|
XVII əsrin ən yaxşı xəttatlarından biri "İmad ül-mülk" ("Dövlətin dayağı") adlandırılan və buna görə də xalq arasında Mir İmad deyə çağırılan Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Mir İmad 1553/54-cü ildə Qəzvində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Təbrizdə keçirərək, nəstə'liq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən xəttatlıq dərsini öyrənmişdir. Mir İmad onun ən sevimli şagirdlərindən idi. Ölümünə az qalmış ustadı Mir İmaddan xahiş edir ki, onun qələmin mədhinə həsr edilmiş şe'rlərini tə'limat şəklində tərtib etsin:
Bəşərin ən gözəl irsi-qələmdir, bu incə mətləbi unutma!
Kainat qələmin sayəsində şan və şərəfə çatıb,
Əgər qələm olmasaydı, kainat da olmazdı.
Kim qələmdən fayda götürməyibsə, onu böyük ağıl sahibi sayma!
Qələm mö'cüzəkardır, qələm canverəndir, qələm bələdçidir, qələm sarvandır
Hər həvəskar qələmin qədrini bilməz, onun qiymətini yalnız xəttatlar anlar!
Azərbaycan osmanlılar tərəfindən işğal olunduqdan sonra Mir İmad Osmanlı imperiyasına daxil olan bir çox ölkələrə səyahətə çıxır və Məkkəyə gedir. Vətənə qayıdandan sonra Fərhad xanın yanında qulluğa girir. Onun ölümündən (1599) sonra Gilana, oradan da Qəzvinə gedir və xəttatlıq dərsi keçməklə məşğul olur. Az sonra Mir İmad Səfəvi İranının paytaxtı İsfahana gəlir və şah Abbasın dəftərxanasında işə başlayır. Lakin sarayın sərt ab -havasına uyğunlaşa bilməyən sənətkar tezliklə buranı tərk edir.
Qəzvinə qayıdıb müəllimlik fəaliyyətini davam etdirir. Saray əxlaqına və şah Abbasın siyasətinə qarşı kəskin e'tirazları, osmanlı Türkiyəsi ilə özbək hökmdarları arasında uzunmüddətli fasiləsiz və qanlı müharibələrə səbəb olan sünni-şiə ziddiyyətlərinin aradan qaldırılması istiqamətindəki çıxışları, görünür, diqqətdən kənarda qalmayıb. Şah Abbas Qəzvin "şahsevənlər"inin başçısı Maqsud bəyi öz yanına çağırtdırıb, bütün bunlara son qoymasını tapşırıb: "Doğrudanmı elə bir adam yoxdur ki, bu sünni köpəyini kəbərdib, məni onun hədyanlarından qurtarsın?"
Elə həmin günün axşamı—1615~ci ilin 25 avqustunda Mir İmadı Qəzvin küçələrindən birində ölmüş və az qala tikə-parça vəziyyətində tapırlar.
Sənətkarın bədii yazı nümunələri dünyanın bir çox kitab saxlanclarının bəzəyidir. Bunların bir qismi Sankt-Peterburqda qorunur və 1962-ci ildə nəşr olunmuşdur.
|