Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XI - XIII əsrlər
NİZAMİ GƏNCƏVİ

     Azərbaycan xalqının ən böyük şairi və mütəfəkkiri, bütün dünya poeziyasında yeni epik romantik janrın banisi kimi ad çıxarmış dahi sənətkar, ümumdünya və Şərq İntibahının parlaq nümayəndəsi Nizami Gəncəvi XII əsrin ortalarında Gəncə şəhərində yaşayıb-yaratmışdır.

     Bu, çox narahat bir dövr idi. Səlcuq türklərinin ərəb işğalçılarını əvəz etdikləri zamandan artıq yüz ilə yaxın bir müddət keçirdi. Onların gəlişi ilə ərəb dili özünün üstün mövqelərini itirmişdi. Səlcuqlar dövlət dili kimi ərəb dilinin əvəzinə gəldikləri Orta Asiyada geniş yayılmış fars dilindən istifadə edirdilər. Beləliklə, müsəlman dünyasının qurtaracağında, Azərbaycanın şimalında bütün Şərqdə tanınan, öz nümayəndələri e'tibarilə güclü və qüdrətli, mahiyyətcə qeyri-adi dərəcədə rəngarəng və zəngin farsdilli Azərbaycan poeziyası cərəyanı yaranıb inkişaf tapır. Həmin məktəbə isə "şairlər padşahı" Nizami Gəncəvi başçılıq edirdi.

     Həmin məktəbin təmsilçiləri arasında Qətran Təbrizi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Əbül-Əla Gəncəvi, İzzəddin Şirvani, Mücirəddin Beyləqani və başqaları da vardı. Qeyd etmək lazımdır ki, adları çəkilən şairlərin hər biri bir yurdu, bir eli məşhurlaşdırmaq qüdrətində sənətkarlar idi. Bu fenomen müasir tədqiqatçılardan ötrü bir də ona görə maraqlı sayılmalıdır ki, fəlsəfi məzmunu e'tibarilə dərin, elmi informasiya ilə zəngin, mürəkkəb istilahlardan, obrazlı və alleqorik deyimlərdən bol-bol istifadə olunan əsərlər yaratmış bu müəlliflər geniş oxucu kütləsi tərəfindən sevilirdi. Onların əsərlərinin üzü köçürülür, şe'rləri əzbər söylənir,o dövr üçün ağlagəlməz bir sür'ətlə bütün müsəlman şərqinə yayılırdı. Bə'zən onların əsərlərindən götürülmüş bir çox süjetlər xalq ədəbiyyatı nümunələrinə keçir, folklorla elə qaynayıb-qarışırdı ki, sonradan bunların mənşəyini müəyyənləşdirmək də çətinlik törədirdi. Bu fenomeni necə izah etməli? Fikir və mədəniyyətin bu tüqyanı öz qaynaqlarını hardan götürürdü?

     İlk növbədə, görünür, yalnız coğrafi əlamətlərə əsaslanmaqla Azərbaycanı Qafqaz mədəniyyətinə şamil etmək tendensiyasından çəkinmək lazım gələcəkdir. Həmin uzaq dövrlərdə, hələ bəlkə ondan da çox-çox əvvəllər Azərbaycanın şimal hissəsində mədəniyyət, özünəməxsusluğunu saxlayaraq, ölkənin cənubu ilə dövləti və mədəni vahidliyi hesabına həmişə Yaxın şərq mədəniyyətinə meyl etmişdir. Azər-baycanın cənubunun taleyi həmişə onun şimalının inkişafında mühüm rol oynamışdır. Elə islamın yayılması da cənubdan şimala doğru getmişdir. Müsəlman mədəniyyətinin xristian Gürcüstan və Ermənistana tə'siri də ərəb və farslardan daha artıq bir dərəcədə Azərbaycan vasitəsilə həyata keçirilmişdir. Həmin tə'sir isə böyük olmaqla birlikdə həmin xalqların dillərində, toponimi-kasında, şifahi və yazılı ədəbiyyatında, musiqisində silinməz izlər qoymuşdur. Bu ölkələrin mədəniyyətinin Azərbaycana tə'sirini isə axtarsaq da, tapmaq mümkün deyildir. Azərbaycanın da daxil olduğu möhtəşəm bir ərazidə böyük Ərəb Xilafətinin yaranması müxtəlif bölkələr arasında ticarət, təsərrüfat və mədəniyyət əlaqələrinin genişlənməsinə, şəhərlərin böyüməsinə, sənətkarlıqın çiçəklənməsi-nə, elmin inkişafına kətirib çıxarır. Dənizçilik və karvan ticarətinin inkişafı astronomik, cəbri, triqonometrik və həndəsi biliklər tələb edir,xila-fəti təşkil edən xalqların coqrafi təsəvvürlərini genişləndirirdi.

     Ərəb, İran, türk və yunan elmi fikri bir-birini qarşılıqlı surətdə zənginləşdirirdi. Yalnız ərəblərin İrana və türk ölkələrinə yayılması prosesi deyil, həm də əks proseslər gedirdi. İkinci Xəlifə əl-Mənsurun (745-755) zamanında Xilafətdəki canişinlərin artıq yarısı İran və ya türkmənşəli idilər.

     Abbasi xəlifələrindən əl-Mənsur və Harun ər-Rəşidin zamanında və xüsusən də xəlifə əl-Mə'munun vaxtında geniş tərcümə işi aparılır. Orijinalları yunan dilində və ya Suriya ərəbcəsinə çevirmədə saxlanmış antik yunan ədə-biyyatından tərcümələr edilir. Antik mədəniyyətin, eləcə də Hind və Çin mədəniyyətlərini mənimsəmək üçün mümkün olan bütün imkanlar səfərbər edilir. Bağdaddakı "hikmət evi"nə bir çox ölkələrdən antik əsərlərin tərcüməçiləri də'vət olunur. Xüsusi xidmətlər xilafətin hər yerindən tərcümə üçün kitablar toplayırdı. Bizansdan təzminatlar qızıl əvəzinə kitablarla alınırdı. Şərəfli qonaqlardan hədiyyə kimi kitab qəbul olunurdu. Belə hesab olunur ki, "hikmət evi"ndə 400 min nüsxəyə qədər kitab toplanmışdı. Kitabxananın başında dövrün görkəmli alimi Xarəzmi dayanırdı.

     Əl-Mə'munun və onun sələflərinin cəhdləri boşa getmir. IX əsrdə xilafətdə elmin çiçəklənməsi dövrü başlayır. İri və kiçik hökmdarlar öz kitabxanalarını yaradır, saraylarını şair və alimlərlə əhatə edirlər. Kindi, Xarəzmi, Farabi, İbn-Sina, Biruni, Kaşqari, Bəhmənyar kimi ensiklopedik alim, şair və mütəfəkkirlərin elmin müxtəlif sahələrinə həsr olunmuş orijinal əsərləri meydana çıxır.

     İngilis fiziki C. Bernalın yazdığına görə, "Avropanın böyük bir hissəsində Roma imperiyasının süqutu ilə bağlı xaos hökm sürdüyü bir zamanda müsəlman dünyası sür'ətli çiçəklənmə dövrü keçirirdi."

     762-ci ildə xəlifə əl-Mənsurun zamanında salınmış paytaxt şəhəri Bağdad Xilafətin iqtisadi və mədəni həyatındakı çiçəklənmənin möhtəşəm təzahürünə çevrilir. Şəhər qədim Parfiya paytaxtı Ktesifon yaxınlığında yerləşən bir qəsəbənin yerində salınmışdı. Yarım əsrin içində şəhərin əhalisi artaraq, bə'zi mə'lumatlara görə, iki milyon nəfərə çatmışdı. Hələ o vaxta qədər dünyada belə bir şəhər olmamışdı.

     Təqribən eyni vaxtda Gəncə şəhəri salınır və bir çox' mə'nada Bağdada oxşadılırdı. Nizami dövründə bu şəhərdə yarım milyona qədər əhali yaşayırdı. Həm əhalisinin sayına, həm də elm və mədəniyyətin inkişafı səviyyəsinə görə, Gəncə bu bölkədə indiyəcən görünməmiş bir dərəcəyə çatmışdı. Heç təsadüfi deyil ki, Nizami doğma şəhəri "mənim Babilim" deyə tərənnüm edirdi. Burada məktəblər, mədrəsələr, şəxsi və ictimai ki-tabxanalar fəaliyyət göstərirdi. Şəhərdə "hikmət evləri" və "Şəfa ocaqları" da yaradılmışdı. Gəncədə məşhur alim Əbülfəzl əl-Naxçıvaninin rəhbərlik etdiyi "Dar əl kütub" de-yilən böyük bir kitabxananın olduğu da mə'lumdur. Azərbaycanın başqa şəhərləri də çiçəklənirdi. Üzərində "Azərbaycan" və "Arran" sözləri həkk olunmuş sikkələr kəsilirdi. Tarixçilər əhalisinin əksər hissəsinin kağız istehsalı ilə məşqul olduğu bir şəhər haqqında da yazırlar. Azərbaycanda ərəbdilli gör-kəmli alim və ədiblər ileyadası yaranır. Bunların arasında filosoflardan Əbülhəsən Bəhməniyar əl-Azərbaycani (vəf. 1066), Əbubəkr Əhməd Bərdici (vəf. 914), Əbusəid Əhməd Bərdəi (vəf. 929), Eynəlqüzzat Miyanəci (1099-1131), şairlərdən Musa Şəhavat (VII-VŞ əsrlər), İsmayıl ibn Yasar (yenə o vaxt), Əbül-Abbas əl-Əma (vəf. 718), Mənsur Təbrizi və başqalarını göstərmək olar.

     Ərəbləri əvəz edən səlcuqilər başqa dinlərdən olanlara qarşı dözümlü idilər və türk köçəri demokratiyası ən'ənələrinə əməl edirdilər. Onlar üç xəlifənin hakimiyyəti zamanında Azərbaycanın şimalında toplanmış biliklərin daha da inkişafı üçün ictimai zəmin yaradırlar və elə bu da binası böyük Nizami tərəfindən qoyulan yeni poeziya məktəbinin təşəkkül tapmasına səbəb olur. Dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Əbu Məhəmməd Nizaməddin ibn İlyas ibn Yusif ibn Zəki Müəyyəd Gəncəvi 1141-ci ilin avqustunda doğulub. Nizaminin tərcümeyi-hal mə'lumatları orta əsr təzkirələrində demək olar ki, rast gəlinmir. Tədqiqatçılar bu mə'lumatları şairin əsərlərindən toplayırlar. Ərəblərə məxsus ad və soyad göstəricisi bir cəhətdən sərfəlidir ki, nəinki adamın özünün, həmçinin atasının, babasının və oğlunun da adını, habelə doğulduğu yeri və təxəllüsünü müəyyənləşdirmək imkanı yaradır. Nizaminin əsl adı İlyasdır. Atasının adı Yusif, babasınınkı Müəyyəddir. Şairin birinci arvadı və ömrü boyu sevdiyi Afaqdan olmuş oğlunu Məhəmməd çağırıblar. Şairin əsərlərindən mə'lumdur ki, Nizaminin anası Gəncənin əvvəlki hakimləri olmuş Şəddadilər nəslindən bir kürd qadını idi. Ən'ənəyə görə, müdrik və alim bir insan, nüfuzlu sufi kimi onu şeyx Nizami Gəncəvi deyə çağırmışlar. Xalq arasında ona Azərbaycan türkcəsinə uyğun olaraq, Nizami Gəncəli də demişlər. Akademik Krımskinin yazdığına görə, XVII əsrin sonlarında Avropada nəşr olunmuş "Şərq kitabxanası" adlı kitabda şair Nazami Gəncəli kimi təqdim olunmuşdur. Bundan başqa qonşu Gürcüstanda indiyə qədər dahi şairi Nizami Gəncəli deyə çağırırlar.

     Əgər Nizaminin müasiri olan şair Qivami Mütərrizini onun qardaşı hesab edən sonrakı mənbələri nəzərə almasaq, şairin başqa qohumları barədə heç bir mə'lumat qalmayıb. Həmin mənbəyə gəldikdə, çaqdaş tədqiqatçıların çoxusu belə hesab edir ki, Qivami ilə onlar qardaş ola bilməzdilər. Çünki Qivami Nizaminin doğulmasından ən azı 25 il qabaq dünyadan köçmüşdür.

     Həmin dövrdə mə'lum olan bütün elm sahələrinə dərindən bələdliyi göstərir ki, Nizami Kəncənin ən yaxşı mədrəsələrindən birində hərtərəfli təhsil almışdır. Görünür, həmin mədrəsədə görkəmli alimlər ona dərs demiş və orada zəngin kitabxana olmuşdur. Buradan daha bir nəticə çıxarmaq olar ki, onun valideynləri yetərincə imkanlı və savadlı adamlar idilər və şairin ailəsi Gəncənin şəhər hissəsində yaşamışlar. Əslində, onun əsərlərinin təhlili də bunu sübut edir.

     Nizami hansı elmlərlə tanış olub? Nizami Gəncəvinin elmin hansı sahəsini daha yaxşı və ya pis bildiyini söyləmək çətindir. Şairin ensiklopedik bilikləri müasirlərimizi valeh edir. Onun əsərlərində insan övladına mə'lum olan bütün sahələrə dair mə'lumatlar tapmaq olar. Səciyyəvi cəhətlərdən biri də budur ki, həmin mə'lumatlar kifayət qədər peşəkar səviyyədə qələmə alınıb. Azərbaycan türkcəsindən başqa o, ərəb və fars dillərində də mükəmməl yazır və danışırdı. Ərəb dilini bilmədən o, belə dərin ilahiyyat bilikləri ala bilməz və Farabi, Xarəzmi, ibn Bəcci, Əbu Əli ibn Sina, ibn Rüşd kimi korifeylərin əsərlərini oxuya bilməzdi. Artıq sübuta yetirilmiş bir həqiqətdir ki, "Leyli və Məcnun" poemasının yazılması üçün şair xalq arasında yayılmış rəvayət və əfsanələrlə birlikdə ərəb mənbələrindən də istifadə etmişdir. Nizami əsərlərinin təhlili bunu da göstərir ki, o, qədim yunan və hind fəlsəfəsinə də bələd olmuşdur. Aristotel və Platon şairə daha güclü tə'sir bağışlamış-dır."İskəndərnamə" əsərində İskəndər dünyanın yaranması problemini antik alimlərlə birlikdə müzakirə edir. Bunlar şərqdə Ərəstun adı ilə tanınan böyük filosof Aristotel, Fales (Valis), Platon (Əflatun), Tianlı Apolloni (Rumlu Bulunus), Sokrat, Tirli Parfiri (Forforius) və əlkimyanın, makiya və digər "mö'cüzəli elmlər"in banisi Hermes Trismekistdir (Xormus). Nizami burada özünəməxsus ədəbi fənd işlzdərək, fi-kirlərindən demək olar ki, bütün əsərlərində istifadə etdiyi mütəfəkkirləri kainatın mənşəyinə dair "elmi simpoziuma" toplamışdır. Bu barədə akademik Konrad yazır: "həmin adlar mənə nadir bir tarixi sənəd tə'siri bağışlayır... Nə qədər nəhəng bir ağıl tutumu, nə qədər gözlənilməz bir fikir rəngarəngliyi, nə qədər heyranedici bir ruh zənginliyi! Bu adlara həm də hind himnosofistlərinin adlarını əlavə edək. Axı, burada onlardan da söhbət kedir! Və bizim qarşımızda özunün bütün parlaqlığı ilə Renesans dayanmış olur!"

     Astronomiya, astrologiya, kainatın mənşəyi məsələləri Nizami yaradıcılıqında olduqca böyük bir yer tutur. Söz oyunlarından, dolayı deyimlərdən, alleqoriyadan, obrazlı ifadələrdən istifadə etməklə şair göy cisimlərini, astronomik alətləri və terminologiyanı təsvir edir. Öz qəhrəmanlarının həyatından söz açarkən şair onlara uyğun qoroskoplar tərtib edir ki, bununla da özünün münəccimlikdə peşəkar bilik sahibi olduğunu nümayiş etdirir.

     Nizaminin əsərlərindən aydın görünür ki, o, həmin dövrün bütün savadlı adamları kimi Ptolomeyin "Məcəsti" (Almaqest) və Evklidin "Başlanğıc" kitabları ilə tanış olmuşdur. Görünür, "Yeddi gözəl" əsərində adını çəkdiyi astronomik alətlərdən istifadə etməyi də bacarırdı. Aydın görsənir ki, göy ci-simlərinin koordinatlarını müəyyənləşdirməkdən ötrü işlədilən üstürlabla Nizami daha yaxından tanış olmuşdur, çünki bu alət sənətkarın demək olar ki, bütün poemalarında xatırlanır.

     Nizami əsas e'tibarilə Ptolomeyin geosentrik sistem nəzəriyyəsini qəbul edirdi. Bu sistemin mərkəzində Yer planeti dayanır. Yer yeddi göy sferası ilə əhatə olunub. Bunların hər birində yeddi planetdən biri hərəkət edir. Həmin planetlər isə ayrı-ayrılıqda həftənin günlərindən və rənglərdən birinə uyğun gəlir. Ayın göydəki hərəkət yolu ərəblər tərəfindən Ayın dayanacağı adlanan 28 hissəyə bölünür. Öz adı olan hər dayanacaqda Ay bir gün ərzində bir qrup ulduzu adlayır. Ayın və Günəşin bürclər arasında hərəkəti və onların qarşılıqlı münasibəti qədim insanların təqvimlərini müəyyənləşdirirdi. Buna əsasən, insanın taleyini və tarixi hadisələri irəlicədən müəyyənləşdirmək də olurdu. Nizami əsərlərinin məcazını anlamaq istəyən oxucu astronomiya və astrologiyanın heç olmasa, əlifbasını bilməli və şərqdə qəbul olunmuş istilahlardan xə-bərdar olmalıdır.

     N. A. Əbdülqasımova "Nizami və Kainat" adlı kitabında bu qoroskopun açmasını vermişdir: "Anadan olan bu uşaq hamını öz biliyi və igidliyi ilə heyran qoyacaq, çünki onun tale ulduzu Şir bürcündədir. Parlaq zəkası ilə elmdə uğur qazanacaq, Günəşin Oğlaq bürcündə durması buna işarədir. Xoşbəxt ola-caq-Merkurinin Əkizlər bürcündə dayanması bunun rəmzidir. Cəsurluğu və atıcılığı ilə dünya şöhrəti qazanacaq, çünki Venera temperamentli Oxatan bürcündə yerləşir. Müharibələrdə qələbə çalacağı isə ondan bəllidir ki, Mars Tərəzi bürcündə dayanır."

     Nizaminin "Xosrov və Şirin" poemasında özü üçün tərtib etdiyi qoroskop vasitəsilə araşdırıcılar onun anadan olduğu ili, hətta ayı da müəyyənləşdirmişlər:
     Fələk yaradarkən deyib mənə "şir
     " Likin bu vucudum bir yun heykəldir
     Deyiləm düşmənlə vuruşan şirdən
     Yetər ki, özümlə döyüşürəm mən.

     Şairin yaradıcılığında onun astroloji biliklərini kifayət qədərdir. Bunlardan birini nəzərdən keçirək:
     Taleyi hut idi, Muştəri hutda
     Zöhrə bir l'əl idi sanki yaqutda
     Ay Surda, Cövzada Tir tutmuş qərar
     Mərrix də Əsəddə oldu aşikar...

     Nizami əsərlərində tez-tez yaz və payız vaxtı gecə ilə gündüzün bərabərləşdiyi günlər, Ağ yol, Cənub və Şimal qütbləri və Avropada yalnız ondan beş əsr sonra kəşf olunan Saturn həlqəsi də xatırlanır. Nizami kainatın yaranması və dünyanın qurulması kimi məsələlərə xüsusi diqqət yetirir. Nizami coqrafiya sahəsində də ciddi biliklər sahibi olub. Onun çağdaşı olan elə bir sənətkar tapmaq olmaz ki, qəhrəmanları Nizaminin surətləri qədər geniş bir coqrafi məkanda yaşasınlar, baxmayaraq ki, dahi sənətkarın özü heç vaxt Gəncədən çıxmayıb. Bu mə'nada Nizamini yalnız bizim müasirimiz Jül Vernlə müqayisə etmək mümkündür."Xəmsə"də bu ölkələr sadalanır: Azərbaycan, Çin, Tibet, Kəşmir, İran (Əcəm), İraq, Suriya, Livan, Yəmən, Oman, Ədən, Efiopiya (Həbəş, Abissiniya), Sinay, Misir, Məqrib, Rum (Yunanıstan), Əndəlus (İspaniya), Muqan, Şirvan, Arran, Abxaziya (Gürcüstan), Armaqan (Ermənistan), Kaşğar, Mavərənnəhr, Mazandaran, Xuzəndaran, Xuzistan, Cam, Kisir, Sərir, Xətay, Xorasan, Bədəxşan, Kimkələ, Zənzibar, İstəxr, İfrəncat, Xavəran, Di-histan, Cənd, Gilan, Təraz, Xittal, Kayravun, Əlburz, Gənnuc, Xəllüx, Ərk, Xəzran, Zink, Müqəddəs, Kəmər. Şairin poemalarında həmçinin türklər, ruslar, abxazlar, ermənilər, franklar, nubiylər, soqdilər,saklablar (slavyanlar), yəhudilər, bərbərlər, zinclər və başqa tayfalar və xalqlar haqda danışılır. 0 hətta Şimal qütbünü də tanıyır:
     Var Şimal qütbündə qaranlıq bucaq
     Ağ, gümüş çeşməsi hər sudan parlaq.

     Nizami şimali Afrika, cənubi Avropa, Levanta, Ərəbistan, İran, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistanda yerləşən onlarla şəhər adı çəkib. Bunların arasında onun doğma şəhəri Gənçə və Bərdə, Dərbənd, Tiflis, Çaç (Daşkənd), Buxara, Səmərqənd, Herat, Xarəzm, Bağdad, Məkkə, Şam (Dəməşq), İskəndəriyyə, Xəllüx, Mədain (Ktesifon), Lahor, Fərxar (Fəlqar), Kirmanşah (Kərmənxan), Alan, Bəlx, Mərv (Şahican), Zəncan, Xotən, Yaqma, Rey, İsfahan, Mosul, Babil, Yerusəlim, Qəznə, Fur, Nişapur, Şəhrur, Bulqar, Tus, Kürkan, Burtas, Kisur, Xəzran, Bushaq, Xar, Bəsrə, Tamuz, Vaş və başqaları da vardır.

     Müasir alimlər belə hesab edirlər ki, qaraçılar Avropaya Hindistandan gəlmişlər."Yeddi közəl" poemasında da Nizami qaraçıları İranla, onların hindistandan qaçmasına kömək etmiş Bəhramın adı ilə bağlayır. Yer üzünün dəyişməsinə səbəb olmuş proseslərin təsvirini oxuyanda elə bilirsən ki, bütün bunlar coqrafiya dərsliyindən götürülmüşdür:
     Yenəmi alçalaq bir torpaq kimi
     Ruzgara baş əyən bir yarpaq kimi?
     Yenəmi yel olub torpaq sovuraq
     Xəzəllə, tikanla oynayıb duraq?
     Torpaqdan nə qədər xərc alsa ruzgar
     Aldığı torpaqla çuxur doldurar.
     Bundan aldığını ona verərik
     Aldığı mayanı qaytarır külək.
     Bu çat-çat yerlərə diqqətlə bir bax,
     Torpaqdin qurulmuş bu yerlər ancaq.
     Gah zəlzələ qopar, gah sellər axar,
     Torpaq tuta bilməz bir yerdə qərar.
     Zəlzələ batırar, su yuyar onu
     Sonra düzəngaha çevrilər sonu.
     0 vadi zamanın hökmləriylə
     Dönüb qışlaq olur obaya, elə.
     Bu fani torpaqdan hər arxı bir su
     Bir də külək qazmış sözün doğrusu.
     Yurin hüdudundan o tərəfdə də.
     Buludlar, fələklər qaçışır yenə.
     Onlar bir-birinə sarılmış bərk-bərk
     Hamsı top kimidir, kəzir kürətək

     Nizami cisimlərin dövri hərəkətini və ətalət qanununu olduqca obrazlı bir şəkildə təsvir edir:
     Başlınqıc hərəkət olmasa əgər.
     Hərəkət edərmi bir cəhrə məgər?
     Hərəkət verərsə ona bir insan
     0 da hərlənəcək yəqin bir zaman.
     Kainat özü də belə dövr edir
     Gövhər tanıyana aydındır bu sirr.

     Nizami onluq kəsrlərdən, kök ifadələrindən və onluq sistemə görə, irrasional rəqəmlərdən də xəbərdar olmuşdur:
     Özümü unudub həvəslə özümü tərk etdim
     Yuz bir oldu və mən biri yüz göra bildim.
     Şairin həndəsi görüşləri barədə aşağıdakı şe'r parçası təsəvvür yaradır:
     Xətləri müxtəlif olan nöqtədən
     İlk gələn hərəkət 'əlif"di, bil sən
     Qovuşdu o xəttə sonra başqa xətt ,
     Ortalıqda bir səth törədi əlbət.
     Olunca üç xətlə əhatə mərkəz
     Bəsit bir cism oldu, qoy bilsin hər kəs
     Xətt, bəsit, ən sonra cisim, budur fənn
     Sən bu üç tərəfə tutum deyirsən.
     Aləmi əvvəldən sonuna qədər
     Belə bir qaydayla insan öyrənir.
     Əqlə mə'lum olsa bu işlər bir gun
     Bır qırpımda gəzər dünyanı bütün.

     Nizami kimyakərlər və əl-kimya ilə məşğul olanlar arasında kəskin bir sərhəd çəkmir. Lakin hiss olunur ki, sonunculara şübhə ilə yanaşır:
     Kim əsil kimyaya verərsə ürək
     O, saxta kimyaya uymasın gərək.

     Nizaminin rəngkarlıq, xəttatlıq və xüsusən də musiqiyə dair zəngin bilikləri belə bir ehtimal irəli sürməyə imkan verir ki, həmin fənlər şairin bitirdiyi mədrəsənin tədris proqramlarına daxil olmuşdur. Nizaminin poemalarına əsasən, Azərbaycanın və müəyyən qədər də bütün Şərqin musiqi həyatının demək olar ki, bütün sahələrinə dair ətraflı mə'lumat almaq mümkündür. Nizami muğamlardan, təsniflərdən, xalq mahnılarından, müğənnilərdən, musiqiçilərdən, rəqqasələrdən və çox sayda musiqi alətlərindən bəhs edir. 0, melodiya, lad, ritm, harmoniya, modulyasiya kimi musiqi istilahlarını işlədir. Azərbaycan klassik poeziyası ilə musiqi sıx surətdə bir-biri ilə bağlı olmuşdur. Qəzəl-qadına, yaxud onun şəxsində Allaha məhəbbətdən şe'r yazan şair adətən, klassik muğamlardan yaxşı baş çıxarır, bə'zən öz qəzəllərini muğam üstündə oxuya da bilirdi. Şairlər çox vaxt öz qəzəllərini müəyyən bir musiqi ladında qələmə alırdılar. Musiqinin qəzəlin quruluş və ruhuna uğunluğu isə şairin və müğənninin müvəffəqiyyəti idi:
     Hər pərdədə Barbəd çalsa bir məqam
     Şah xələt verirdi mirvari tamam.

     Və ya:
     Pərdənin ucunu qaldırıb canan
     Dedi: "Gəlsin biri çalğıçılardan
     Bu dargahda kəlsin, cənglə otursun,
     Halımi ahəngdar bir mizrab vursun.
     Halıma sazını uyğun eyləsin,
     Hər nə kim, mən desəm, onu söyləsin.

     Bu sətirlərin yazıldığı vaxtdan 800 il keçəndən sonra dahi Üzeyir hacıbəyov Nizaminin bu çağırışına səs verir və "onun kədərinin bütün ağrılarına" uyğun gələn "Sənsiz" və "Sevgili canan" kimi romanslarını bəstələyir.

     Deyildiyi kimi, Nizami öz poemalarında bir çox muğam və mahnıları xatırlayır. Təkcə "Xosrov və Şirin" poemasında məşhur müğənnilərdən Barbəd və Nəkisa otuz mahnı və səkkiz muğam ifa edirlər. Bu mahnılar (təsniflər) arasında "Küləyin bəxş etdiyi xəzinə", "İnci pərdə", "Şirin içki", "Siyavuşun in-tiqamı", "Şirinin bağçası"da vardır. Rast, İraqi, Novruzi, İsfahani, Üşşaq, Rahavi, Zirifkan, Hisari kimi muğamlar da həmin poemada xatırlanır. Ola bilsin ki, adı çəkilən mahnılar "Xosrovani" tipli hansısa bir silsiləyə daxil ol-muşdur. Qeyd edək ki, Nizaminin müasiri və həmyerlisi Əbu bəkr ibn Xosrov əl-Ustad Gəncəvinin "Munisnamə" kitabında otuz mahnıdan ibarət "Xosrovani" silsiləsi sadalanır. Maraqlıdır ki, həmin mahnıların bir çoxunun adları "Xosrov və Şirin"də çəkilənlərlə oxşardır.

     Əgər Nizami dövrünün musiqisi barədə təsəvvürlər hətta təhrifə uğramış şəkildə də olsa, bizə gəlib (Nizaminin gətirdiyi muğamların adları indiki Azərbaycan muğamları ilə uzlaşır) çatmışdırsa, o dövrdə Gəncədə intişar tapan təsviri incəsənət haqqında heç nə bilmirik. Buna görə də Nizaminin rəngkarlıq və heykəltəraşlıq barədə yazdıqları daha böyük maraq doğurur. Onun poemalarında portret və divar rəngkarlığı, heykəltəraşlıq, habelə bu sahələrin tanınmış ustaları haqqında mühüm mə'lumatlar vardır. Nizami Çin və Rum rəngkarlığını daha yüksək qiymətləndirir. Nizamini diqqətlə mənimsəyəndən sonra çıxarılan ən maraqlı nəticələrdən biri də budur ki, o dövrdə rəssamlıq sənətinə indikindən fərqli baxış olmuşdur. Müasir sənətşünaslar belə hesab edirlər ki, Şərq rəngkarlığında təsvir olunan obyektlərin portret oxşarlığına çox da mühüm yer verilməyib. Nizaminin əsərləri isə göstərir ki, bu fikir düzgün deyil. Şair təsvir olunan obyektin az qala güzgü əksi qədər dəqiqliyindən danışır:
     Zirək şəkilçəkən, qələmi iti,
     Xəyalən çəkərdi min bir surəti.
     İncə, zarif işdə xeyli pərgardı,
     Suların üstündə naxış salardı.

     Nizami öz dövründə tibb, anatomiya və farmokologiya üzrə yaradılmış əsərlərlə, xüsusən, orta əsr həkimlərindən Qalen, Razi, İshaq ibn Hüneyn, İbn-Sinanın əsərləri ilə tanış olmuşdur. 0, şahmat və nərd kimi oyunları çox xoşlamışdır və tez-tez bu oyunların istilahlarından istifadə edir:
     İndi ki, döyüşün şahmat taxtasına atılmısan,
     Atını irəli sür, topunla zəfər zərbəsi endir.

     Öz dövrünə görə, kamil təhsil almış Nizami görünür, bununla kifayətlənməmiş, Gəncənin "ağzına qədər dolu olan" kitabxanalarında biliklərini artırmışdır:
     Dedim ki, bir əsər yaradım gərək
     İncə naxışlarla kəsilsin bəzək
     Dünyada nə qədər kitab var belə
     Çalışıb, əlləşib gətirdim ələ.
     Ərəbcə, dəricə, yeri düşərkən
     Buxari, Təbəri əsərlərindən
     Oxudum, oxudum, sonra da vardım
     hər gizli xəznədən bir dürr çıxardım,
     Əlimə yetişən har bir viraqdan
     Nüsxələr bağladım mən zaman-zaman.
     Onda ki, fikrimi saldım sahmana
     Dedim ki, qoyonu duzum dastana.,

     Bütün bunlarla yanaşı Nizaminin əsərləri həm də Azərbaycan xalqının orta əsrlər etnoqrafiyası üzrə bir ensiklopediyadır. Alimlər burada çağdaş etnoqrafiya baxımından onları maraqlandıran bir çox suallara cavab tapa bilərlər. Bu əsərlərdə ölkənin təsərrüfat həyatından və maddi mədəniyyətindən tutmuş ailə və nigah məsələlərinə qədər hər şey öz əksini tapıb. Akademik Y. E. Bertelsin yazdığına görə: "Əgər nəzərə alsaq ki, bütün bu biliklərə möhtəşəm bir poetik iste'dad da əlavə olunub, aydın olar ki, saray şairliyi yoluna keçsəydi, Nizami başkicəlləndirici bir tərzdə sür'ətli müvəffəqiyyət qazana bilərdi."Ancaq Nizami saray şairliyi yolunu tutmur və heç zaman Gəncədən qırağa çıxmadan burada yaşayır. O hətta özünü cəmiyyətdən də təcrid etmişdir:
     Qızılgül kədərlə qönçədə bağlı qaldığı kimi
     Mən də tənhalığı və tanrıya sitayişi seçmişəm.

     Bu, şairin həyatının ən böyük müəmması sayılır. Şairin özünü təcridini hər şeydən əvvəl onun sufi təriqətlərinə mənsubluğu ilə bağlamaq mümkündür. Üstəlik o, həm də şeyx ləqəbi daşıyırdı. Şeyx, yaxud mürşid tərkidünya olmalı və öz şa-girdləri-müridləri, ardıcılları ilə tanınmalı idi. Tarixi əsərlərdə Nizaminin müridləri haqqında heç bir mə'lumat verilmir. Şairin mürşidi barədə də heç nə mə'lum deyil. Hərçənd ki, bir yerdə Nizaminin hələ o anadan olmamışdan 70 il qabaq dünyasını dəyişmiş Əxi Fərrux Zəncaninin ardıcılı olduqu göstərilir. Ola bilsin ki, Zəncaninin mənsub olduğu sufi təriqəti Gəncədə hökm sürən qatı sünni ortodoksallarına qarşı mübarizəsini o qədər də üzə salmamış və elə ona görə də Nizaminin bu sahədə fəaliyyəti barədə bizə heç nə gəlib çatmamışdır. Buna baxmayaraq, şeyx Nizaminin müqəddəsliyi haqqında rəvayət xalq arasında məşhurdur: Atabəy Qızıl Arslan Şeyxlə görüşmək istədiyini bildirir və onun ardınca adamlar göndərir. Atabəyə eyhamla bildirirlər ki, bu qoca müdrik dünyadan uzaqlaşıb, hökmdarların və ağaların məclislərdən imtina edib. Atabəy bunu yoxlamaqdan ötrü özü onun hüzuruna gəlir. Qeybdən xəbər tutmaq qabiliyyətinə malik Şeyx Atabəyin onu sınağa çəkmək məqsədi ilə gəldiyini hiss edir. Öz mə'nəvi dünyasının qapılarını açaraq şahzadəni ora çəkir. Qızıl Arslan bu "dünya"da gözünə görünənlərdən dəhşətə gəlir. Ən qiymətli daşlarla bəzədilmiş şahlıq tacı şeyx üçün nəzərdə tutulub. hökmdarlara layiq sarayda on min qul və döyüşçü şeyxin xidmətində dayanıb. Şeyx özü azman bir şah kimi taxtında əyləşib və bellərinə qızıl kəmərlər bağlamış bütün bu insanlar, vəzirlər, qullar, döyüşçülər hamısı onun taxtından aydın görsənir. Atabəyin gözləri şeyxin bu təntənə və dəbdəbəsini görən kimi o, sarsılaraq, şeyxin ayaqlarına qapanmaq istəyir, ancaq elə həmin anda o, yenidən bu mə'nəvi aləmdən qopub ayrılır. Öz qarşısında yenidən zəif və sısqa bir qocanın dayan-dığını görür. Bu qoca mağarasının qarşısında keçənin üstündə oturub, qabağında da kitab-dəftəri, mürəkkəbqabısı, qamış qələmi və əsası. Atabəy artıq ona xor baxmır və əyilib Şeyxin əlindən öpür. Artıq onun Şeyxə hörməti ən yüksək dərəcəyə çatmışdır. Müdrik şeyx də öz yaddaşında ona yer ayırır və onun üçün dualar oxuyur. Atabəy, rəvayətə görə, tez-tez Şeyxin hüzuruna gələr və onunla söhbətdən həzz alarmış. Nizami həmin hadisəni Qızıl Arslanın dilindən belə təsvir edir:
     Öz-özümə dedim: onun ayağına düşəcəyəm,
     Yerə düşən toz dənələri kimi.
     Lakin mən nə gördüm? Göy bir anda
     Gözlərim qarşısında çəkildi.

     Nizaminin həyatından bəhs edənlər material qıtlığı üzündən bu və ya digər bir tərzdə onun "Xəmsə" adlanan poemalarının yazılma mərhələlərindən istifadə edirlər.

     İlk böyük əsəri olan "Sirlər xəzinəsi"ni ("Məxzənül-əsrar") Nizami otuz yaşını azca keçdikdən sonra yazır. Bu, XII əsrin yetmişinci illərinə təsadüf edir. Bu vaxt o, artıq şairlər əhatəsində iste'dadlı şair, gözəl lirik şe'rlər müəllifi kimi tanınırdı. Şair bu poemanı kiçik Asiyadakı Ərzincan ölkəsi-nin hökmdarı Fəxrəddin Bəhramşah ibn-Davuda (1166-1225) həsr edir. Nizami özü əsəri şahın yanına aparmaq istəsə də, həmin bölkədə gedən hərbi əməliyyatlar buna imkan vermir. Səlcuq tarixçisinin yazdığına görə, poemanı oxuyandan sonra Bəhram şah demişdi: "Əgər mümkün olsaydı, mən bu əsərin mirvari kimi sapa düzülmüş misralarının müqabilində bütöv bir xəzinə hədiyyə edərdim. Çünki bu əsərin sayəsində mənim adım dünya durduqca yaşayacaq."

     "Sirlər xəzinəsi" şairin yaradıcılığında mühüm yer tutur. Əgər onun sonrakı dörd poeması daha çox müasir romana (roman-poema) uyğundursa,bu əsər əxlaq və insan davranışının qaydalarından bəhs edən nəsihətamiz hekayə və novellalardan təşkil olunmuşdur. Bu əsər daşıdığı mə'na yükünə, dini və sufi-mistik fəlsəfi fikir tutumuna görə onun digər əsərlərindən fərqlənir."Sirlər xəzinəsi" şairə hələ sağlıqında böyük şöhrət gətirmiş və bütün Şərq ölkələrində ona nəzirələr yazılmışdır.

     Nizami artıq məşhur bir şairdir. 0 vaxtlar hökmdarlar belə şair və alimləri ya saraya də'vət edir, yaxud da öz himayələrinə götürürdülər. Bə'zən şairə təqaüd kəsir, qiymətli hədiyyə verir, yaxud da torpaq bağışlayırdılar. həmin dövrdə Nizamiyə kimin himayədarlıq etdiyi bizə mə'lum deyil, ancaq qeyri-adi hədiyyələrdən biri haqqında mə'lumat şairin həyatı ilə maraqlananların hamısına bəllidir. Çünki bu bəxşiş şairin ömründə dərin izlər buraxmışdır. Dərbənd Hökmdarı-Dara Müzəffər əd-Din Nizami iste'dadına heyranlığının nümunəsi kimi şairə gözəl və gözəl olduqu qədər də inadkar bir qıpçaq qızı göndərir-Afaq! Nizami onun haqqında yazır:
     O, Dərbənd şahının bir töhfəsiydi,
     Saf, ağıllı, gözəl gül qənçəsiydi.
     Dəmir bir zirehdi əynində paltar
     Əynində donu var, köynəkdən də dar.
     Əğyara qəzəbli, mənə mehriban,
     Könül yoldaşımdı o nazlı canan.

     Təqribən 1173/74-cü ildə şair Afaqla evlənir. Afaq şair üçün bütün əsərlərində tərənnüm edəcəyi qadın idealına çevrilir. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, məhz Afaqa olan məhəbbəti Nizaminin yaradıcılığına yeni axar gətirir. Elə həmin il onların Məhəmməd adlı oğlanları anadan olur və Nizami bəxtiyardır!

     Lakin bu bəxtiyarlıq da uzun çəkmir. 1180-ci ildə Afaq ölür. Bu hadisədən çox keçməmiş İraq-səlcuq sultanı III Toğrul (1177-1194)böyük muzd müqabilində Nizamiyə sevgi mövzusunda poema yazmağı sifariş edir. Tərki-dünya həyat tərzi keçirsə də, şair bu sifarişi qəbul edir. O, kitab bazarının konyunkturasını yaxşı bilirdi. O yaxşı başa düşür ki, məhəbbət və erotika həmişə oxucular arasında rəqbətlə qarşılanacaqdır. Əslində isə bunun arxasında şairin sufi dünyagörüşünün rəmz və alleqoriyaları dayanırdı :
     Mənim xəzinəm var " Məxzənül-əsrar",
     Boş zzhmət çəkməyin nə mə'nası var?
     Lakin bir adam yox dünyada bu gün
     Zövqdən, əyləncədən uzaq görünsün.
     Bir sevda bəslədim, şirindir dadı
     Dərdə düşənlərin budur imdadı.
     Bir naxış salmışam ona həvəsdən
     Həvəslə seyr edir onu hər görən.

     həm də sevimli Afaqının xatirəsini əbədiləşdirmək üçün bir məqam da yarandığını anlayan şair razılıq verir. Əsasında Şərqdə geniş yayılmış Xosrov və Şirin dastanı poema belə yaranır.

     Poema sultan III Toğrulun tə'rifi ilə başlayır. Nizami əsəri bir ilə başa çatdırsa da, onu sifarişçisinə çatdıra bilmir, çünki o, yürüşə çıxmışdı. Beləliklə, kitabda atabəy Məhəmməd Cahan Pəhləvana, onun ölümündən sonra isə qardaşı, Azərbaycan sultanı Qızıl Arslana həsr olunmuş daha iki fəsil yaranır. Tə'riflərin çoxluğu hər şeydən qabaq, Nizaminin bu əsəri layiqli əllərə tapşırmaq cəhdindən doğurdu. Yalnız zəngin hökmdarlar xəttatların zəhmətini və bahalı kağızın dəyərini ödəyə bilərdilər. Yalnız onlar bu cahanşümul əsəri oxuculara çatdırıb, gələcək nəsillər üçün qoruyub saxlaya bilərdilər.

     "Xosrov və Şirin" Sasani şahzadəsi, sonra isə məşhur şahlardan olmuş II Xosrovun alban şahzadəsi Şirinə olan faciəli eşqinə həsr edilmişdir. Nizami öz qəhrəmanlarının fikir və əməllərini böyük ustalıqla təsvir edir, onların davranışlarına psixoloji baxımdan izah verməyə çalışır. Əsas qəhrəmanların xarakterini daha dərindən açmaq məqsədilə şair əsərə üçüncü bir qəhrəman da daxil edir-yüksək səviyyəli me'mar və inşaatçı, şairin şərti olaraq, "daşyonan" adlandırdıqı Fərhadı. Bu, nəcib, saf ürəkli gənc, Şirinin eşqi yolunda canını da fəda etməyə hazırdır. Akademik Y. E. Bertels "Xosrov və Şirin" poeması haqda yazırdı ki, bu, "nəinki Azərbaycan, həm də dünya ədəbiyyatının şah əsərlərindəndir. Yaxın Şərq ədəbiyyatında ilk dəfə olaraq, insan bütün ziddiyyətləri və təzadları ilə tərənnüm olunur." Poema görünməmiş bir uğur qazanır. Şairə qızıldan dağlar və'd edirlər, lakin özünün yazdığı kimi:
     Gör işim gül kimi necə tez soldu
     Necə atım çolaq, yüküm xar oldu.
     Əsərimi alan doydu ömürdən
     Getdi zəmisini biçməmiş birdən.

     Nizamidən sonra Şərqin onlarla ists'dadlı şairi bu mövzuya üz tutur. Onların arasında Hindistanlı Əmir Xosrov Dəhləvi və özbək şairi Əlişir Nəvai kimi görkəmli şairlər də var. Nizami öz poeması üçün faktik materialı Azərbaycan folklorundan götürmüşdür. Onun bu əsərindən sonra həmin mövzu xalq arasında daha da populyarlaşmış və bizim günlərə qədər xalq rəvayəti kimi gəlib çatmışdır.

     Afaqın ölümündən bir qədər keçəndən sonra Nizami ikinci dəfə evlənir, lakin yenə də taleyi ona yar olmur. Şairin ikinci arvadı 1188-ci ildə rəhmətə gedir. Elə həmin il də Nizami şirvanşah II Əxsitandan yeni poeması üçün sifariş alır. Şirvanşah xahiş edir ki, şair nakam sevgililər Leyli və Məcnun haqqında ərəb əfsanəsini nəzmə çəksin. İlk əvvəl Nizami bu sifarişi rədd etmək istəyir, çünki onun fikrincə, bu süjet də ərəb səhrasının qumları kimi qurumuş və cansız hala gəlmişdi. Lakin oğlu Məhəmmədin tə'siri altında bu sifarişi də qəbul edir. Leyli və Məcnun haqqında yazılı və şifahi rəvayətlərin hamısı ilə tanış olduqdan sonra mövzu şairi daha çox çəkməyə başlayır. Həmin əsər də ilin sonuna artıq hazır olur.

     Poemada Qeys və Leylinin məktəbdə başlayan və uzun illər davam edən, onların valideynlərinin yaratdıqları maneələrə baxmayaraq ket-kedə daha da şiddətlənən dəlicəsinə sevgisi tərənnüm olunur. Bu sevginin ucbatından Qeys Məcnun-"dəli" ləqəbi qazanır. Leyli isə eşq dərdindən dünyadan köçür və bu nakam məhəbbət Məcnunu da məhv edir.

     Stalinin "sayeyi-mərhəməti" sayəsində Nizaminin şirvanşahdan aldığı məktub haqda qeydləri indiyə qədər də mütəxəssislər tərəfindən müxtəlif cür izah olunur. Nizami yazır:
     "İstərəm Məcnunun 6öyük eşqinə
     Bir söz xəzinəsi açasan yenə.
     Bu təzə gəlinə çəkəndə zəhmət
     Fars, ərəb diliylə vur ona zinət
     Sözün sərrafıyam, sən ki bilirsən,
     Təzəni köhnədən tez seçirəm mən.
     Türk dili yaraşmaz şah nəslimizə
     Əskiklik gətirər türk dili bizə.
     Yüksək olmalıdır bizim dilimiz,
     Yüksək yaranmışdır bizim nəslimiz.
     Qulluq halqasına düşdü qulağım
     Qan vurdu beynimə, əsdi dodağım.

     Mikola Bajan 1939-cu ildə Kiyev ziyalılarının Stalinlə görüşündən bəhs edərkən göstərir ki, bu görüş zamanı həmin parçaya istinad etməklə göstərilib ki, guya Nizamini azərbaycanca deyil, farsca yazmağa məcbur ediblər."Yoldaş Stalin bəşəriyyətin yaratdığı bütün dəyərləri əhatə edən geniş zəkası və hafizəsinə arxalanarıq bax, məhz bu şe'ri əzbərdən söylədi." Nizamişünaslıq sahəsinin gözəl bilicilərindən biri olan Rüstəm Əliyev belə bir doğru qənaətə gəlir ki, burada söhbət mükafatın verilib-verilməməsindən gedir. Sultan Mahmud Qəznəvi ilə Firdövsi arasındakı münasibətlərə işarə vurulur. Başqa bir tanınmış tədqiqatçı A. A. hacıyev isə Əxsitanın Nizamiyə məktubunu belə izah edir: Gəncə Atabəylər dövlətinin ərazisindədir və "Xosrov və Şirin" poemasındakı hadisələr də burada cərəyan edir. Əsərin qəhrəmanları olan Məhinbanu, Şirin və Fərhadı da şair türk cizgiləri ilə səciyyələndirir. Əxsitan isə Nizamidən tələb edir ki, bu poemanın qəhrəmanları türk deyil,ərəb olsunlar, onların davranışları da ərəb əxlaqı ilə müəyyənləşsin.

     "Leyli və Məcnun" poemasına da xeyli nəzirələr yazılmışdır və həmin ən'ənə bu gün də davam etməkdədir. Bunlardan ən qədimi Azərbaycan dilində Həqiqi Təbrizi (1512) tərəfindən yazılmışdır. Əsərin yeganə nüsxəsi Britaniya muzeyində saxlanılır. Həmin mövzuda Əmir Xosrov, Əlişir Nəvai və Məhəmməd Füzulinin yazdığı əsərlər Şərqdə daha çox şöhrət qazanmışdır.

     Şair özyazdığına görə 1196-cı il iyulun 31 -də gecə yarısı dördüncü poeması olan "Yeddi gözəl"i də bitirir. həmin əsərin sifarişçisi Ağsunqurilər sülaləsindən olan Əla əd-Din Körpə Arslan (1174-1207) idi. Nizami əsərdə ondan başqa oğlanları Nüsrət əd-Din Məhəmməd şahı və Əhməd şahı da xatırlayır.

     Bu vaxt artıq Nizaminin səhhəti pisləşmişdi, o maddi cəhətdən daha yaxşı tə'min olunmaq istəyirdi. Əsərin giriş hissəsində duyulan "ümidsizlik, yorğunluq və öz qüdrətinə şübhə hissləri" də elə buradan doğur.

     "Yeddi gözəl" nağılvari bir poemadır və Nizami burada Sasani hökmdarı Bəhram Gürun sərgüzəştlərindən bəhs edib. Həmin əyləncəli mündəricə şairə oxucularının diqqətini əbədi problemlərdən olan ədalətli şah məsələsinə yönəltməkdən ötrü lazım gəlib.

     Bəhramın öz sərküzəştlərindən başqa şair bu poemaya yeddi gözəlin şən və ibrətamiz hekayətlərini, habelə şahın həbsdən azad etdirdiyi yeddi təbəəsinin danışdığı süjetləri də salmışdır. Həmin hekayətlər bir qayda olaraq, zalım bir vəzirin hökm etdiyi məmləkətin həqiqi həyatından, işgəncə və qətllərdən bəhs edir. Əsərin adı ikili mə'na daşıyır. Elə poemanın sonluğu da qəribə bitir. Bəhram ov zamanı şikar ardınca atını çaparkən bir mağaraya girir və yoxa çıxır. Onu müşaiyət eləyən döyüşçülər mağaraya yaxınlaşmaq istəyəndə isə oradan uca bir səs gəlir: "Gedin evinizə! Şah işlə məşğuldur!" mağara bomboş idi və şahı tapmaq mümkün olmur. Nizaminin bununla nə demək istədiyi də müəmma olaraq qalır.

     "Yeddi gözəl" üzərində işini bitirən kimi, bəlkə də daha tez Nizami yeni bir əsərini yazmağa başlayır. Şairin "İskəndərnamə" adlandırdığı bu kitab iki hissədən ibarətdir: "Şərəfnamə" və "İqbalnamə"dən.

     Onun üçüncü arvadı da ölür (1200). Şair artıq ömrünün yeddinci onilliyinə yaxınlaşır. Gücü daha əvvəlki deyil. Dostlar və yaxınlar bir-birinin ardınca dünyadan köçür. Tənhalıq və tərkidünyalıq hissi əsəri qəmkin notlar üstündə kökləyir:
     Məndən bu dünyanı aldı qəm, kədər
     Mənimçün rahətdir xəlvət guşələr
     Göy kimi qapıma qıfıl vuraraq
     Oldum xalqdan uzaq, dünyadan uzaq
     Bilmirəm nə sayaq keçir bu cahan
     Dünyada nə vardır yaxşı-yamandan?
     Mən ölü olsam da, ən mərd bir kəsəm
     Karvanda gedərəm, karvansız şəxsəm.
     Min könül dərdilə nəfəs alıram
     Yatmayır deyə hey zəngi çalıram.

     Öz həcminə görə, şairin ən iri əsəri olan poemanın birinci hissəsi Makedoniyalı İskəndərin fantastik həyatını, müharibələrini və onun göstərdiyi igidlikləri təsvir edir. Kitabın ikinci hissəsində isə İskəndər işğalçı şahdan filosof hökmdara, peyğəmbərə çevrilir. İskəndər dünyanı gəzib insanlara həqiqəti öyrətməlidir. O, uzun müddət səyahət edəndən sonra şimal-şərqdə yerləşən közəl bir ölkəyə çatır. Burada hakimiyyət də, kasıb-varlı da yoxdur. Burada istismarçı da, istismar olunan da , oğurluq və yalan da yoxdur. Burada insanlar xəstələnmirlər, qocalıb öz əcəlləri ilə ölürlər.

     Əsərin sonunda Nizami gələcək nəsillərə müraciət edərək, onu unutmamağa çağırır və onun vəsiyyətinə əməl edənlərin həyatda uğur qazanacağını söyləyir:
     Təzə kəklik, yad et məni ürəkdən
     Məzarım yanından ötüb keçərkən.
     Üstümdə görərsən göyərmiş otlar
     Başdaşım uçulmuş, çökmüşdur məzar.
     Qəbrimin tozunu sovurmuş yellər,
     Dostlardan anan yox məni bir nəfər.
     Qəbrim şüşəsinə əl qoyan zaman
     0 pak çövhərimi heç olmasa an.
     Uzaqdan sən mənə göz yaşı töksən
     Mən sənə parlaq nur saçaram göydən
     Duadan bir dilək istəsən əgər
     Mən amin deyərəm, qəbula keçər.

     Cahanşümul "Xəmsə"sindən başqa Nizami bizə zəngin lirik şe'rlərini irs qoyub getmişdir və bu zəngin irs nizamişünas Xəlil Yusifli tərəfindən tədqiq edilmişdir. Orta əsr təzkirəçiləri soraq verirlər ki, Nizaminin 20000 beytlik lirik şe'rlər "Divan"ı olmuşdur. Təəssüflər olsun ki, bunların böyük bir qismi itirilmiş və bizə yalnız yüzə qədər gözəl, lirik-fəlsəfi məzmunlu şe'r çatmışdır. Bu şe'rlərin onun qadınlarından hansına həsr olunduğu da mə'lum deyil. Şairin qəbri açılarkən bəlli olub ki, burada onunla birlikdə namə'lum bir qadın da dəfn olunubmuş. Akademik Həmid Araslı yazır ki, xalq bunu şairin məşhur Məhsəti Gəncəviyə olan romantik sevgisi ilə əlaqələndirib. Guya şairə Nizamini böyük ehtirasla sevmiş və öləndə onun yanında basdırılmasını vəsiyyət etmişdir. Araslının göstərdiyinə görə, bə'zi qəzəllər Nizami ilə Məhsəti arasında sevgi macərasının həqiqətə uyğun olduğunu təsdiq edir.

     Nizami 1209-cu il martın 12-də 68 yaşında dünyasını dəyişib. Vəfatının dəqiq tarixi 30-cu illərdə tapılmış baş daşına əsasən müəyyənləşdirmək mümkün olub. Başdaşında yazılmışdır: "Bu, müqəddəs şeyx Nizaməddin mövla Əbu Mühəmməd ibn-İlyas ibn-Yusif ibn-Zəkinin qəbridir. O, altı yüz beşinci ildə orucluq ayının dördüncü günü allahın rəhmətinə getdi." Bir çox başqa şeyxlər kimi Nizaminin vəfatından sonra onun məzarı üstdə məqbərə tikilir və insanlar buraya ziyarətə gəlirlər. Ehtimal etmək olar ki, məzara kimsə qulluq edir və lazım gələndə onun tə'miri ilə məşğul olurmuş. Buna baxmayaraq, şairin məzarı XIX əsrdə artıq yarıdağılmış bir vəziyyətdə idi. Bakıxanovun verdiyi mə'lumata görə, Qarabaq xanlığının tanınmış tarixçisi Mirzə Adıgözəl bəy onu bərpa etmək cəhdində bulunmuşdur. 1875-ci ildə fars vəliəhdi Fərhad Mirzə Qacar özünün "Yol bələdçisi" kitabında da göstərdiyi kimi, böyük şairin ziyarətinə gəlib. O yazır: "Biz daha yeddi verst yol gedəndən sonra çox da böyük olmayan bir gümbəz gördük. Gümbəz yarıuçulmuş bir vəziyyətdə idi. Bu-şeyx Nizaminin məzarı idi. Buradan Gəncəyə yeddi verst qalırdı. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarovulçuları gümbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı." Bizim əsrin əvvəllərində, görünür, məqbərənin qalıqları hələ də var idi. Çünki görkəmli rəssam Şmerlinq "Molla Nəsrəddin" jurnalının 1908-ci ildə çıxmış 51-ci sayında onun təsvirini vermişdir.

     Şairin 800 illik yubileyi ərəfəsində onun məzarı üzərində on beş metr hündürlüyündə məqbərə quruldu. Nizaminin 850 illik yubileyi keçirilərkən bu da uçurularaq, formaca həmin məqbərəyə oxşasa da, mərmər və qranitdən yonulmuş əzəmətli yeni məqbərə yaradıldı.

     Bu müddət ərzində Nizaminin şöhrəti artıq Şərq dünyasının sərhədlərini çoxdan aşmışdı. Onun əsərləri dünyanın demək olar, bütün dillərinə tərcümə olunmuşdur və istər ayrı-ayrı mütəxəssislər, istərsə də bütöv elmi təşkilatlar tərəfindən öyrənilir. Onun yaradıcılığı yazıçı, dramaturq, bəstəkar və rəssamların ilham mənbəyinə çevrilmişdir. Bu, xüsusilə Şərq sənətkarlarına aidar. Əgər orta əsrlərdə Avropa sənətkarları öz əsərlərinin süjetlərini "Bibliya"dan götürürdülərsə, müsəlman şərqinin belə bir "Bibliya"sı rolunu Nizaminin "Xəmsə"si oynamışdır. Kitablar, xalçalar, sarayların və yaşayış binalarının divarları, silahlar və məişət qabları Nizami əsərlərindən götürülmüş süjetlər mövzusunda rəsmlərlə bəzədilmişdir. Dünyanın ən möhtəşəm muzeylərində Bağdad, Təbriz, Herat, Qəzvin, Şamaxı, Buxara, Naxçıvan, Dehli, Qahirə rəssamlarının "Xəmsə" mövzularında işlənmiş miniatürləri və tətbiqi sənət nümunələri indiyə qədər saxlanmaqdadır. Dünyanın kitabxana və muzeylərində Nizami "Xəmsə"sinin yüksək ustalıqla işlənmiş 900-dən artıq nüsxəsi saxlanır. Bunların arasında bir nüsxə xüsusilə seçilir. həmin nüsxə 1543-cü ildə Səfəvi şaHlarından I TəHmasib üçün Şah İsmayıl Xətai dövründə Təbrizdə Uzun Həsənin məşhur kitabxanasının əsasında qurulmuş yeni kitabxananın nəzdindəki e'malatxanada işlənmişdir. Onun bəzədilməsində Azərbaycan xəttatlıq və miniatür məktəbinin ən görkəmli simalarından Şah Mahmud Nişapuri, Ustad Sultan Məhəmməd, Ağa Mirək, Mir Müsəvvir, Mir Seyid Əli, Müzəffər Əli kimi sənətkarlar məşğul olmuşdur. Həmin əlyazma Britaniya muzeyində saxlanır. Gələcək nəsillər üçün başqa bir qiymətli nüsxə 1239-cu ildə Gəncə xəttatı Fəzlullah ibn Məhəmməd ibn Ömər tərəfindən işlənmiş "Sirlər xəzinəsi"dir ki, bunu da professor Rüstəm Əliyev Londondakı "İndia offis" kitabxanasında aşkara çıxarmışdır. Onun mülahizəsinə görə, həmin nüsxə Nizaminin özünün əlyazmasından da köçürülə bilərdi ki, bu da ən qədim əlyazma hesab oluna bilər.