|
Azərbaycan XI əsrin ortalarına qədər ərəb xilafətinin tərkibində qalmaqda idi. Xilafət süquta doğru getsə də, elm, poeziya və incəsənətin ilk üç Abbasi xəlifəsinin hakimiyyəti dövründə başlanmış yüksəlişi davam etməkdədir. Şəhərlərdə "Hikmət Evləri" (akademiyalar), mədrəsələr (universitetlər), ictimai və şəxsi kitabxanalar,rəsədxanalar fəaliyyət göstərir. Həm sadə xalqın, həm də əhalinin varlı təbəqəsinin içində biliklərə meyl olduqca güclüdür.
Təbrizdən Suriyaya uzanan yolla çiynində bir xurcun sallanan gənc bir oğlan gedir. Xurcunun içində əsas yeri kitablar tutur, azca da yemək var. Gəncin adı Xətibdir, Təbrizdəndir. Onun yolu Məərə ən-Nüman adlı kiçik bir şəhərə-Şərqin şöhrətli filoloq-alimi Əbü-l-Əla Məərrinin yanınadır.
Hələ məktəb yaşlarından Xətib Şərq poetika nəzəriyyəsi ilə maraqlanır, bu mövzuda çoxlu kitablar yığıb-oxuyur. İyirmi yaşlı bu iste'dadlı oğlanın beynində elə suallar doğur ki, yerli alimlərin heç birisi cavab verə bilmir və ona məsləhət görürlər ki, Suriyaya-məşhur dilçinin yanına getsin.
Xətib mənzil başına çatanda xurcununda apardığı kitablar tər qoxuyurdu. Sonralar böyük alim olmuş Xətib Təbrizinin həyatından gətirilən həmin epizod uzun zaman ərəb salnaməçiləri tərəfindən gənc nəslə nəsihət kimi kitablara salınacaq, elə həmin məqsədlə də tər qoxuyan bu kitablar son vida günü məsciddə alimin yanında qoyulacaqdır.
Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası, ərəb alimlərinin "ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı", "müdrik şeyx, ərəb elmlərinin rəhbəri, əbədiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı", "bütün ədəbiyyatşünasların rəhbəri" adlandırdığı, habelə akademik Həmid Araslı tərəfindən "XI əsrdə Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyət"-deyə yüksək qiymətləndirilən Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri barədə heç nə mə'lum deyil. Bütün salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı. Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər.
Xətib bu qədər uzun yolu nahaqdan gəlməmişdi. Əbü-l-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Sonralar Xətib Təbrizi onun haqda deyəcəkdi ki," Ərəblərin dilində Əbü-l-Əlaya mə'lum olmayan bircə söz də yoxdur. Bu sözlər ona məxsusdur: "Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur." Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: "Nümanda (şəhər adı), Məərrə məsçidin-də mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum. 0 (Xətib Təbrizi) dedi: "Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbül-Əla soruşdu: "Sənə nə oldu?" Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. İndi bir qonşumu gördüm. O dedi: "Get bir az onunla söhbət elə." Mən soruşdum: "Bəlkə dərsimi bitirim, sonra?" O dedi: "Dur, mən səni gözləyərəm." Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan dilində ("azərbicidəcə') xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: "Siz hansı dildə danışırdınız?" Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. 0 dedi: "Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm." Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: "O, anlamadığı şeyləri necə əzbərləyib?"
Qədim salnaməçilər Əbül-Əlanın yanında təhsilini bitirdikdən sonra Xətibin müxtəlif Şərq ölkələrində dövrün ən məşhur alimlərinin yanında da biliyini artırdığını yazırlar. Profsssor M. Mahmudov göstərir ki, səyahətə çıxmazdan qabaq Xətib bir müddət öz vətəni Təbrizdə yaşayıb. Bu, müəlliminin ölümündən sonra (1057-ci ildə) , yaxud bir qədər əvvəl olmalı idi. Bir şey aydındır ki, Xətib Təbrizdə çox qalmır.
Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparır. O, burada tanınmış ərəb alimləri Əli Rəqqidən, İbn Dahandan, İbn Bürhandan, Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə Xətib Dəməşqə gəlir və burada onun tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə dostluğu başlayır. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost deyil, həm də zəngin bir hami olur. 0, Xətib Təbriziyə maddi cəhətdən yardım göstərir. Xətib yazı ləvazimatı və kağız alır. Bundan sonra Misirə yola düşən Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənir. 1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir, iranlı Nizamülmülkün şərəfinə "Nizamiyyə" adlandırılan və sonralar bütün Şərqdə şöhrət tapan mədrəsə açılır. Bu mədrəsə özündən əvvəlkilərdən yalnız həcmi və genişliyi, təchizatı, bütün Şərq ölkələrindən də'vət olunmuş alim və müəllimləri əhatə edən çoxsaylı kollektivi ilə deyil, həm də və başlıca olaraq, öz inzibati quruluşu e'tibarilə fərqlənərək, bizə mə'lum olan ilk dövlət universitetini xatırladır. Burada pedoqoq və tələbələr tamamilə dövlətin tə'minatında idilər. Tədris proqramları da ortodoksal müsəlmançılığın mövqelərini möhkəmləndirmək naminə yuxarıdan müəyyənləşdirilirdi. Buna baxmayaraq, burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunurdu. Buna görə də həmin universitet ən müxtəlif elmlərin inkişafında mühüm rol oynamışdı. Buraya də'vət olunan kadrları səlcuq hakimləri özləri seçirdilər. Xətib Təbrizi "Nizamiyyə" mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris edir və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur.
Həmin dövrdə Bağdadda sanki Şərqin bütün alimləri toplanmışdı və onlar arasında seçilməkdən ötrü kifayət qədər elmi nüfuz sahibi olmaq lazım idi. Mədrəsədə daim yeni-yeni kitablarla zənginləşən nəhəng kitabxanadan istifadə etmək hüququ qazanmış Xətib Təbrizi bu mədrəsənin öz əməkdaşlarının və buraya də'vət etdiyi alimlərin iştirakı ilə müzakirə və mühazirələr də təşkil edir. 1109-cu ilin yanvarın 3-də, bazar günü böyük alimin ürəyi dayandı. Onun təntənəli dəfn mərasiminə bütün Bağdad yığışmışdı. Xətib Təbrizini Bağdadın "Bab Abraz" qəbristanlığında basdırdılar.
Xətib yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq idi. Bu mövzuya iyirmiyə yaxın risalə həsr etmişdi. Bundan başqa Xətib Təbrizi Qur'ana dördcildlik şərhlərin, ədəbi əsərlərin və leksikoqrafiyaya, qrammatikaya, habelə ərəb poetika nəzəriyyəsinə dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli Tərbiyət onun ərəb ədəbiyatına həsr olunan əsərlərinin əhəmiyyətini qiymətləndirərək, Xətib Təbrizini ərəb dilinin "anası" adlandırır. Professor M. Mahmudov alimin əsərlərini məzmununa görə dörd qismə bölməyi lazım bilir: poetik əsərlərə şərhlər, dilçilik risalələri, ilahiyyata dair tədqiqlər və poe-tik problemlərə həsr olunanlar.
Birinci qismə aid əsərləri arasında məşhur ərəb şairi Əbu Təmmamın (796-843) "Həmasə" ("Qəhrəmanlıq") adlı toplusuna şərhi diqqəti daha çox çəkir. Həmin toplunun yaranma tarixi maraqlıdır. Xorasandan İraqa gələrkən o, Həmədanda öz dostu Əbü-l-Vəfa Salamın yanında düşür. Onun Həmədanda ləngimək fikri olmasa da, güclü qar çovğunları Xətibin bir neçə ay yola düşə bilməməsinə səbəb olur. Vaxtını boş keçirməmək üçün öz güclü yaddaşına və dostunun zəngin kitabxanasına arxalanan Əbu Təmmam "Həmasə* adı altında ərəb şairlərinin poeziya antologiyasını tərtib edir. Bu topluda ərəb şe'rinin mövcud olduğu üç yüz il ərzində yaşayıb-yaratmış altı yüzdən çox şairin əsəri təmsil olunub. Antologiyanın yazılması ilə dillərdə əzbər olması bir olur. Toplu o qədər məşhurlaşır ki, Əbu Təmmamın öz yaradıcılığı bir tərəfdə qalır. Xətib Təbrizi məhz bu mə'nada deyir ki, "Əbu Təmmam özünü "Həmasə"də bir şair kimi bütün yaradıcılığındakından daha yaxşı nümayiş etdirir." Sonradan eyni şey Xətibin öz başına da gəlir. Onun şərhləri öz yığcamlığı və ifadə aydınlığı ilə "həmasə"nin özündən də artıq şöhrət qazanır. Xətib Təbrizi bundan sonra eyni mövzuya daha iki dəfə müraciət edir. Birinci qısa şərhlərdə ayrı-ayrı şe'rlərin, ikincisində beytlərin izahı verilmişdisə, sonuncu əsər daha kamil və samballı idi. Bizə yalnız müəllifinə əbədi şöhrət gətirmiş ikinci şərh çatmışdır. Həmin əsər Avropada 1850-ci ildə dörd iri cilddə latınca, 1828, 1873 və 1938-ci illərdə ərəb dilində nəşr olunmuşdur. Çox maraqlıdır ki, hələ Əbül-Əla Məərrinin yanına gedərkən yolda Xətib Mosula dönərək, bir nəfər yerli alimin yanında Əbu Təmmamın kitabının üzünü köçürmüşdü. 1082/83-cü ildə Xətib Təbrizi ərəb alimləri arasında ilk dəfə öz müəllimi Əbül-Əla Məərrinin "Səqt-əz-zənd" ("Çaxmaq daşının ilk qıqılcımları") əsərinə şərh yazır.
Artıq ahıl yaşlarında o, özünün son əsəri olan "Kitab əl-kafi fi-l əruz və-l-qəvafi" ("Əruz və qafiyə haqqında elmin yekunu") üzərində işə başlayır. Bu əsər ərəb poetika nəzəriyyəsinə həsr olunur və tezliklə böyük şöhrət qazanır. Bizim günlərə qədər tələbə və şagirdlərin onlarla nəsli bu kitabı poetika nəzəriyyəsi üzrə dərslik kimi istifadə edir. Şərqin bir çox alimləri poetika nəzəriyyəsinə dair araşdırmalarında bu kitaba istinad edirlər. Kitabın mətnini daha yaddaqalan etmək üçün şair Əhməd Fulci (öl. 1425) onun məzmununu nəzmə çəkib.
Avropa alimləri bu kitaba XIX əsrdən e'tibarən maraq göstərməyə başlayırlar. Müasir dövrdə bir neçə dünya kitabxanalarından həmin risalənin onlarla nüsxəsi tapılmış, əsərin tənqidi mətni hazırlanmışdır. Həmin əsəri ilk dəfə tədqiq etmiş Azərbaycan alimi Qaley Allahverdiyev yazır: "Kitab əl-Kafi fi-l-əruz və-l-qəvafi" əsəri ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqda bütöv bir tə'limdir."
Xətib Təbrizinin əlyazmaları bir çox tanınmış muzey və kitabxanalarda saxlanır. Bunlardan ən qiymətlisi, şairin özü tərəfindən üzü köçürülmüş və Tunis milli kitabxanasında saxlanan şərhin əlyazmasıdır. Həmin şərh şair Müfəzzəl Dabinin "Müfəzzəliyyat" adlı antologiyasına yazılmışdır.
|