Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

ƏLİFBA Q
QƏTRAN TƏBRİZİ

     Azərbaycanın bütün Şərqdə şöhrət tapan şairlərindən biri Qətran Təbrizidir. O, 1010-cu ildə Təbriz yaxınlığındakı Şahabad adlı yerdə anadan olmuşdur. Şairin bütöv adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. İlk təhsilini Şahabadda almış, sonra Təbrizdə oxumuşdur.

     O zaman Azərbaycanda bir neçə feodal dövlət qurumları vardı. Bunlardan biri də paytaxtı Gəncədə olan Şəddadilər dövləti idi. Ərəb xilafətinin çiçəkləndiyi dövrlərdə Gəncə müsəlman aləminin şimalında iri mədəniyyət mərkəzinə çevrilir. Burada universitetlər, məktəblər, fərdi və ictimai kitabxanalar, rəsədxana və tibb mərkəzləri fəaliyyət göstərir. Müsəlman mədəniyyəti qonşu xristian dövlətlərinə məhz buradan yayılır. Şərqin bir çox ölkələrindən alimlər, şairlər, me'marlar, sənətkarlar Gəncəyə axışır. Qətran da təhsilini başa vurduqdan sonra buraya gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sarayına də'vət olunur və az bir vaxtda böyük nüfuz qazanır. Həmin dövrdə ölkənin başında Əbdülhəsən Ləşkəri dururdu və təbii ki, Qətran da bir çox şe'rlərini ona və onunla əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu şe'rlərdən çıxış edərək, Qətranın Gəncədə yaşadığı dövrü müəyyənləşdirmək mümkündür. Misal üçün, bir şe'rində Qətran Rəvvadilər dövlətinin başçısı Əbu Mansur Vəhsudanın Əbdülhəsən Ləşkərinin qonağı kimi Gəncəyə gəlişindən danışır. Qətran yaradıcı-lığını araşdıran alimlərin fikrincə, bu görüş 1035-1040-cı illər arasında baş verə bilərdi. 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin yarısını yerlə yeksan etmiş dəhşətli zəlzələnin şahidi olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən sonra gəldiyini göstərirlər. Görünür, şairin yenidən Gəncəyə dönüşünü də istisna etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür. Nasir Xosrov özünün məşhur "Səfərnamə" əsərində Qətran adlı gözəl bir şairlə görüşdüyünü qeyd edir.

     Qətran bir müddət Naxçıvanda, yerli hakimlərin saraylarında yaşadıqdan sonra vətəni Təbrizə dönür. Qətran Təbrizi hələ sağlığında ikən iste'dadlı şair, müdrik filosof və alim kimi bir çox ölkələrdə şöhrət qazanır. Özünün yazdığına görə, onu Xorasanda və İraqda yaxşı tanıyır və sevirdilər.

     Qətran "Tövsnamə", "Quşnamə", "Vamiq və Əzra" adlı əsərlərin, habelə əsasən qəsidələrdən ibarət iri həcmli divanın müəllifidir.

     XII əsrdə yaşamış Orta Asiya şairi Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə həqiqi şair tanımışdır-həkim (müdrik) Qətran Təbrizini.

     Qətran poeziya ilə gənc yaşlarından məşğul olmağa başlamış və bu sahədə böyük yaradıcılıq uğurları qazanmışdı. Şe'r yaradıcılığında əsas yeri dövrün müxtəlif hökmdarlarını tə'rif edən qəsidələr tutur. Bu əsərlər müasir oxucu və tədqiqatçılar üçün qəsidələrdə mədh olunan qəhrəmanların saraylarında baş virən tarixi hadisələri öyrənmək və anlamaq baxımından çox qiymətlidir. Misal üçün, Qətran Təbrizinin şe'rlərində oğuzların Azərbaycana bir neçə yürüşü öz əksini tapmışdır ki, həmin mə'lumatlar indi bizim üçün böyük əhəmiyyət daşıyır. Onun Təbriz zəlzələsinə həsr olunmuş şe'ri Qətrana şöhrət gətirmişdi və bu şe'ri indi də həyəcansız oxumaq olmur:
     Yox, ümidlər heç zaman doğrulmur,
     Çünki dünyanın bünövrəsi e'tibarsızdır.
     Gecə ilə gündüz bir-birini əvəzlədikcə, cən dəyişirsən
     İllər yolda dayanmayıb, irəli tələsir.
     Cən gələcəyə umidlə xırda şeylərin dərdini çəkirsən,
     Fələk isə pusquda durub səni fəlakətə yaxınlaşdırır.
     Ey xoşbəxt, elə düşünürsən ki, bədbəxtlikdən qurtulacaqsan.
     Gördüyün gözəllər də daim cavan qalacaq.
     Dünyada gözəllikdə, bolluq və əzəmətdə
     Təbrizdən yaxşı şəhər yox idi.
     Orada əmir, pəiyyət, ordu başçıları və alimlər
     Hər kəs istədiyi kimi yaşayırdı.
     Bəziləri allaha, bəziləri xalqa xidmət edirdi,
     Kimi sərvət dalınca, kimi ad dalınca gedirdi.
     Biri qəzəl dinləyir, şərab qədəhi istəyir,
     Biri ceyran ovlamaq üçün şikara gedirdi.
     Gündüzlər şirin dilli xanəndələrin
     Geçələr isə gözəllərin nəğmələrini dinləyirdilər.
     Heç kəs dostuna və qonşusuna böhtan atmırdı,
     Kobud sözlər hamıya yabancı idi.
     Birdən elə gün gəldi ki, yer titrədi
     Hər şey bir-birinə qarışdı.
     Yer aralandı, ağaclar yıxıldı
     Dəli sel hər yanı ağzına aldı.
     Bu bəladan canını qurtaranlar həmişəlik
     Ağlaya-ağlaya qorxudan nal kimi əyildilər.
     Allah dünyanın əvvəlki əzəmətini əlindən aldı,
     Yerdəki gözəllik yerli-dibli yoxa çıxdı.

     Orta əsr mənbələrinə əsaslanan Azərbaycan tədqiqatçıları qeyd edirlər ki, Qətran Təbrizi fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcısı olmuşdur. Bu barədə "Lüğəti-fürs" ("Fars lüğəti") müəllifi, şair və tərtibçi Əsədi Tusi (XI əsr), "Sihahül-fürs" müəllifi Məhəmməd ibn Hinduşah Naxçıvani (XIII əsr) və başqaları yazmışlar.

     Məşhur İran şairi Nasir Xosrov Ələvi adını çəkdiyimiz "Səfərnamə"sində Qətranın lüğət üzərində iş prosesini belə təsvir edir: "Təbrizdə mən Qətran adlı bir şairlə görüşdüm. 0, avazla yaxşı şe'r oxuyur, ancaq fars dilini pis bilirdi. O, Dəqiqi və Mənciqin divanlarını mənə gətirib, avazla oxudu və anlaşılmayan sözləri izah etməyimi xahiş elədi. Sonra mənim izahatlarımı qeydə alıb, öz şe'rlərini oxudu." Əksər alimlər Nasir Xosrovun bu fikirlərini onunla izah edirlər ki, fars (dəri) dili Qətranın ana dili deyildi və o, farsca yazan ilk Azərbaycan şairi olub.

     Orta əsr müəlliflərinin əksər qismi bu lüğəti yaradıcısının adı ilə sadəcə "Lüğəti-Qətran", yaxud "Fərhəngi-Qətran" (hər iki ifadə "Qətranın lüğəti" anlamına gəlir) kimi qeydə alır. Sonralar isə bu lüğət "Təfasir fi lüğatül-fürs" ("Fars dili sözlərinin izahları"), yaxud da qısa şəkildə "Təfasir" ("İzahlar") adlandırılır.

     Qətran Təbrizi Azərbaycan və İran xalqlarının poeziya və leksikoqrafiya tarixində dərin izlər buraxmışdır.

     Qətran 1080-çi ildə Təbrizdə dünyasını dəyişmiş və Surxab məhəlləsindəki məşhur şairlər qəbristanlığında dəfn olunmuşdur.