Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XI - XIII əsrlər
ŞİHABƏDDİN ƏBÜLFÜTUH YƏHYA İBN-HƏBƏŞ SÜHRƏVƏRDİ "ƏL-MƏQTUL" ("ÖLDÜRÜLMÜŞ")

     Şərqin ən böyük filosoflarından biri, işraqilik (əl-işraq-nurlandırma) fəlsəfəsinin banisi Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi 1154-cü ildə Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olub. V. Qordlevskinin yazdığına görə, o, mənşəcə Azərbaycan türküdür və səlcuq sultanı Qılıc-Arslanın və onun oğlanları Nəsir-əd-Din və Qiyas-əd-Di-nin sevimlisi olmuşdur. Tədqiqatçının fikrincə, Şihabəddin öz əsərini Qılıc -Arslana ithaf etmişdir, o, həm də ritual sufi rəqslərinin həvəskarı olmuşdur.

     İbtidai təhsilini Marağada o dövrün tanınmış filosofu və müsəlman hüququnun bilicisi Cim Məcdəddindən alan Şihabəddin sonradan elmini İsfahanda Zahir Farisinin yanında artırmışdır. Şihabəddin Azərbaycanı, Yaxın və Orta Şərqi qarış-qarış gəzərək, görkəmli alimlər və siyasi xadimlərlə görüşür. Müzakirə və mübahisələr əsnasında irəli sürdüyü yeni ideyaların tə'sir gücünü yoxlayır və həmişə uğurla olmasa da, özünə həmfikirlər axtarır. O, öz tə'limini Anadoluda səlcuq hakimi II Qılıc Arslanın və onun oğlunun sarayında da təbliğ edirdi. 1183-cü ildə Şihabəddin Sührəvərdi Suriyaya gedir və Hələb şəhərindəki məşhur Hələbiyyə mədrəsəsində təşkil olunan mübahisəlarda iştirak edir. Onun sufi ruhu ilə yoğrulmuş ictimai-siyasi və ruhani görüşləri heç də həmişə ümumun qəbul etdiyi baxışlarla uyuşmurdu və məhz, buna görə Şihabəddini həbs edib, Hələb zindanına salırlar. Müasirlərinin yazdığına görə, 1191-ci ildə "dinə dönük çıxdığına" və "allahsızlığına" görə o, Sultan Səlahəddinin əmri ilə Hələb hakimi əl-Məlik əz-Zahir tərəfindən 38 yaşında qətlə yetirilir.

     Şərq fəlsəfəsi tarixinə o, "pərişan filosof" (əl-feyləsuf əl -məqtul), yaxud da çox zaman deyildiyi kimi, "öldürülmüş" (əl-məktul) adı ilə daxil olmuşdur. Onun yaradıcılığından danışarkən ilk növbədə işraqilik fəlsəfəsinə həsr olunmuş "həyakil ən-nur" ("Hyp heykəlləri"), "hikmət əl-işraq" ("Nurlandırma fəlsəfəsi") kimi əsərlərini yada salırlar. Bunlardan başqa sufizmə, məntiqə, metafizikaya dair "Ət-Təlvihat" ("Qeydlər"), "Ruzi ba cəmaəte sufiyan" ("Bir gün sufilərlə"), "Lüğəte muran" ("Qarışqaların dili") və başqa əsərlərinin adını çəkmək mümkündür.

     Binası Sührəvərdi tərəfindən qoyulmuş işraqilik fəlsəfəsi bir neçə yüzillər boyunca Şərqdə fəlsəfənin inkişafına ciddi tə'sir göstərmişdir. O dövrdə siyasi-hüquqi tə'limlərin inkişafı da onun tə'siri altında getmişdir. Alimin siyasi və hüquqi görüşlərini tədqiq etmiş A. Rzayev yazır ki, "Şihabəddin Sührəvərdi dövrünün digər hüquqşünas alimlərindən, müsəlman qanunları şərhçilərindən fərqli olaraq, hüquq məsələlərinə yaradıcı münasibət bəsləyir və bu məsələləri yaradıcı şəkildə tədqiq edirdi. Şihabəddin elmləri nəzəri və təcrübi olaraq iki qismə ayırır və etika, siyasət və hüququ ikinci qismə aid edirdi. Alim belə hesab edirdi ki, bu elmlərdən hər birinin başlıca ünsürü əsas məzmun, həqiqi faktlar və sübutlardır. Şihabəddin Aristotelin irəli sürdüyü belə bir fikri müdafiə edirdi ki, dövləti filosoflar idarə etməlidirlər. O yazırdı: "Əgər siyasət ləyaqətli adamın əlində olsa, dünya nura qərq olar". Professor Zakir Məmmədov Şihabəddini şərqin Eynəlqüzzat Miyanəci və İbn Rüşd kimi görkəmli filosofları ilə bir cərgədə qoyur. İran filosofu Seyid Nəsrin "Üç müsəlman mütəfəkkiri" adlı kitabında isə Sührəvərdinin görüşləri dünya elminin korifeyləri sayılan İbn Sina və İbn əl-Ərəbinin dünyagörüşü ilə müvazi şəkildə incələnir. O yazır: "Sührəvərdi və İbn əl-Ərəbinin yorulmadan göstərdikləri cəhdlər nəticəsində müsəlmanların durğunluqla keçən həyatı yeni, intellektual məzmunla zənginləşdi və bu zənginlik Səfəvilər dövründə öz zirvəsinə çatdı."

     Şihabəddin Sührəvərdinin əsərləri dünyanın bir çox dillərinə çevrilmiş və dəfələrlə Bakı, İstambul, Tehran kimi iri şəhərlərdə, habelə bir sıra Qərb ölkələrində nəşr edilmişdir. Sührəvərdi yaradıcılığının məşhur tədqiqatçılarından sayılan fransız alimi Korben yazır ki, "Sührəvərdi eyni zamanda yalnız sufi və həkim olmaqla qalmamış, həmçinin həqiqi fəlsəfənin mahiyyətinə varmış bir insan olmuşdur, Bir filosof kimi o, həm nəzəri biliklərlə, həm də mə'nəvi bəsirətlə silahlanmışdı." Sührəvərdi yaradıcılığının bir sıra tədqiqatçıları onun tə'limində zərdüştilik tə'sirləri də müəyyənləşdirirlər. Belə ki, bütün mövcudatın işıq və kölgələrdən ibarət olduğunu bildirən işraqilik əslində işıqla qaranlığı ilkin başlanğıclar kimi qəbul edirdi. Sührəvərdinə görə, maddi aləm bütövlükdə əbədidir. Hərəkətin səbəbi işıqdır. İşıqla hərəkət arasında qarşılıqlı əlaqə mövcuddur. Şihabəddin Sührəvərdi yazır ki," işıq hər bir şö'lədən hərəkət kimi meydana çıxır və hər bir hərəkət sonrakı şö'lə üçün hazırlanır. Beləliklə, şö'lələrin növbələşməsi hərəkətin yeniləşməsi ilə, hərəkətlərin növbələşməsi isə yeni şö'lələnmələrlə davam edir."

     Şihabəddin Yəhya Sührəvərdinin çox sayda ardıcılları vardı. Onların arasında ilk növbədə Şəhrəzurini (vəf. 1250), İbn Kammun İsrailini (vəf. 1277), Qütbəddin Şirazini (1236-1311), Vədud Təbrizini (vəf. 1524), Sədrəddin Şirazini (vəf. 1640) göstərmək mümkündür.