|
Görkəmli sufi mütəfəkkiri Şihabəddin Əbuhəfs Ömər Sührəvərdi 1145-ci ildə Zəncan yaxınlığında yerləşən Azərbaycan şəhəri Sührəvərddə anadan olub. O, indiyə qədər bütün müsəlman dünyasında ən nüfuzlu sufi təriqətlərindən biri olan "sührəvərdiyyə"nin əsasını qoyub. Bə'zi alimlər bu təriqətin yaranmasını onun əmisi Ziyaəddin Əbu-n-Nəcib əs-Sührəvərdinin ( 1097-1168 ) adı ilə bağlayırlar. Şihabəddinin yetişməsində onun rolu böyük olub.
Ziyaəddin əs-Sührəvərdi hələ gənc yaşlarından doğma şəhəri Sührəvərdi tərk edərək, təhsil almaq üçün Bağdad şəhərinə gedir. Təhsilini başa vurduqdan sonra o bir müddət Bağdaddakı məşhur "Nizamiyyə" mədrəsəsində dərs deyir, sonra isə o vaxt sufilər arasında qəbul olunmuş qaydaya görə, dahi şeyx Əhməd əl - Qəzzalinin müridi olur. O, Dəclə sahillərində sufi məskənində (ribat) tərki-dünya həyatı keçirir. Onun şöhrəti bütün Şərqə yayılır. Çoxları onun müridi olmaq arzusuna düşür. O, Əbu Məhəmməd Ruzbihan Baqli Şirazi ( öl. 1209 ), İsmayıl əl-Kəsri (öl. 1193) və Əmmar əl-Bidlisi (öl. təqr. 1200) kimi məşhur su-filərə mürşidlik edir. Onun şagirdləri isə böyük Xarəzm sufisi Nəcməddin Kübranın ("kübraviyyə" təriqətinin banisi) mürşidləri olurlar.
Bu dövrdə sufi müridləri arasında Ziyaəddin əs-Sührəvərdinin "Ədəb əl-müridin" kitabı böyük şöhrət qazanmışdı. Əsər bu sıradan olan vəsaitlər arasında birincilərdən idi.
Şihabəddin sanki ailə ən'ənələrini davam etdirərək, artıq mürşidlər üçün "Əvarif əl-məarif" ("Bilik xəzinəsinin töhfələri") adlı belə bir dərslik tərtib edir. Gənc Şihabəddinin getdiyi ilk məktəb öz əmisinin ribatı olmuşdu. Ali təhsilini isə o, əmisinin də dərs dediyi məşhur "Nizamiyyə" mədrəsəsin-də almışdı. Orta əsrlərdə mövcud olan digər təhsil ocaqlarından fərqlənən bu mədrəsə 1067-ci ildə səlcuq hökmdarlarının təşəbbüsü və pulu ilə tikilmiş və onların məşhur vəzirləri Nizamülmülkün şərəfinə "Nizamiyyə" adlandırılmışdı. Nizamülmülk bu mədrəsənin uğurla fəaliyyət göstərməsindən ötrü də çox iş görmüşdü. Burada tədris tamamilə səlcuq hökmdarlarının hesabına aparı-lırdı. Onlar tələbələrin təqaüdünə və müəllimlərin məvacibinə, habelə mədrəsənin müəllim və tələbələri üçün vahid geyimlərin tikilməsinə ildə təqribən 600 min dinar xərcləyirdilər. Bu mədrəsənin bütün Şərqdə elm və mədəniyyətin inkişafında oynadığı müstəsna rolu heç nə ilə müqayisə etmək olmaz. Şərqin ən yaxşı alimləri ilahiyyat, tarix, məntiq, dilçilik, ədəbiyyatşünaslıq, astronomiya, riyaziyyat və başqa elmlərin tədrisi üçün buraya də'vət olunurdu. Müəllimlərin seçimi də bilavasitə səlcuq hakimləri tərəfindən aparılırdı. Bir çox tədqiqatçılar həmin mədrəsəni Şərqdə ilk müasir tipli universitet, burada çalışan müəllimləri isə professor hesab edirlər. Azərbaycan alimləri bu mədrəsənin yaranmasında və inkişafında böyük xidmətlər göstərmişlər. Azərbaycan alimlərinin bütöv bir nəslinin yetişməsi məhz bu mədrəsənin adı ilə bağlıdır. Mədrəsənin fəaliyyətə başladığı ilk gündən Xətib Təbrizi burada filoloji fənləri tədris etmiş və zəngin mədrəsə kitabxanasının müdiri olmuşdur. Əbdülmənaqib Zəncani, Mahmud Zəncani, Əminəddin Vəravi, Əbülfəzl Ərdəbili və bir çox digər məşhur alimlərimiz də bu universiteti bitirmiş və burada çalışmışdılar.
Buranı bitirdikdən az sonra Sührəvərdi alim-filosof və sufi kimi bütün Şərqdə məşhurlaşır. Maraqlıdır ki, Şihabəddin böyük sufi şeyxi olmaqla bərabər tərkidünya olmamışdır. O zaman məşhur alimlər, bir qayda olaraq, iri və xırda vilayətlərin siyasi və mədəni həyatında iştirak etməyə cəlb olunurdular. Bununla hakimlər özlərinin maarifçi olduqlarını sübuta yetirməyə çalışırdılar. Sührəvərdinin də aqibəti eyni cür olur. Ancaq o, bir çoxlarından fərqlənərək, saray tacının adi bir bəzəyinə çevrilmir, sarayının siyasi həya-tında fəal surətdə iştirak edir. Məşhur alimin simasında böyük bir diplomat və hüquqşünas da doğulur. Sührəvərdi xəlifə ən-Nasir li-Dinillahın (1180-1225) müşaviri kimi məs"ul diplomatik iş aparır, lakin əlbəttə ki, bununla birlikdə heç də özünün şeyx vəzifələrini unutmur. O, xəlifənin adından Suriya və Misirə, Əyyubilərin paytaxtı Hələb şəhərinə diplomatik danışıqlara gedir. Onun Hələbdə alimlərlə apardığı qızğın müzakirələr barədə çağdaşları yazırdılar: "Sührəvərdi əl-Malik əz-Zahirin sarayında elə bir nitq irad elədi ki, təmtəraqlı olmaqla bərabər, həm də o qədər tə'sirli idi ki, dinləyicilərin qəlbini ram etdi və gözlərini yaşartdı." 1217-1218-ci illərdə Sührəvərdi Xa-rəzmşah Məhəmmədlə diplomatik danışıqlar aparır. Bir il sonra o, diplomatik missiya ilə Anadoluya, Konyadakı səlcuq hakimi I Əlaəddin Keyqubadla görüşə gedir.
Bir sufi mürşidi, siyasi xadim, alim və natiq kimi Şihabəddinin nüfuzu o qədər yüksək idi ki, xəlifə onun üçün məxsusi ribat tikdirmişdi. Bu ribat daha çox sarayı xatırladırdı. Burada zəngin kitabxana, hamam, xəlifənin özü və ailəsi üçün salınmış bağ da daxil olmaqla bütöv bir tikililər kompleksi qurulmuşdu. Şihabəddin burada işləməklə bərabər, kütləvi mühazirələr təşkil edir, müzakirə və söhbətlər də keçirə bilirdi. Onun mühazirələrində həmişə dinləyicilər çox olurdu. Onun nitqlərini dinləmək istəyənlər ölkənin hər yerindən buraya axışıb-gəlirdilər. O, məşhur "Əbu-n-Nəcib" universitetində də müntəzəm şəkildə mühazirələr oxuyurdu. Sührəvərdi özünün ritorik iste'dadı və dərin fəlsəfi düşüncəsi ilə seçilirdi. Çox qısa bir müddətdə onun mühazirə və disputlarına qonşu ölkələrdən də dinləyicilər gəlməyə başlayır.
Xəlifə ən-Nəsirin hakimiyyəti dövründə fütüvvə adlanan sənətkar və kübar təriqətləri də mövcud idi. Fütuvva dərəcəsinə yüksələnlərin bellərinə xüsusi kəmər bağlayırdılar. Bir qayda olaraq, xəlifənin göndərdiyi kəməri ə'yan-əşrəf içində fütüvvə məqamına yetən şəxsin belinə Böyük Mürşid Şihabəddin Əbuhəfs Ömər Sührəvərdi bağlayırdı. Sultan İzəddin I Keykavusun və bir çox bəylərin əxi təriqətinə daxil edilməsi mərasiminin təsviri zəmanəmizə qədər gəlib çatmışdır. Həmin mərasim ritual rəqsləri ilə müşaiyət olunmuşdur. Xəlifənin elçisi kimi sultanın sarayına gəlmiş Sührəvərdi ahıl yaşlarında olmasına baxmayaraq, öz müridləri ilə birlikdə həmin rəqslərdə iştirak etmişdi.
İngilis alimi C. S. Triminkem Sührəvərdi barədə yazır: "O, böyük şeyx-müəllim idi və onun tə'siri yalnız şagirdləri vasitəsilə deyil, həmçinin sufi mürşidlərinin indiyə qədər oxuyub-öyrəndikləri "Əvarif əl-məarif" əsəri vasitəsilə yayılmışdı. Az qala bütün dünyanın sufiləri təhsil almaqdan ötrü onun yanına gəlirdilər." Sührəvərdinin müasiri olan ərəb müəllifi İbn Xəllikan yazır: "Mən onun mühazirələrini dinləmiş və sufi təriqətində qəbul olunan kimi, onun mürşidliyində elmini artırmış adamlarla çox görüşmüşəm. Onlar mənə cuşa gələrkən keçirdikləri qəribə əhval barədə danışırdılar. O, Bağdad ha-kimlərinin elçisi kimi dini məsələlərin müzakirəsindən ötrü İrbilə gəlmişdi, lakin çox cavan olduğumdan onunla heç cür görüşə bilmədim. O, tez-tez başqa ölkələrə ziyarətə gedər və bə'zən Kə'bənin yaxınlığında düşərdi. Çağdaşı olan bir çox sufi şeyxləri onunla yazışar, qəliz məsələlərin həllində kömək üçün ona müraciət edər, onun məsləhətlərini fitva kimi qəbul edərdilər."
Şihabəddmnin çox sayda ardıcılları, "sührəvərdiyyə" təriqətininsə bir neçə qolu vardı. Bu qollar içərisində onun oğlu İmadəddin Məhəmmədin (vəf. 1257), Şiraz şeyxi Nəcibəddin Buzquşun (vəf. 1279) və digərlərinin qardaşlıqlarını göstərə bilərik. Böyük fars şairi Sə'di Şirazi (1208-1292) də Sührəvərdi yolunun davamçılarından sayılır. 0, özünün "Bustan" əsərində yazır:
Budur təriqət, başınızı aşağı salıb,
İtaətlə və dönmədən bu yolla gedin!
Şeyx bütün gecəni ibadətdə keçirmiş,
Səhər isə dərvişlərə süfrə açmışdır.
Bunu Sə'di yox, Sührəvərdi öyrədir ki:
Kişinin şarəfi xidmət yolundadır!
Sonralar bu təriqətə qulluq etmək təhlükəli sayılsa belə, Nurəddin Əbd əs-Səməd ən-Nətənzi, Əbdərrəzzaq əl-Kaşani (vəf. 1329), Səid ibn Abdullah əl-Fərqani (vəf. 1300) kimi görkəmli şəxsiyyətlər özlərinin "sührəvərdiyyə'yə aid edən şeyxlər olmuşlar. Hindistanda isə həmin təriqət mistik istiqamətli müstəqil məktəb kimi açıq surətdə fəaliyyət göstərmişdir. Sührəvərdinin məşhur tələbəsi Nurəddin Mübarək Qəznəvi (vəf. 1234) tərəfindən yaradılan məktəb isə indiyə qədər fəaliyyət göstərir. Hal-hazırda onun məqbərəsi Dehlidə ziyarətgah sayılır. Əgər yolunuz Dehliyə düşsə, bu məqbərəni ziyarət edib böyük Ustada və onun Tələbəsinə rəhmət duası oxumağı unutmayın. Sührəvərdi 1234/35-ci ildə Bağdadda vəfat etmişdir
|