Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XI - XIII əsrlər
ŞƏMS ƏD-DİN İL-DƏNİZ

     Şəms əd-Din İl-Dəniz Azərbaycan Atabəylər, başqa sözlə desək, İldənizlər (Eldəgizlər) dövlətinin yaradıcısı, müdrik siyasi xadim və iste'dadlı sərkərdədir. XI əsrdə oğuz və digər türk tayfaları Səlcuqların başçılığı altında ərəb xilafətinin bütün ərazilərini, o cümlədən paytaxt Bağdad şəhərini işğal edəndə bütün dünyəvi hakimiyyət səlcuq sultanının əlində cəmləşmiş, dini hakimiyyət isə ərəb xəlifəsində qalmışdı. Səlcuq dövlətinin süqutundan sonra isə onun ərazisində hakimiyyəti irsən qazanan səlcuq şahzadələrinin idarə etdikləri və faktiki olaraq müstəqil sayılan sultanlıqlar yaranır. Bir müdiət keçdikdən sonra bu sultanlıqlar, daha doğrusu, onların bazasında yaranmış yeni dövlət qurumları səlcuq şahzadələrinin (məliklərin) hami və tərbiyəçiləri olan ata-bəylər tərəfindən idarə olunmağa başlayır. Səlcuqilər zamanındakı xəlifələr kimi indi də sultanlar dövlətin və ordunun rəhbərliyindən kənarlaşdırılırlar. Sultanlıqlardakı bütün siyasi və inzibati hökmranlıq atabəylərin əlində cəmləşir. Xəlifələr kimi sultanlar da bununla barışmaq istəmir və hakimiyyəti özlərinə qaytarmaq məqsədilə mütəmadi olaraq didişmə və sui-qəsdlər təşkil edirlər. Öz növbələrində atabəylər də vahid rəhbərliyi əllərində saxlamaq üçün mümkün olan hər şeyi edirlər. Təqribən yüz il belə davam edir.

     Bu dövlətlərdən birinin - İraq sultanlıqının əsasında Azərbaycan Atabəylər dövləti yaranır. həmin dövlətin tarixi və onun yaradıcısı İl-Dənizin tərcümeyi-halı çox sayda orijinal mənbələrin təhlili nəticəsində akademik. 3. M. Bünyadov tərəfindən işlənmişdir.

     Qədim zamanlarda qıpçaqlar arasında belə bir adət vardı - bir yerdən 40 qul satanda onlardan biri üçün pul almırdılar. İraq tacirlərindən biri bu yolla müftə-müsəlləm İl-Dəniz adlı çirkin və kor-kobud bir qula sahib olmuşdu. Tacirin yük və qul karvanı İraq istiqamətinə yollanır. Gündüzlər isti oldu-qundan karvan yalnız gecələr irəliləyir və İl-Dəniz yuxulu olduğu üçün üç dəfə arabadan yıxılır. Onu iki dəfə axtarıb-tapır və yenidən karvana qoşurlar. Üçüncü dəfə eyni şey təkrarlandıqda İl-Dənizi yolda qoymaq qərarına gəlirlər və ilk dəfə olaraq burada onun xarakteri özünü göstərir. Axşamüstü karvana çatan qul xahiş edir ki, onu da özləri ilə aparsınlar və beləliklə, hamını heyrətdə qoyur. Mənzil başına yetişəndə tacir qullarını İraq -səlcuq sultanı Mahmudun (1118-1131) vəziri Sumayramiyə satır. Vəzir qulların hamısını alır, bircə İl-Dənizdən imtina edir. İl -Dəniz ağlaya-ağlaya vəzirə yalvarır ki, onu da götürsün. Vəzir razılıq verir və çox keçmir ki, İl-Dəniz öz diribaşlığı və fərasəti sayəsində onun rəqbətini qazanır. Ağası ismaililər tərəfindən öl-dürüldükdən sonra İl-Dəniz Sultan Mahmudun özünə xidmət göstərir. Sultan əmr edir ki, bu gənc qulun tərbiyəsi ilə məşğul olsunlar. İl-Dəniz dilləri, ilahiyyatı və başqa elmləri öyrənir və məmnuniyyətlə at sürməyi, ox atmağı mənimsəyir. Çox keçməmiş onu sultan mətbəxinin başçısı (əl-xivan salar) qoyurlar. Sultan Mahmud öləndə İl-Dəniz bu vəzifədə çalışırdı.

     Yeni sultan -II Toğrul (1132-1135) İl-Dənizi şəxsi mühafizə dəstəsinə (məmlük) keçirir. Sultanın arvadı Mö'minə xatunun rəğbətini qazanan, onun müdrik məsləhətlərinə əməl eləyən İl-Dəniz tezliklə əmir rütbəsinə yüksəlir. Öz kiçik oğluna atabəy seçmək vaxtı gələndə isə II Toğrul çox düşünmədən İl-Dənizin namizədliyi üzərində dayanır. Bir müddətdən sonra II Toğrul da allahın rəhmətinə qovuşur. Onun taxtına sahib olan yeni sultan Məs'ud (1135-1152) əmir Şams əd-Dini II Toğrulun dul qadını Mö'minə xatunla evləndirir. Bu nigahdan iki oğlan uşağı-Cahan Pəhləvan və Qızıl Arslan, habelə adı bəlli olmayan bir qız doğulur. 1136-cı ildə sultan Məs'ud atabəy İl-Dənizi paytaxtı Bərdədə yerləşən Arran dövlətinin hakimi tə'yin edir. Bərdəyə köçdükdən sonra İl-Dəniz müstəqil siyasət yeritmək və saray çəkişmələrindən mümkün qədər uzaqlaşmaq istəyir. O, yerli əyanlara arxalanaraq, bə'zən qələmlə, bə'zən isə qılıncla bir çox xırda hakimləri öz tərəfinə çəkir, tədricən ətraf əraziləri özünə tabe etdirir.

     Bu zaman Azərbaycanda sultan Məs'udun qohumu Davudun atabəyi Qara Sunqur hakimlik edirdi. Məs"ud Davudu özünün varisi e'lan etmiş və qızını ona vermişdi. 1140/41-ci ildə Qara Sunqur qəflətən vəfat edir və Azərbaycanın idarəçiliyi İl-Dənizin əlinə keçir. Bu illərdə Şəms əd-Din qiyam qaldırmış feodalların darmadağın edilməsində sultana yardım göstərir. Şəms əd-Din İl-Dənizin bir dövlət xadimi və sərkərdə kimi nüfuzu daha da artır. Bütün Azərbaycan, o cümlədən Arran, Gəncə və Ərdəbil onun tabeçiliyinə keçir.

     Sultan Məs'udun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş İl-Dənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın dövründə İl-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, İl-Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis e'lan edirlər. Sui-qəsd nəticəsində sultan Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər. 1160-cı ilin noyabrında atabəy İl-Dəniz Arslan şahı sultanlığın paytaxtı Həmədan şəhərinə gətirir. Onu 20 minlik ordu müşayiət edirdi. Tacqoyma mərasiminə sultanlığın bütün vilayətlərindən və vassal ölkələrdən hakimlər gəlmişdi. Arslan şah İraq sultanlığının sultanı, Şəms əd -Din İl-Dəniz "Böyük Atabəy", onun oğlanları- sultanın böyük ögey qardaşı Cahan Pəhləvan əmir-Hacib, kiçik qardaş Qızıl Arslan isə ordu komandanı e'lan olunur. İl-Dəniz özünün bütün əmirlərini böyük dövlət vəzifələrinə qoydurur. Tacqoyma mərasimində iştirak edən bütün əmirlər sultan Arslan şaha və Böyük Atabəyə sədaqət andı içirlər.

     İl-Dənizi faktiki olaraq bütün ölkənin hakiminə çevrilir. hakimiyyətin bu cür mərkəzləşməsi Bağdad xəlifəsini və iri vilayətlərin hakimlərini qorxuya salır. Onlar öz üstünlüklərini əldən vermək istəmirdilər. Xəlifə Arslan şahı sultan kimi tanımaqdan imtina edir və narazı əmirlərin koalisiyasını yaratmağa başlayır. Bu məqsədlə o, özünə sadiq səlcuq şahzadələrindən birinə söz verir ki, onu sultan taxtına çıxaracaqdır.

     İl-Dəniz əmirlərin birləşməsini qabaqlayaraq onların öz ərazilərinə yeriyərək, ordularını darmadağın edir. Ən parlaq qələbəsini Həmədan, Rey və Qəzvin yaxınlığında qazanır. Bu qələbələrdən qorxuya düşmüş əmirlərin çoxusu sultandan vassal asılılığında olduğunu e'tiraf etmək zorunda qalır. Rey hakimi İnanc hətta məcbur qalıb öz qızını Böyük Atabəyin oğlu Cahan Pəhləvana verir. Akademik 3. Bünyadovun sözləri ilə desək, "Beləliklə, atabəy Şəms əd-Din İl-Dəniz Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirir. İl-Dənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Girman, Fars ata-bəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə İl-Dənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər."

     İl-Dəniz sultanlığın daxilində vəziyyəti nisbətən tez bir vaxtda sabitləşdirir. Lakin bir tərəfdən Gürcüstan, o biri tərəfdən Xarəzm kimi mürtəce qonşularla dil tapmaq müəyyən çətinlik törədir. 1161-ci ildə gürcülər Ani, Dvin və Gəncəyə amansız hücumlar etdikdən sonra isə Atabəy İl-Dəniz öz qoşunlarını gürcü feodallarına qarşı mübarizəyə hazırlayır. Bir sıra vilayət hakimləri də öz qoşunları ilə birlikdə ona qoşulurlar. İl-Dəniz bütünlükdə 50 min nəfərlik qoşun toplayaraq, 1163-cü ildə müttəfiqlərlə birlikdə gürcülə-rə qarşı yürüşə başlayır. İl-Dəniz darmadağın edilmiş Dvini onlardan alapar, gürcü çarı III Georgiyə ağır zərbələr endirir. Bu yürüşdə iştirak etmiş tarixçilərdən biri yazırdı: "Gürcülər biabırçıcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, saya-hesaba gəlməz. Axurları gümüşdən tökülmüş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənləri olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər. Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə olan iki min dinar pul da göndərdilər. 0, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmədana, məscidə yolladı ki, adamlar onlardan su içsinlər. İkinci bir çəni türkmənlər ələ keçirib, tikə-parça etdilər. Müsəlmanlar həddən artıq qənimət qazanaraq, çoxlu adam qırdılar. Abxaziya çarı qaçmağa üz qoydu və sıx meşədə gizləndi- Ərmənlərin şahı üç tay yük ələ keçirdi ki, bunların birində qızıl və gümüş qablar, ikincisində xaçları qızıl və gümüşdən tökülmüş və bahalı daş-qaşla bəzədilmiş tayı-bərabəri olmayan ziqiymət çar sovməəsi, üçüncüsündə isə çarın xəzinəsi vardı. Həmin tayın içində olan qızıl, gümüş və daş-qaşın qiymətini heç cür hesablamaq mümkün deyildi."

     Belə ağır məğlubiyyətə uğradıqlarına baxmayaraq, gürcülər sultanlığın şəhərlərinə basqınlarını davam etdirirlər. Döyüşlərdə gah bu, gah da o tərəf qalib gəlir. 1175-ci ildə gürcülər yenidən ağır məğlubiyyətə uğrayırlar. Salnaməçilər yazır: "abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldılar ki, hələ ruzigarın gözü belə şey görməmişdi." Və yalnız bu döyüşdən sonra qərb sərhədlərində vəziyyət sabitləşir, köhnə sərhədlər bərpa olunur.

     Sultanlığın şərq sərhədləri daim qüdrətli Xarəzmşah İl-Arslanın təhdidi altında idi. Mübahisələr əsasən Xarəzmlə həmsərhəd olan Nişapur şəhəri üstündə gedirdi. İl-Dəniz Nişapuru onun hakimi Xarəzmşahın tərəfinə gedənə qədər vassal asılılığında saxlaya bilir. Rey hakimi əmir İnanc da illik vergini ödəməkdən imtina edirək, şəhəri ətraf ərazilərlə birlikdə Xarəzmşahın tabeliyinə vermək istəyir. Bunu eşidən İl-Dəniz tə'cili olaraq, qoşunu ilə oraya tələsir. Əmir İnancla Xarəzmşahın birləşmiş orduları məğlubiyyətə uğrayır. Rey qalasına girib, özünü gizlədən əmir İnanc vəzirini Böyük Atabəylə danışığa göndərir. İl-Dəniz İnancla hər hansı bir danışıq aparmaqdan imtina edir, vəzirə isə deyir: "Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan. Bu heç zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağanla yad ölkədə qalmalısan, bu halda hər ikiniz cağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü kasıbçılıq və məhrumiyyətlər içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirkəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi oğlum Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən, mən öz və'dlərimi həyata keçirməyə and içib, söz verirəm." Vəzir "müdrik" bir qərar çıxarır. Onun əmri ilə qulları İnancı qətlə yetirirlər, vəzir özü isə Rey hakimi təyin edilir və Atabəylə yaxınlaşır. 1175-ci ildə Böyük Atabəyin xanımı, səlcuq sultanı II Toğrulun dul qadını Mö'minə xatun rəhmətə gedir. Bircə ay keçmir ki, İl-Dəniz özü də dünyasını dəyişir. Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş bu böyük qadının xatirəsini əbədiləşdirmək üçün onun məzarı üzərində dahi Azərbaycan me'marı Əbubəkr Əcəminin yaratdığı möhtəşəm məqbərə ucaldılır. Məqbərənin tikintisinə Böyük Atabəyin sağlığında başlanılır, onların oğlanları Cahan Pəhləvanın dövründə, 1186-cı ildə bu iş sona çatdırılıp. Görünür, Mö'minə xatunu Cahan Pəhləvanın arvadı sayan bə'zi sənətşünasların yanlışlığı da buradan gəlir. Akademik 3. M. Bünyadovun yazdığına görə, Cahan Pəhləvanın üç hərəmi olub: Zahidə xatun, İnanc xatun və Quteybə xatun. Böyük Atabəy Şəmsəddin İl-Dəniz isə həmədanda dəfn olunmuşdur.