Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA F
FÜZULİ
 Əbədi şadlığın şərabı üçün
Sözdən özgə cahanda yox saqi!
Sözün ölməzliyinə söz yoxdur,
Biz gedərsək də, söz qalar baqi!

     Füzuli tək Azərbaycan yox, bütövlükdə şərq İslam və türk təfəkkür müştərəkliyinin uca və bariz nümunəsidir. O özünün poetik və fəlsəfi əsərlərini üç dildə - türk, fars və ərəb dillərində yazmışdır. Dil sərhəddini qələm qüdrətilə aşan dahi sənətkar Yaxın və Orta Şərqdə tərcüməsiz və tərcümansız sevilə - sevilə oxunmaqdadır.

     Azərbaycan xalqının mə'nəvi həyatında onun qəzəlləri və "Leyli-Məcnun" poeması xüsusi yer tutur. Şairin qəzəllərinin fəlsəfəsi öz mündəricəsinə görə dərin və incə, poetik ritminə görə lirikdir. Məhz bu səbəbdən neçə əsrdir ki, bu qəzəllər klassik Azərbaycan muğamlarının söz xəzinəsi kimi xanəndələrin repertuarının əsasını təşkil edir. hər bir azərbaycanlı onun "Məndə Məcnundan füzun aşiqlik iste'dadı var", "Canı kim cananı üçün sevsə, cananın sevər" "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd" misralı qəzəllərini, eləcə də digər lirik şe'rlərini hələ məktəbə getməmişdən öyrənir.

     Məhəmməd ibn Süleyman Füzuli Azərbaycanda məşhur olan türkmənşəli Bayat tayfasındandır. 1493-cü ildə doğulduqu ehtimal olunur. Şairin ölüm tarixi daha dəqiqdir, belə ki, onun 1555/56-cı ildə Bağdadda yayılmış taun epidemiyasından vəfat etdiyi mə'lumdur. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu mə'lumdur. Bu şəhər şiə imamı Əlinin oğlu imam Hüseynin müqəddəs məzarı ilə şöhrət tapmışdır.

     XI əsrdə İraqın səlcuqilər, daha sonralar isə monqol və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu proses sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı imperiyasının tərkibinə daxil olur.

     Bə'zi mə'lumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş (Ağdaş yaxınlığında) mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. 0, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleyman kişinin ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

     Şair ibtidai təhsilini Kərbəlada almış, sonra isə ehtimal ki, Bağdaddakı məşhur mədrəsələrdən birində oxumuşdur. Şair öz "Divan"ının dibaçəsində məktəb həyatını belə xatırlayır: "Və mətalei-əxtəri-hüsuli-iqbalim bir məktəbi-mühəzzət idi ki, fəzayi-şərifi sərvqəd sənəmlər birlə canə cinan müjdəsin yetirirdi... Əmma hənuz ol növrəslərə nəzakəti-təbdən tabi-intisabi -də-qayiqi-ülum və taqəti-məşəqqəti-tə'limi-həqayiqi-hüdudu rüsum olmamağın məhfili-behişt-asalərində həmişə əş'ari-aşiqanədən qeyri-nəsnə oxunmazdı. Və mütaliə etdikləri övraqda cikərsuz qəzəllərdən qeyri bir xətt bulunmazdı... Üfüqi-tə'bimdə hilali-mövzuniyyət tülu" edib ol xurşidvəşlərdən iqti-basi-nuri-şövq etməkim kün-kündən bir qayətdə mütəzayid oldu ki, az müddətdə əş'üəyi-ənvari-nəzmilə çox şəhərlər və vilayətlər doldu. Zaman-zaman sövdayi-şe'r sair əf'alimə qalib düşüb və güruh-güruh leylivəşlər Məcnun kimi istimai-şe'r üçün başıma üyüşüb şairligim müğərrər oldu. Və avazeyi-nəzmim ilə aləmlər doldu və şöhrəti-tam buldu."

     Füzuli bu fani dünyaya söz üçün gəldiyini çox erkən duymuşdu. Vergili eşq şairi ilahi eşqi, yaradana-yaranana sevgini, poetik obrazlarla, zərgər incəliyi ilə işləyərək qeyri-adi sənət səviyyəsinə ucaltmışdır.
     Gər deyil bir mah mehrilə mənimtək zar sübh
     Başin açıb nişə hər gün yaxasın yırtar sübh?
     Gün deyil hər gün bir ay mehrilə köksün çak edib
     Tazə-tazə dağlərdir kim qılar izhar sübh.
     Tiği-xürişd ilə rəf" olsa yeridir kim müdam
     Yandırıb pərvaneyi, şəm’ə verir azar subh.
     Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa
     Sərf edər hər ləhzə min-min lö’löi-şəhvar sübh.
     Eşqdə sadiqlik izhar etdi dağın göstərib
     Ğaliba derlərdi kazib, qıldı ondan ar sübh.
     Hicr şamında qəm etmişdi Fuzuli qəsdi-can
     Olmasaydı mərhəmatdə dəm vurub qəmxar sübh.

     "Elmsiz şe'r əsassız divar olur, o divar qayətdə bie'tibar olur", —yazan şair insan sevgisinin fəlsəfi gizlinliklərinə enərək uzun ömürlü eşq abidələri yaratmış və bu yöndə yorulmadan, usanmadan yaradıcılıq əzablarına qatlaşmışdır. Bağdad dövrünün mədəniyyət və elm mərkəzlərindən idi. Çoxlu məktəb və mədrəsə, şəxsi və ictimai kitabxanalarla zəngin idi. Şərqin hər tərəfindən alimlər mədrəsələrdə işləmək və elmi müzakirə və mübahisələrdə iştirak etmək üçün buraya gəlirdilər. Elm müsafirləri arasında ərəblərdən başqa fars, türk, hindli və çinli alimlər və şairlər də var idi. Özünün türk "Divan"ının başlanğıcında şair bu barədə belə deyir:" Bu halə müqarin, məşşateyi-himmət rəva görmədi ki, müxəddəreyi-hüsni -nəzmim piraeyi-məarifdən xali, mənəssəyi-dəhrdə cilvə qıla. Və əsrafi-iste'dadi-ülüvva-rif'ət riza vermədi ki, rişteyi-silki şe'rim cəvahiri-elmdən ari gərdənbədi-aləm ola. Zira ki, elmsiz şe'r əsası yox divar olur və əsassız divar qayətdə bie'tibar olur. Payeyi-şe'rimi hilyeyi-elmdən müərra olmağı mucibi-ihanət bilib elmsiz şe'rdən qalibi-biruh kimi tənəffür qılıb bir müddət nəqdi-həyatim, sərfi-iktisati-fünuni-elmi-əqli və nəqli və hasili ömrüm bəzli-iqtibasi-fəva idi. İlkəmi və həndəsi qılmağın mürur ilə ləaliyi-əsnafi-hünərdən şahidi-nəzmimə pariyələr mürəttəb qıldım. Və tədric ilə tətəbbün -təfasir və əhadis edib, fəziləti-şe'rə məzəmmət isnadi-töhmət olduğunun həqiqətin bildim."

     Özünüdərk yolunun bütün mə'nəvi məşəqqətlərinə həzzlə sinə gərən, bu yolu şövqlə addımlayan şair dahi Cəlaləddin Rumi kimi "Mövlana" çağrılır. Özünü-dərk dərinliyinə və zirvəsinə ilahiyyat, fəlsəfə, poetika, riyaziyyat, tibb, tarix, astronomiya və astrologiya, habelə musiqi nəzəriyyəsini mənimsəyərək çatmışdır. Ensiklopedik bilikli, islami və dünyəvi dünyagörüşlü Füzuli özü də cəmiyyətdəki bu mövqeyindən fəxarət duymuş, qürur hissi keçirmişdir.

     Onun əsərlərində Əbu Nəvas, Həssan, Xaqani, Nizami, Əlişir Nəvai, Cəlali, Salman Savəci, Kamal Xocəndi, Cəlali, Əhmədi, Şeyxi və digər bu kimi şair və mütəfəkkirlərin adları çəkilir.

     "Füzuli, məndən istəmə əş"arü-mədhü-zəmm" -deyən şair həmişə saraylardan gen gəzmiş, özü də "şahlara minnətdarlığın ağır yükünü çəkə bilmədiyini" söyləmişdir. Tədqiqatçıların fikrincə, o, gəncliyində məktəbdarlıq və müəllimliklə məşğul olmuş, bir müddət də imam Əlinin Nəcəfdəki ziyarətgahında xidmət etmişdir. Bu işdən də cüz"i haqqa qane olmuşdur. Lakin orası da mə'lumdur ki, dövlət dəftərxanalarında hökm sürən rüşvətxorluq və talançılıq ucbatından ona ayrılan doqquz axçanı da vaxtında ala bilmir. Məşhur "Şikayətnamə"nin yaranmasında bu məsələnin rolunun az olmadığı əsərdən açıq-aşkar görünür və mənbələrdə də qeyd edilir.

     Füzuli İraqın hüdudlarından çıxmamışdır. Elə bunun özü də şairin maddi məhrumiyyət içində yaşadığına sübut ola bilər. Hərçənd ki, şair özü bu təxmini inkar etmişdir: "Mən İraqi-ərəbdə dünyaya gəlmişəm və əslən də burdanam və əgər bir vaxt mə'lum olsa ki, mən başqa ölkələrə səyahətə çıxmamışam, qoy bunu dolanışığımın ağırlığı ilə əlaqələndirməsinlər."

     Füzuli özünün yaradıcılıq tərcümeyi-halını təxminən iki yerə bölür: səfəvilər və osmanlılar dövrlərinə. Bağdadın Osmanlı Türkiyəsinin əlinə keçdiyi 1534-cü ilədək şair Azərbaycan, fars və ərəb dillərində lirik qəzəllərini, qəsidələrini, imamların şəhidlik yollarına həsr etdiyi şe'rləri, şah İsmayıla bağışladığı "Bənkü badə" poemasını, "Söhbətül-əsmar" alleqoriyasını qələmə almışdır. Elə həmin dövrdə o, nəsrlə yazdığı ilk dini povest sayıla biləcək "Hədiqətüs-süəda" əsərini başlayır və sonradan həmin əsəri türk sultanı Süleymana (1520-1556) həsr edir. 1537-ci ildə isə şair özünün şah əsəri olan "Leyli və Məcnun" poemasını bitirdikdən sonra yenə də üç dildə qəzəl və qəsidə yaradıcılığını davam etdirir. Ahıl yaşlarında isə şair daha çox fəlsəfi mövzulara üstünlük verir. "həft cam" (Yeddi cam), "Ənisül-qəlb" (Qəlbin munisi), "Səhhət və mərəz", "Rindü-Zahid"(Rind və Zahid), "Mətləül-e'tiqad" belə əsərlərdəndir. Sonuncu risalə ərəb dilində yazılmışdır.

     Eyni zamanda o, fars divanını, qəsidələrini və Azərbaycan divanını tərtib etməklə məşğul olur. Füzuli Azərbaycanca -farsca mənzum lüğət də yaradıb. Digər əsərləri ilə birlikdə o, fars və Azərbaycan dillərində "müəmmalar"ını da yazır, Əbdürrəhman Caminin "Qırx hədis"ini dilimizə tərcümə edir.

     "Mətləül-e'tiqad" risaləsi Füzulinin yaradıcılığında xüsusi yer tutur. Bu əsəri qədim Yunan və orta əsrlər Şərq fəlsəfəsinə dair zəngin bir ensiklopediya, sorğu kitabı da hesab etmək mümkündür. Diqqətəlayiq cəhət budur ki, dahi şair görkəmli Azərbaycan alim və filosofları arasında ilk dəfə fəlsəfə tarixinə dair əsər yazmışdır. Füzuli bu əsəri yalnız dərslik kimi yox, ümumiyyətlə fəlsəfi görüşlərinin yayılması məqsədilə yazmışdır. Hər iki halda bu əsər şairin yaradıcılığı ilə məşğul olan çağdaş tədqiqatçılar üçün onun dərin fəlsəfi təfəkkürünün köklərini üzə çıxarmaq baxımından əvəzsiz mənbədir. Məhz həmin risalə dahi sənətkarın müsəlman Şərqində geniş yayılmış fəlsəfi-ruhani tə'limlərə, habelə qədim yunan fəlsəfəsinə (Miletli Fales, Heraklit, Pifaqor, Platon, Aristotel və s.) dair biliklərinin həcmini müəyyənləşdirməyə.kömək edir.

     Füzulinin dünyagörüşünün və bədii yaradıcılığının kökündə sufi ideologiyası dayanır. Hələ əsrimizin əvvəllərində Köprülüzadə yazırdı: "Onun hissi təmayülləri və zehni tərbiyəsi fəlsəfi-sufi mahiyyət daşıyaraq, bir-birinə sıx çulğaşdığından mütləq eşqin ifadəsi (bu, bir çox sufi şairləri zorla quru və cansız düsturlara əl atmağa məcbur etmişdi) Füzulinin yozumunda ehkami konsepsiyalardan yaxa qurtarıb, canlı və eyni zamanda ilahi forma alır."

     Füzulini həm də Azərbaycan bədii nəsrinin banisi hesab edirlər. O, özünün iri həcmli elmi "Mətləül-e'tiqad" risaləsini, divanlarına dibaçələri, "Rindü Zahid", "Səhhət və Mərəz", "Şikayətnamə" kimi əsərlərini nəsrlə yazmışdır. Fars yazıçısı Hüseyn Kaşifidən tərcümə etdiyi "Hədiqətüs-süəda" isə Azərbaycan dilinə nəsrlə çevrilmiş ilk bədii əsər sayılır.

     Füzulinin o zaman mə'lum olan bütün poetik janrlarda qələmini sınamasına baxmayaraq, o, Azərbaycan ədəbiyyatında daha çox dahi bir şair kimi məşhurlaşmışdır. Tanınmış ədəbiyyatşünas Rüstəm Əliyevin yazdığı kimi, "Füzuli lirikasının başlıca mövzusu aşiqin hicran zamanı çəkdiyi sevgi əzablarının, onun fikir və arzularının, habelə mə'şuqənin amansızlığının, mərhəmətinin təsvirini verməkdir. Füzulinin poetik obrazları orijinal olmaqla yanaşı həm də müstəsna emosional tə'sir qüvvəsinə malikdir. Şairin belə kamil obrazlarla zəngin şe'rləri oxucunu özünün dərinliyi, parlaqlığı və gözlənilməzliyi ilə heyran edir, əyani təsvirlər kimi yaddaşlara həkk olunur":
     Pərişan xəlqi-aləm ahü-əfğan etdiyimdəndir
     Pərişan olduğum xəlqi pərişan etdiyimdəndir.
     Təni-zarimdə dərdi-eşq gün-gündən füzün olmaq
     Yetən bidərd tədbirilə dərman etdəyimdəndir.
     Gözüm kim, bağrımın qanın tökər pərkalə-pərkalə
     Dəmadəm arizuyi-lə'li-canin etdiyimdəndir.
     Degil bəhudə gər yağsa fələkdən başimə daşlar
     Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
     Qaçan rüsva olurdum qan udub səbr edə bilsəydim
     Məlamət çəkdiyim bihudə əfqan etdiyimdəndir.
     Xəta səndən deyil cismim oxundan binəsib olsa
     Hübabi-əşki-gülgün içrə pünhan etdiyimdəndir.
     Füzüli, ixtilati mərdümi-aləmdən ikrahim
     Pərivəşlər xəyalın munisi-can etdiyimdəndir.

     Füzulinin bir sıra qəzəlləri Şərqin Nizami, Hafiz, Sə'di, Nəsimi, Nəvai, Kişvəri kimi azman klassiklərinin qəzəllərinə "cavab" kimi yazılmışdır. Ümummyyətlə götürdükdə isə dahi Azərbaycan şairi Füzulinin yaradıcılığı XVI əsrin birinci yarısında yaranmış milli humanitar fikrimizin ali zirvəsi olaraq bütün Şərq ədəbiyyatlarının gələcək inkişafına təkan vermişdir.

     Moskva Universitetinin orta əsrlər Şərq ədəbiyyatına dair dərsliyində Füzuli yaradıcılığının nəticələri belə qiymətləndirilib: "Özünün Ön və Orta Şərqdə yaşamış sələflərinin bədii təcrübəsini ümumiləşdirib yaradıcı şəkildə işləməklə Füzuli Azərbaycanda, Türkiyədə və Orta Asiyanın digər ölkələrində poetik mədəniyyətin inkişafını bir çox cəhətdən istiqamətləndirə bilmişdir. Lirik və epik əsərlər müəllifi, öz dövründə mə'lum olan bütün ədəbi janrlarda qələmini sınamış və üç dildə yazıb-yaratmış Füzuli İntibah dövrünün həqiqi dühası sayıla bilər."

     İraq yazıçısı, məşhur ərəb alimi, London, Tehran və Qahirə akademiyalarının akademiki Hüseyn Əli Məhfuz yazır: "Söhbət Şərq ədəbiyyatından gedirsə, məndən ötrü üç müqəddəs adı çəkmək istərdim: İran şairi Sə'di, ərəb şairi Mütənnəbi və Azərbaycan şairi Məhəmməd Füzülinin adlarını... Mənim vətənimdə Füzulini üç cür çağırırlar: Şərqin ən gözəl şairi, ən böyük ustad və şairlər başçısı... Şairin əsərləri beş yüz ildir ki, yaşayır. Zaman bu şe'rlərin gözəlliyinə xələl gətirməyib, onun misralarının üstünü toz basmayıb. Mən Füzulinin dəfn olunduğu Kərbəlada olmuşam. Hər il şairin məqbərəsinin ziyarətinə milyonlarla adam gəlir. Mən ölməz misralar müəllifinin xatirəsi önündə baş əyməkdən ötrü ziyarətə növbə gözləyən, dəstə-dəstə buraya axışan adamları öz gözlərimlə görmüşəm."