olmuşdur. Bunlar folklora yaxınlığı və fars-ərəb mənşəli sözlərin nisbətən az işlədilməsi, həmçinin gözəl bənzətmə və istiarələrlə seçilir.
     Əcaba, dərdümün dəvası qanı?
     Əcaba, rəncümün şəfası qanı!
     Ayağı tozuna yüz ururam
     Ki, göz ağrısı tutiyası qanı!
     Zülfi hil binübən irişdi cana
     Ənbərin xattinün yayası qanı!
     Kimiya ilə qıldı zər yüzümi
     Yarı bulmağa simiyası qanı!
     Sidqümi bildi hüsni eşqində,
     Bəs bizə vəslinün səfası qanı?
     Bürhanəddinin bir sıra şe'rlərində mərdlik və hünər tərənnüm olunur:
     Həmişə aşiq könlü biryan bolur,
     Hər nəfəs qərib gözü biryan bolur,
     Sufilərin diləgi mehrab, nəmaz,
     Ər kişinun arzusı meydan bolur.
     Ər yigit qayda ürkər ürkülərdən
     Yaxşı at bəlinləməz ilkülərdən.
     Düşmənlər bizdə bolsa ditrəşsünlər
     Qağan aslan qaynınmaz dilkülərən.

     Bürhanədiin ana dilində yazmış böyük Azərbaycan şairidir. Onun poeziyası Kişvəri, Həbibi, Xətai, Vaqif və bu kimi bir çox şairlərin yaradıcılıqına ciddi tə'sir göstərmişdir. Elə buna görə də onun lirikası bir çox türkdilli ölkələrdə populyardır. Elə buna görə Bürhanəddinin adı orta əsr təzkirəçi və tarixçiləri tərəfindən tez-tez xatırlanmışdır