|
İslam dini VII-IX əsrlərdə İspaniyadan şimal-qərbi Hindistana qədər olduqca geniş bir ərazidə yayılmışdı. İslamın yayılmasında, dövlət qurumlarının yaradılmasında və müsəlman mədəniyyətinin formalaşmasında başlıca olaraq, ərəb, türk və fars xalqları iştirak edirdilər. İslamın yayıldığı ilk dövrlərdə bütün müsəlman ölkələrində əsas ünsiyyət vasitəsi ərəb dili idi. Buna görə də fars və türklər həm ərəb dilinin, həm də bu dildə yaranan ədəbiyyatın inkişafında yaxından iştirak edirdilər. Azərbaycanda ərəb dilində yazıb-yaradan bütöv bir şairlər dəstəsi meydana çıxır. Onları "məvali" adlan-dırırdılar. İbn Kuteybə əd-Dinəvəri özünün "Əş-şe'p və-ş-şüəra" adlı əsərində Əbü-l -Yazqana istinad edərək yazır ki, Mədinədəki məvalilər arasında Azərbaycandan çıxmayan şair yox idi. Sonra o, İsmayıl ibn Yasarın, onun qardaşı Musa Şəhəvatın və Əbü-l-Abbasın adlarını çəkir. Zaman keçdikcə ərəb dili həyatın bir çox sahələrində öz yerini digər dillərə buraxır, özü isə indiyə qədər qədim mədəniyyətin açarı kimi işlənməkdədir.
Fars və türk dilləri öz yerlərini almaqdan ötrü ağır mübarizə yolu keçməli olmuşlar. Türk dillərinin vəziyyəti daha pis idi. Çünki onun rəqabət apardığı fars və ərəb dilləri çoxəsrlik yazı ən'ənələri qazanmışdı. Bundan da əlavə həmin dillər zərdüştilik və müsəlmanlıq kimi iki böyük dinin dilləri idilər.
Ehtimal olunur ki, türklər islamı qəbul etməzdən əvvəl Ahura Məzdaya sitayiş edərək, farsdilli tayfalarla ünsiyyət saxlamış və müəyən mə'nada fars dillərindən, yaxud da dialektlərindən birində danışa bilmişlər. Buna görə də "farsi" (fars dili) ilə ərəb dili rəqabətə girişərkən türklər birincinin tərəfində durmuşdular. Orta Asiya və Azərbaycanda məşhur farsdilli poetik məktəblər meydana çıxmışdır. Bununla eyni zamanda fars və ərəb dillərindən geri qalmayan türkdilli ədəbiyyat da yaranmağa başlayır. XVII-XIX əsrlərə qədər Bağdaddan Dehliyə qədər geniş bir ərazidə türk dili əyan-əşrəfin danışıq dili və hərbi tə'limatlar dili kimi işləkliyini qoruyub saxlamışdır. Buna baxmayaraq, hələ uzun müddət Azərbaycan alim və şairləri öz əsərlərini türk dili ilə yanaşı olaraq fars və ərəb dillərində də yaratmışlar.
VII əsrin sonu-VIII əsrin əvvəllərində yazıb-yaratmış ərəbdilli Azərbaycan şairləri arasında ən görkəmli yeri Musa Şəhavat tutur. Onun atasının adı Bəşşar idi. Şairin təxəllüsü barədə bir neçə fikir mövcuddur. Ərəb dilində "Şəhavar" sözü "xəsis" anlamına gəlir. Eyni zamanda bu söz həm də "şirniyyat" mə'nasını verir. Bir ehtimala görə, Musa şirniyyat alveri etmişdir. Başqa bir ehtimala görə, o, həddən artıq xəsis olmuş və kimdəsə yeməli şey, gözəl paltar, cins at və s. görən kimi həmin şeyə gözü düşmüşdür. Lakin tarixi mənbələrə əsasən, mə'lumdur ki, Musa tez-tez vətəni Azərbaycana gedib-gələr və oradan satmaq üçün şəkər və şirniyyat məhsulları gətirərmiş. Çox güman ki, o, "Şəhavat" təxəllüsünü də bununla əlaqədar almışdır.
Musanın künyəsi əbu-Məhəmməddir Beləliklə, biz şairin adını bütöv şəkildə Əbu Məhəmməd Musa ibn Bəşşar Şəhavat kimi yazmalıyıq. Çox təəssüf ki, Musa Şəhavatın şe'rlər "Divan"ı hələ də tapılmamışdır. Onun elmə mə'lum olan azsaylı şe'rləri də müxtəlif əsrlərə aid təzkirələrdən götürülmüşdür. Görünür, elə buna görə də bunların çoxusu mədhiyyə səciyyəsi daşıyır. Buna baxmayaraq, hətta şairin tərcümeyi-halına dair mə'lumatlar da həmin şe'rlərdən çıxarılmışdır.
Şəhavatın ən məşhur şe'rlərindən biri əmir Səid ibn Xalid ibn Abdullah ibn Xalid ibn Asidin şərəfinə yazdığı mədhiyyədir.
Musa Şəhavat bir kənizə vurulur. Onunla evlənmək istəyir, Lakin qızın ağası onun müqabilində on min dirhəm istəyir. Şair dostları ilə birlikdə dörd min dirhəm yığıb-düzəldir. Qalan altı min üçün o, yaxın dostu Səid ibn Xalid əl Osmaniyə müraciət edirsə də, rədd cavabı alır. Onda Musa eyni xahişlə dostunun yaxın qohumu Səid ibn Xalid ibn Abdullah ibn Xalid ibn Asidə müraciət edir . Səid ibn Xalid ibn Abdullah Musaya 6 min dirhəm borc verir və iki min dirhəm də toy xərcini bağışlayır. Bundan sonra , Musa Şəhavatın tədqiqatçısı Məlik Mahmudovun da göstərdiyi kimi, o, həmin mədhiyyəni yazaraq, şair və söz ustası kimi məşhurlaşır. Qohumların özlərinin və atalarının adı eyni idi və bundan istifadə edən şair əsəri ustalıqla elə qurmuşdu ki, birinin mədhindən o birinin üzərinə satira düşürdü. Satiradan qəzəblənən Səid ibn Xalid əl-Osmani xəlifə Süleyman ibn Əbd əl-Məlikə şikayət edir. Xəlifənin hüzuruna çağrılan Musa sakit tövrlə öz satirasına belə izah verir: "Onların adları və ata-larının adı eyni olduğundan mən dəyişik düşməməkdən ötrü onları analarının adları ilə fərqləndirməyə çalışmışam. Ona (Səid əl-Osmaniyə) xoş gəlməyən odur ki.mən ona mədhiyyə deməmişəm."
Musanın cavabı xəlifənin xoşuna gəlir və onu azad buraxır.
Musa Şəhavatın şöhrət qazanmış başqa bir şe'ri Həmzə ibn Abdullahın tə'rifinə həsr olunmuşdur. Təntənəli qəbullardan birində Musa Şəhavatın xahişi ilə o zamanın məşhur müğənnilərindən olan Mobed həmin tə'rifi Həmzəyə oxuyur. Aldığı 400 dinar mükafatı da şairlə yarı bölürlər. Sonralar bu şe'r dövrün ən məşhur 100 mahnısının siyahısına düşür. Deyirlər ki, Qüteyb ibn Müslümün Orta Asiyada beş şəhəri tutması xəbəri Mobedə çatanda o demişdir: "Mənim oxuduğum beş mahnı Qüteyb ibn Müslümün tutduğu beş şəhərdən qiymətlidir." Həmin beş mahnının içində Musanın haqqında deyilən qəsidəsi də vardı.
Digər bir şe'rindən aydın olurki, şair 712-ci ildə ikinci dəfə məvalilərdən birinin həmidə adlı qızına evlənir.
Musa Şəhavatın bir neçə şe'pi də dövlət mə'murlarının və ruhanilərin törətdikləri özbaşınalıqlara cavab olaraq yazılmışdı.
Malik .Mahmudovun yazdığına görə, Musa Şəhavatın şe'rləri o qədər populyar idi, ki, onları sarayda ə'yanlar da, küçələrdə qara camaat da əzbər bilirmiş. Onun şe'rlərindən götürülmüş ayrı-ayrı parçalar və ifadələr sonradan aforizm, atalar sözləri və zərb-məsəllərə çevrilmişdir.
|