Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XI - XIII əsrlər
SƏFİ ƏD-DİN İSHAQ ƏRDƏBİLİ

     Şeyx Səfi əd-Din İshaq Ərdəbili bütün Şərqdə məşhurlaşan sufi-dərviş təriqətlərindən Səfəviyyənin banisidir. Bu təriqətin Azərbaycanda və İrandakı fəaliyyəti sufizmin xüsusi bir qolunun-qızılbaş cərəyanının yaranmasına gətirib çıxarmışdır. Bu ad cərəyan tərəfdarlarının başlarına bağladıqları sarığın rəngi ilə əlaqədar verilmişdir.

     Sufizm və o cümlədən, qızılbaş yozumlu sufilik Azərbaycanın siyasi və mədəni həyatında əhəmiyyətli rol oynamış və bir çox müsəlman ölkələrində dini-fəlsəfi fikrin inkişafına təkan vermişdir. Sufizm ideologiyasını mənimsəmədən orta əsrlərin müsəlman dünyasında baş vermiş əksər siyasi hadisələrin mahiyyətini, habelə həmin dövrdəki mədəni həyatı, o cümlədən, ədəbiyyatı anlamaq çətindir. Buna görə də böyük şeyx Səfinin həyat və fəaliyyətinə keçməzdən öncə sufi-müsəlman mistisizmi haqda bir neçə söz söyləmək məqsədəuyğun olardı. Mistika, yaxud mistisizm dedikdə adətən insanın ekstaz vəziyyətində Allahla birbaşa, bilavasitə, şəxsi və məhrəm münasibətə girməsi (və hətta qovuşması) anlaşılır.

     Bu və ya başqa şəkildə mistisizmlə bağlı olan dini-fəlsəfi cərəyanlar bəşəriyyətin yaratdığı bütün mə'lum dinlərdə (buddizm, iudaizm, induizm, xristianlıq) müşahidə edilir. İslam dinində yaranmış mistik hərəkat sufizm adını almışdır. Bu termini sufilərin kobud yun parçadan geyindikləri libasla-sufla ("yun" deməkdir) bağlayır, yaxud onun s a f kəlməsindən yarandığını göstərirlər.

     Sufizmin artıq bir çox əsrlər boyunca bütün müsəlman dünyasında yayılmasına baxmayaraq, mütəxəssislər hələ də bu mürəkkəb və çoxcəhətli tə'limin birmə'nalı izahını verə bilməmişlər. Görünür, elə buna görə də onlar məqsədi insanın Allahla birbaşa ünsiyyətə girməsinin nəzəri əsaslarını və tətbiqi vasitələrini işləyib-hazırlamaq olan bütün müsəlman tə'limlərini bu ad altında araşdırmağa daha çox üstünlük verirlər. Sufilər öz məqsədlərini haqqı dərk etmək adlan-dırırlar. haqq-a yetişmək sufinin dünyəvi niyyətlərdən əl götürüb, ekstaz (Allah sevgisi ilə məst olmaq) vəziyyətində ilahi ilə məhrəm münasibətə girməsidir. Buna görə də Allahla ünsiyyətə girmə ehtimalına inanan və bunun üçün mümkün olan hər şeyi edənlərə sufi deyilir. Sufi terminologiyasında "Sufi-haqq-a aşiq olan, bu Eşq və Sədaqətlə Ona və Kamilliyə can atanlardır." Eşq və Sədaqətlə haqq-a uzanan yolu sufilər təriqət, yaxud yol adlandırırlar.

     Orta əsrlərdən mövcud olan sufi qardaşlıqları mistik idrak yolunun, haqqa uzanan yolun seçimindəki fərqlərlə seçilirdi. Bu cəmiyyətlərdə şagird-mürid yolu mürşidin (rəhbərin, müəllimin) rəhbərliyi altında keçməliydi.

     C. M. Trimingemin yazdığı kimi, "Mürşidlər israr edirdilər ki, hər bir insanın fitrətində öz "Mən"indən azad olub Allahla qovuşmaq imkanları mövcuddur. Ancaq bu imkanlar qapalı, mürgüləyən vəziyyətdədir və mürşidin tə'limatları olmadan üzə çıxa bilməz. İstisna o zaman mümkündür ki, Allah öz bəndəsinə xüsusi vergi vermiş olsun."

     Müridlər az qala hər gün öz mürşidləri qarşısında günahlarından tövbə edir, ruhi kamilləşmə üçün zikrlə (misal üçün "Allahdan başqa Allah yoxdur" anlamına gələn "La İlahə iləllah" ifadələrini təkrarlamaqla) məşqul olurdular. Mistik ekstaz vəziyyətinə gəlməkdən ötrü sufilər səma məclislərinə toplaşır, burada müğənninin, yaxud qiraətçinin ifasında sufiyanə məhəbbət qəzəllərinə qulaq asır, müəyyən təkrarlanan hərəkətlər, yaxud rəqslər edirdilər. Bə'zən vəcdə gəlməkdən ötrü içkidən də istifadə olunurdu.Tamamilə mümkündür ki, XIX əsrin sonlarına qədər süfrə arxasında işlədilən "Allah verdi" və cavab olaraq "Yaxşı yol" kimi ifadələr sufilərdən qalmışdır. Sufi şərab içib, Allahla görüşə gedir və ona yaxşı yol arzulayırlar. Böyük türk sufi şairi Məlaləddin Rumi səma-nın məqsəd və mahiyyətini belə izah edir: "Dərvişlər Allaha olan yanğı və arzularını, məhəbbətlərini artırmaq, bu dünyanın sevgisini öz ürəklərindən çıxarmaq, onu özlərinə yadlaşdırmaq üçün cuşa gəlirdilər."

     Səfi əd-Din İshaq Ərdəbilinin sayəsində Azərbaycanda təqribən islamla eyni vaxtda yaranan sufizmin daha doğrusu, onun qızılbaş qolunun nüfuzu ölkədə o dərəcədə artdı ki, nəhayət, hakim qüvvənin ideologiyasına çevrilmiş oldu.

     Səfi əd-Din 1252-ci ildə Ərdəbil şəhərində dindar və zəngin bir türk-azərbaycanlı ailəsində doğulmuşdur. M. Abbaslı onun türk mənşəli olması haqda zəngin material toplamışdır. Onun göstərdiyinə görə, orta əsr müəlliflərindən Təvəkgül ibn Bəzzazın 1357-ci yazıb sona çatdırdığı "Səfvət əs-Səfa" əsərində, eləcə də daha sonrakı dövrün bir çox mənbələrində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk"( ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və s.

     Sufi dairələrində onu yeddinci şiə imamı Musa Kazimin 21-ci nəslindən hesab edirdilər.

     Atasını uşaq yaşlarından itirən Səfi ibtidai təhsilini onun dini davamçılarından almışdır. O, dini elmlərin əsaslarına yiyələnir, ana dilindən başqa fars, ərəb, gilan və monqol dillərində də sərbəst danışmağa başlayır.

     İyirmi yaşında təhsilini artırmaq üçün Şiraza gedən Səfi burada məşhur ilahiyyatçı alimlərdən Rüknəddin Beyzəvi, Əmir Abdullah və başqalarından dərs alır. Nəhayət, özünə mürşid seçmək qərarına gələn gənc alim müəllimi Əmir Abdullahın məsləhəti ilə məşhur Gilan şeyxi hacı əd-Din Zahidinin namizədliyi üzərində dayanır. Zahidi Azərbaycandakı sufi təriqəti olan Sührəverdiyyə ilə münasibətlər saxlayan gəzərki dərviş idi. Onun əsl adı Təcaddin İbrahim bəy Rövşandır. 0, 1215-ci ildə Lənkəranın yaxınlığında olan Siyavər kəndində anadan olmuşdur. Onu həmin vilayətdə olan Xalanagiran (Xaylakaran) kəndində dəfn etmişdilər və onun şərəfinə həmin kəndin adını Şıxakeran dəyişmişdilər. Onun qəbri üstə türbə tikilmişdir, bu yer xalqın müqəddəs ziyarətgah yeri olmuşdur. Bu türbəni şeyx heydər (şah İsmayılın atası) və şah Abbas ziyarət etmiş və onu tə'mir etdirmişlər.

     Böyük Vətən Müharibəsi başlayandan qabaq bu türbə tamam dağıdılmış və yalnız 1994-cü ildə bərpa olunmuşdur.

     Səfi onu tapmaqdan ötrü çox səyahətlər edir. Yalnız dörd ildən sonra onlar Gilan dağlarında görüşürlər. Səfi əd-Din altı il Sifumurdov və Xalayakaran kəndlərində qalır və öz mürşidinin qızı Bibi Fatma ilə evləndikdən sonra onunla daha da yaxınlaşır. Səfi ilə Bibi Fatmanın oğlu Sədr əd-Din sonralar şeyx Səfinin varisi olur və onlar bir az da yaxınlaşırlar. Mürşidi ilə birlikdə onlar 25 il öz ideyalarını təbliğ edir və 1294-cü ildə Zahidi Gilaninin vəfatından sonra Səfi əd-Din onun şərəfinə Səfəviyyə adlandırılan təriqətin rəhbərinə çevrilir.

     Şeyx Gilaninin nüfuzu o qədər böyük idi ki, bir çox tədqiqatçılar Səfəviyyə təriqətinin rəhbəri kimi onu qəbul edirlər. Halbuki bu belə deyil. Əvvəla, şeyx Səfinin avtoriteti heç də onunkundan geri qalmırdı. İkincisi isə bu təriqətin mə'lum ideya-fəlsəfi istiqamətləri artıq Gilaninin vəfatından sonra formalaşmağa başlamışdı.

     Səfi əd-Dinin şagirdləri arasında ilxanın vəziri Rəşid-əd-Din, onun oğlu Məhəmməd Rəşidi və hətta ilxanın özü Əbu Səid kimi görkəmli şəxsiyyətlər vardı. Ömrünün sonuna yaxın artıq Ərdəbil şəhərinin bütün əhalisi şeyxin müridləri siyahısına yazılmışdı. Qərbi İranda (İsfahanda, Şirazda) da onun müridləri vardı.

     Nəhəng bir türk təriqəti kimi Səfəviyyə-nin tə'siri türklərin məskun-laşdıqı Kiçik Asiyada daha geniş yayılmışdı. Bu tərəflərin camaatı haki-miyyətə doqru irəlilədiyi ilk dövrlərdə şah İsmayıla fəal kömək göstərmişdi.

     Şeyx Səfi əd-Dini də mürşidi Zahidi kimi müqəddəs bilir, onun haqqında çoxlu mö'cüzələr danışır, maddi cəhətdən onu tam tə'min edirdilər. Əgər təriqətin yaranış dövründə şeyx Səfiəddinin kiçik bir torpaq sahəsi vardısa, ömrünün sonlarına doğru müxtəlif feodalların bağışladığı 20 kənd onun mülkiyyətində idi. Vəzir Rəşidəddinin şeyxə göndərdiyi bir məktub qalmışdır. Burada müsəlman bayramlarından biri münasibətilə vəzirin şeyxə göndərdiyi hədiyyələrin siyahısı verilib - 40 ton buğda, təxminən 80 tona yaxın ağ düyü, bir tondan yuxarı kərə yağı, iki tona qədər bal, yarım ton qatıq, 300 kiloqramdan artıq bərk qənd, 30 baş kəl, 130 qoyun, 190 qaz, 600 toyuq, 30 şüşə gülab, 10 min dinar pul və s.

     Şeyx Səfi əd-Din 1334-cü ildə Ərdəbil şəhərində dünyasını dəyişir və burada da dəfn olunur. Onun məzarının üzərində türbə qurulur, ətrafında məscidlər, karvansaraylar, mədrəsələr, yaşayış evləri salınır. Burada böyük bir mədəni mərkəz yaranır. Şah İsmayıl da daxil olmaqla səfəvi şeyxlərindən bir çoxu burada dəfn olunur. Həmin mərkəzin tikinti və bərpa işləri fasiləsiz olaraq davam edir. Nəhayət, XIV əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə (1524-1576-cı illər) həmin məqbərə öz indiki şəklini alır.

     Şeyx Səfi əd-Dinin məqbərəsi və xatirə məscidi haqlı olaraq, Azərbaycan me'marlığının şah əsərlərindən sayılır. Əllə görülmüş bəzək işləri bu abidələrə xüsusi gözəllik verir. Ərdəbilin inkişafında şeyx Səfi əd-Dinə ucaldılmış bu abidənin və buraya ziyarətə gələnlərin böyük rolu olmuşdur.

     Səfəviyyə təriqətinin rəhbəri qismində Şeyx Səfi əd-Dinin ilk varisləri Sədrəddin Musa (1334-1392/3) və şeyx Xacə Əli (1392/3 -1429) olmuşdur. Səfi əd-Dinin nəticəsi İbrahim Şeyxşahdan (1429 -1447) başlayaraq Ərdəbil şeyxləri real, dünyəvi hakimiyyəti də ələ keçirirlər. Şeyx İbrahim Şeyxşah Ərdəbil hakimi olur, sonradan şeyx İsmayıl (1486-1524) əvvəlcə Azərbaycanda, sonra həm də İranda yeni Qızılbaşlar dövlətinin və bu dövlətin taxt-tacında Səfəvilər sülaləsinin əsasını qoyur.