|
Məşhur ictimai-siyasi xadim və dilçi-alim Hinduşah Naxçivaninin oğlu görkəmli alim və siyasi xadim Məhəmməd ibn Hinduşah Naxçivani XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamışdır. Atası kimi o da yaxşı təhsil almışdı, Azərbaycan, fars və ərəb dillərini kamil bilirdi. Qələmindən bir neçə dəyərli əsər çıxdıqdan sonra onu Təbrizə, İlxanilərin sarayına də’vət edirlər və o, burada münşi ( katib) vəzifəsində uzun müddət əsasən maliyyə məsələlərin üzrə çalışır. Onun alim kimi nüfuzunu və öz sahəsindəki böyük xidmətlərini nəzərə alaraq ona “Şəms-i Münşi ən-Naxçıvani“ (Naxçıvandan olan münşilərin günəşi ) ləğəbi verilmişdir.
Sarayda o İlxan Əbu Səidin ( 1316- 1335 ), daha sonra isə Arpa xanın ( 1335-1336 ) vəziri, görkəmli islahatçı, siyasi xadim və tarixçi alim Fəzlullah Rəşid əd-Dinin oğlu Qiyas əd-Din Rəşidi ilə dostluq edir. 1327/8-ci ildə yazdığı “ Sihahü-l fürs “lüğətini də məhz ona itihaf edir.
Fars dilinin bu izahlı lüğətini tərtib etdikdən sonra Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla Məhəmməd Naxçıvaniyə İlxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Sifariş çox ciddi olduğundan iş ləngiyir. Nə Əbu Səid, nə də Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə bilmirlər. Məhəmməd bu əsəri 1360-cı ildə bitirir, lakin alınan nəticələr onu qane etmədiyindən və müəyyən qədər də ölkədəki siyasi vəziyyət dəyişdiyi üçün daha 6 il əsəri redaktə edir və onun üzərində işləyir.
Nəhayət, 1366-cı ildə aprelin 6-da həmin iri həcmli əsərini tamamlayaraq, onu “ Dəstur əl-katib fi tə”yin əl məratib ” ( “ Dərəcələrin müəyyənləşdirilməsində katiblər üçün vəsait “ ) adlandırır. Əsəri İlxinlərin yinə Azərbaycanda hakimiyyətə gəlmiş və Təbrizi bu yeni dövlətin paytaxtı kimi saxlamış Cəlairilər sülaləsindən olan şeyx Üseysə həsr edir.
Orta əsrlərin elm və dövlət xadimləri həmin əsəri yüksək qiymətləndirmişlər və bu da Məhəmməd Naxçıvaniyə böyük şöhrət gətirmişdir.Vaxt keçdikcə bu cür əsərlər yaranmamış, həmçinin müharibələr zamanı bir çox dövlət arxivləri məhv olunmuşdur. Məhz bu səbəbdən əsərin dəyəri da artmış və bütün dünyada məşhur olan siyasətçi və islahatçı alimlər Nizam əl-Mülkün “Siyasətnamə”sini və Rəşid əd-Dinin ”Came ət-Təvarix“i ilə bərabər tuturlar.
Məhəmməd Naxçıvaninin həmin vəsaiti İlxanilər dövründə Azərbaycan dövlət quruluşu və ictimai-siyasi həyatının müxtəlif sahələrini əks etdirən nadir ensiklopedik əsərdir. Burada vergi qoyulmasının iqtisadi-hüquqi normaları, torpaq üzərində və digər mülkiyyət məsələləri, məhkəmə və pul dövriyyəsinin müxtəlif problemləri öz əksini tapıb. Bundan başqa əsərdə din, dinlə dövlətin qarşılıqlı münasibətləri, fəlsəfə və cərayanlar, mədəniyyət, ticarət, sənətkarlıq və incəsənət, hətta xəttatlıq alətlərindən istifadə məsələlərinə dair suallara da cavab tapmaq mümkündür.
Kitab bir çox dillərə tərcümə edilmiş və nəşr olunmuşdur. Əsərin Bakı nəşri Məhəmməd Naxçıvaninin tədqiq və təbliği üçün böyük əmək sərf etmiş akademik Ə.Əlizadə tərəfindən hazırlanmışdır. Əlizadə ona geniş şərh də vermişdir.
Məhəmməd Naxçıvani qələmindən çıxan başqa bir əsər-fars dilinin izahlı lüğəti olan “ Sihahül-fürs “ də az əhəmiyyət kəsb etmir, baxmayaraq ki, həmin lüğət son vaxtlara qədər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. İndi artıq lüğətin müəllifliyi ilə əlaqədar mübahisələr həll olunmuş və onun fars leksikoqrafiyası tarixindəki əhəmiyyət yüksək qiymətləndirilər. Bir çox araşdırıcılar bu nəticəyə gəlmişlər ki, XI-XIII əsrlər ərzində fars dilçiliyi sahəsində aparıcı rol azərbaycanlılara məxsus olmuşdur.
Müasir tədqiqatçılar həm orijinallığına, həm həcminə, həm də materialın əhatə dairəsinə görə Naxçıvaninin bu əsərini Qətran Təbrizinin izahlı lüğəti ilə tən tuturlar.
Burada oxucu fars dilinin fonetika, qrammatika və toponimikasına dair geniş mə’lumat tapa bilər, həmçinin elə şairlərdən nümunələr gətirilir ki, onların adları orta əsrlərin salnamə və müntaxabatlarında çətin rast gələ bilər.
Məhəmməd Naxçıvaninin əlyazmaları dünyanın bir çox kitabxanalarında saxlanılır və bunların tədqiqinə Avropa və Şərq alimləri çoxlu əsərlər həsr etmişlər.
|