|
Birinci İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadın hakimiyyət dövrləri Teymurun Yaxın Şərq və Qafqaza yürüşləri ilə əlaqədar Azərbaycan tarixinin ən ağır illərinə təsadüf edir.
Şirvanın Şəki qəzasının kəndlərindən birində müflis olmuş şeyx İbrahim adlı bir feodal atası və qohum-əqrabası ilə yaşayırdı. O, şirvanşahın uzaq qohumlarından idi (əmisi oğlu) və şirvanşahların hamısı kimi özünü Sasani hökmdarı I Xosrov Ənuşirəvanın varislərindən sayır, lakin saraydakılardan ehtiyat etdiyindən öz mənşəyini çox da açıb-ağartmırdı. 1382-ci ildə şirvanşah Huşənk ibn Kavusun ölümündən sonra Şirvan feodalları şeyx İbrahimi (1352-ci ildə anadan olub) şirvanşah seçirlər. Qədim salnamələrdə deyildiyi kimi, "feodallar padşah ha-kimiyyətinə aid olan rəmzləri də götürüb, dəstə ilə İbrahimin yanına gedirlər. Çatanda görürlər ki, İbrahim yer şumlayıb yorulmuş və bir ağacın altında yuxuya getmişdir. Ə"yanlar onun üzərində hökmdar çadırı açaraq, yuxudan oyanmasını gözləyirlər. İbrahim oyananda isə onu salamlayır və padşah kimi ona sadiq olacaqlarını bildirirlər. Sonra onu padşaha layiq ata mindirib şəhərə (Şamaxıya) gətirir və taxta çıxarırlar. Və o ölkəni idarə etməyə, təbəələrinin könülləri istəyən kimi, səxavət və ədalətlə onların mübahisəli məsələlərini həll etməyə başlayır. Onun mövqeyi möhkəmlənir və şöhrəti artır."
Şeyx İbrahim Dərbəndi şirvanşahları sülaləsinin yaradıcısı olur. Həmin narahat illərdə şimaldan Qızıl Orda xanı Toxtamış, cənubdan Sultan Əhməd Cəlair, şərqdən isə Teymur Şirvanı daim təhdid edirdilər. Aralarında qızğın müharibə kedən Teymurla Toxtamışın döyüş meydanları Şirvan torpaqlarından keçirdi. Ölkənin müstəqilliyi daim təhlükə altında idi. Özünü müdrik hakim və çevik diplomat kimi göstərən Şeyx İbrahim bə'zən öz mənliyinə zidd olsa da Teymurla ümumi dil tapır və Şirvanın dövlətçiliyini, taxt-tacını saxlaya bilir. 1386-cı ildə Teymur Dərbənd qapılarından keçərək, şimala Toxtamış üzərinə yürüş etməyi planlaşdırır. Onun yolu Şirvandan keçməliydi. Yaxın adamları şeyx İbrahimə məsləhət görürlər ki, dağlara çəkilsin. O, nəinki qaçmır, hətta başına ə'yan-əşrəfini toplayaraq, Teymurun Qarabağdakı düşərgəsinə—təhlükənin düz üstünə gedir.
Şeyx İbrahim Teymura layiqli hədiyyələr aparır. Türklərdə belə bir adət vardı ki, hədiyyə edəndə hər şeydən doqquz dənə verərdilər. Şeyx İbrahim də bütün hədiyyələri həmin qayda üzrə gətirmişdi. Qullar isə səkkiz nəfər idi. Ondan soruşanda ki, bu niyə belədir, cavab vermişdi ki, doqquzuncu qul mən özüməm. Bu söz Teymurun xoşuna o qədər gəlir ki, onu rəsmi şəkildə Şirvan və Şamaxının hakimi e'lan edir. Tədricən I İbrahimlə Teymurləng arasındakı bu "ağa-qul" münasibətləri dostluğa keçir. 1385/86-cı ildə Toxtamışın doxsan minlik ordusu Azərbaycana girir və Təbrizə qədər gedərək, buradan Dərbənd vasitəsilə geri qayıdır. Bir il sonra Toxtamış yenidən Şirvana hücum çəkir. Ancaq bu dəfə Teymurun köməyi ilə Şirvanşah onu saxlaya bilir. 1395-ci ildə Teymur Dərbənd qapılarından keçərək, Toxtamış üzərinə yürüşə gedəndə isə şeyx İbrahim öz ordusu ilə onun köməyinə gəlir. Bu vaxtdan e'tibarən Teymurun Gürcüstana, yaxud şimala olan bütün yürüşlərində Şeyx İbrahim Şirvan qoşunu ilə onu müşaiyət edir.
Teymurun əmri ilə Dərbəndin qala divarları bərpa olunub möhkəmləndirilir. Teymur I İbrahimlə münasibətlərini yaxşılaşdırmaqda maraqlıdır. Çünki o, şimal sərhədlərini Qızıl Ordalılardan qorumaqda ona kömək edir. Körünür, elə buna görə də İbrahim ona xərac vermir, yalnız Şirvan ərazisinə yolu düşəndə ona təmtəraqlı ziyafətlər hazırlamaqla və hədiyyələr—gözəl qul və kənizlər, qızıl kəmər və mızraqlar, qiymətli parçalar və minlərlə at göndərməklə kifayətlənir.
İbrahimin yeritdiyi müdrik siyasət sayəsində hətta bu ağır vaxtlarda da Şirvan sözün əsl mə'nasında çiçəklənir. Birinci İbrahim 1399-1405-ci illər arasında şeyx Teymurun Osmanlı sultanı Bayəzid üzərinə Ruma (Kiçik Asiya) yürüşlərində iştirak edir. Bu yürüşdə Teymur Suriya ərazilərinə girənə qədər İbrahim onu müşaiyət edir, sonra isə geri qayıdır.
Teymur tez-tez öz düşərgəsini Qarabağda salır. O, monqolların dağıtdığı Beyləqanı abadlaşdırır, Arazdan suvarma kanalı çəkdirir.
Teymur 1405-ci ildə vəfat edir. Bundan sonra onun varisləri arasında mübarizəni gərkinləşməsindən istifadə edən şeyx İbrahim onların asılılığından çıxmaq, öz dövlətinin hüdudlarını genişləndirmək və bütün Azərbaycanı birləşdirmək fikrinə düşür. Şeyx İbrahim Kürü keçərək, Gəncəni və Qarabağın çox hissəsini tutur. Bir çox iri feodallar onun qoşununa qoşulurlar Gürcü çarı da onlara qoşulur. İbrahimlə Teymurun nəvəsi, Miranşahın oğlu Mirzə Ömər arasındakı dostluq münasibətləri düşmənçiliklə əvəz olunsa da hələ ki, toqquşma dörəcəsinə çatmır. Baxmayaraq ki, İbrahimlə müttəfiqlərinin qoşunu Bərdədə Mirzə Ömərin ordusu ilə üz-üzə dayanmışdılar və döyüşə hazır idilər. 1406-cı ildə Təbrizdə Teymurilər əleyhinə üsyan qalxır. Onun başında şəhər tamqaçısı (baş vergi yığan) şeyx Əli Qəssab dayanırdı. Əmir Bəstam Cakir üsyan xəbərini eşidən kimi Təbrizə yola düşür. Şeyx İbrahimin qoşunları da oraya tələsir. Bəstam İbrahimi gözləmədən 1406-cı ilin aprelində Təbrizə daxil olur. Buna görə.onların arasındakı münasibət gərginləşir. Şeyx İbrahim Təbrizə yaxınlaşarkən Bəstam şəhərdən çıxır və Ərdəbilə üz tutur. Şirvanşah da Təbrizdə çox qalmır. Cəlairi Sultan Əhmədin kifayət qədər möhkəmləndirilmiş qoşunları buraya yaxınlaşınca o, Şirvana qayıdır. Sultan Əhməd həmin il Təbrizə girir, lakin o da burada çox duruş gətirmir və şəhər Miranşahın o biri oğlu Əbubəkrin əlinə keçir.
İki ildən sonra Qaraqoyunlular sülaləsindən Qara Yusif ağır bir döyüşdə Miranşahı darmadağın edir. Miranşah ölür və Qara Yusif Təbrizə daxil olub, Sultan Əhmədi buraya də'vət edir. Qara Yusif növbəti hərbi yürüşlərdən birinə yola düşəndə isə Sultan Əhməd şeyx İbrahimi köməyə çağırıb Qara Yusifin himayəsindən canını qurtarmaq məqsədilə onun Təbrizdəki dəstələrinə hücuma keçir. Ancaq buna baxmayaraq, Qara Yusif Təbrizdəki hadisələri eşidib, özünü buraya şirvannşhın oğlu Kəyumərsdə tez çatdırır və 1410-cu ilin 30 avqustunda şəhərin ətrafında Əhmədin qoşunlarını məğlubiyyətə uğradır. Əhməd özü ölür. Cəlairilər dövləti süqut edir, onun yerində isə Qara Yusifin başçılıq etdiyi Qaraqoyunlular dövləti yaranır. O, öz dövlətinin paytaxtı kimi Təbrizi seçir.
İbrahimin oğlu Kəyumərs Sultan Əhmədin məğlubiyyəti günü öz qoşunları ilə Təbrizə yaxınlaşır. Gecə yarısı o, gözlənilmədən Qara Yusifin dəstələri tərəfindən hücuma mə'ruz qalır və əsir düşür. Qara Yusif Kəyumərsin əvəzində heç nə almadan şirvanşaha yazdığı məktubu ona aparmaq şərti ilə onu azad edir. Həmin məktubda Qara Yusif şarvanşahdan ona tabe olmasını tələb edirdi. Sərt və qəddar bir insan olan Qara Yusifdən bu cür mərhəmət gözləməyən İbrahim oğlunun xəyanət etməsindən şübhələnərək, onu e'dam edir. Bunun cavabında Qara Yusif Təbrizdən Qarabağ üzərinə hücuma keçir. Qarabağa çatanda o, yenə də İbrahimin yanına çapar göndərərək, onu tabe olmağa çağırır. Ancaq İbrahim çox ağır əzab-əziyyət bahasına qazandığı müstəqilliyini qorumaq üçün mübarizə əzmindədir. O, yenə də Şəki hakimi Seyid Əhməd və gürcü çarı II Konstantinlə ittifaqa girərək, Şirvanda böyük bir ordu toplayır və Qara Yusiflə müharibəyə girir. Döyüş 1412-ci ildə Kür çayının sahillərində baş verir. Bir neçə gün davam edən vuruşlar şirvanşah və müttəfiq qoşunlarının bütün qəhrəmanlıq və şücaətinə baxmayaraq, sayca çox olan Qara Yusifin xeyrinə başa çatır. I İbrahimin özü, gürcü çarı Konstantin, şeyx İbrahimin oğlanları Qəzənfər, Əsədullah, Xəlilullah, Mənuçöhr, Əbdürrəhman, Nüsrətullah və Haşim, İbrahimin qardaşı Şeyx Bəhlul, Şirvanın bir sıra görkəmli adamları, o cümlədən münəccim, həkim, carçı və başqaları əsir düşürlər. Qara Yusif şirvanlı sıravi döyüşçüləri heçnəsiz azad edir, kürcüləri isə e'dam etdirir. Özündən-müştəbeh çar Konstantini isə Qara Yusif və oğlu Pirbudaq öz əlləri ilə qətlə yetirirlər. İbrahim oğlanları və əyan-əşrəfi ilə Təbriz zindanına salınır. Qara Yusif onun özünü buraxmaqdan ötrü 1200 iraq tüməni, hər bir əyanı üçün də bundan bir qədər az məbləqdə ödənc tələb edir. Bu pulu yalnız şirvanşahlar xəzinəsini boşaltmaqla vermək mümkün idi. Lakin iş o yerə çatmır. Təbrizin tacir və sənətkarlarının başçıları yuxarıda adı çəkilən şeyx Əli Qəssabın rəhbərliyi altında xəbər yollayırlar ki, əgər pul ödəncini malla ödəmək mümkün olsa, onlar şirvanşahı azad etdirməyə hazırdırlar. Qara Yusif bu təklifi qəbul edir, onu buraxır və bu şərəfə verdiyi qonaqlıq zamanı İbrahimi öz yanında oturdur. Şirvanşah özünü Qara Yusifin vassalı e'lan edir və bundan sonra da Şirvanda hökmdar olaraq qalır. 1413-cü ilin baharında bütün əsirlər Şirvana qaytarılır, Qara Yusifin orduları isə buranı tərk edir.
Şirvanşah İbrahim 1417-ci ildə, artıq ahıl yaşlarında ölür. Özünün diplomatik qabiliyyətinə və hərbi iste'dadına görə hökmranlıq etdiyi 35 il ərzində şeyx İbrahim nəinki Şirvanın müstəqilliyini qoruyur, hətta onu möhkəmləndirərək, ölkənin sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirə də bilir.
|