|
Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sə'dəddin Sə'dallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən e'tibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır.
Bərdəinin həyat tarixçəsi barədə mə'lumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər.
Əl-Bərdəinin iki əsəri mə'lumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin əz-Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc fi-nnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sə'dallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tə'rifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş lə'l-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm."
Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və tə'yinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
|