|
Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edir-dilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şe'r yazmaq və xəttatlıq sənətmnə yiyələnməkdir. Buna görə də o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi. Bu çətinlik xüsusilə xəttatlıqda özünü göstərirdi. Ölkədə xeyli kitabxana və e'malatxanalar vardı ki, burada da yüksək səviyyəli peşəkar xəttatlar kitabların üzünü köçürür, qəbir daşları, ziyarətgahlar və mülki binalar üçün yazı qəlibləri hazırlayırdılar. Peşəkar və həvəskar xəttatlar həm də ona görə xüsusi rəqbət və hörmət sahibi olurdular ki, müqəddəs Qur'an ərəb yazısı ilə nazil olmuşdu və bununla da həmin əlifbanın ilahi mənşəyi barədə təsəvvürlər geniş yayılmışdı.
Bədii yazı növləri çox olsa da, XIV əsrdən e'tibarən nəstə'liq xətti daha geniş yayılmışdı. Bu xətlə işləyən sənətkarlar dəstəsi həmin xəttin-məşhur yaradıcısı hacı Mir-Əli ibn İlyas ət-Təbrizidən (1330-1405) başlayır.
XV əsrin ən görkəmli xəttatlarından sayılan Cəfər Təbrizi də həmin məktəbə daxil edilir. O, nəstə'liq xəttini Xorasan və Türküstanda böyük şöhrət qazanmış "Şəkəri qələm" ləqəbli görkəmli Azərbaycan xəttatı Mir Abdulla Təbrizidən öyrənmişdi. Cəfərin həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə düşür.
Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı,Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərir. Bir müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Burada Cəfəri daim Şahruxun oğlu Baysunqurun yanında görmək olardı. Belə ki, sənətə və sənətkara böyük hörmət bəsləyən şahzadə Cəfər Təbrizini öz himayəsi altına götürmüşdü. Bununla əlaqədar Cəfərö Baysunquri təxəllüsü də verilmişdi. Orta əsr mənbələrinin göstərdiyinə görə, Baysunqur Mirzənin yanında işlərkən Cəfər Təbrizi kiçik bir kitabxana-e'malatxanaya rəhbərlik edirdi. Burada 40-a yaxın xəttat əlyazmaların üzünü göçürməklə məşqul olurdu. Bunlardan başqa orada miniatürçülər, qızıl suyu ilə işləyənlər, dəri aşılanması və bəzədilməsi üzrə ustalar, bərpaçı və cildçilər də vardı. Onların arasında təbrizli ustalardan Aini Təbrizi, İbrahim Şəffar Təbrizi, Xoca Əli Müsəvvir və başqaları da vardı. Cəfər Təbrizi özünü qabiliyyətli müəllim və təşkilatçı kimi göstərir. O, həmin kitabxananın inkişafı üçün çox iş görür. Ustad sənətkar tez-tez kitabxanada görülmüş işlər haqtında Baysunqur Mirzəyə hesabatlar təqdim edir. Həmin hesabatlardan biri (iyun, 1427) hazırda İstambuldakı Topqapı sarayının muzeyində saxlanılır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında mə'lumatlar da vardır. Onu da qeyd etmək maraqlı olar ki, 1484-cü ildən həmin kitabxanaya Şərqin böyük rəssamı Behzad başçılıq etmişdi. O Behzad ki, şah İsmayıl Heratı tutduqdan sonra bir sıra rəssam və xəttatlarla birlikdə Təbrizə köçərək, burada artıq Şah İsmayılın kitabxanasına rəhbərlik etmişdi. İki məşhur kitabxana—Təbriz və Herat kitabxanaları arasında gedən həmin iste'dad mübadiləsi sonradan kitab sənətində bu iki məktəbin yaxınlaşmasına və inkişafına gətirib çıxarmışdı.
Baysunqur öldükdən sonra Cəfər onun qardaşı Əla əd-Dövlənin yanında çalışır. Tədqiqatçı A. Qazıyevin yazdığına görə, "O zaman təzə ortaya çıxan nəstə'liq xəttinin formalaşması üçün o, böyük iş görür. Şagirdlərindən biri-Əz-hər Təbrizi onu həmin xəttin ikinci yaradıcısı ("Müxtəre üs-sani") adlandırmışdı. Çünki Cəfər bir çox məsələlərdə öz ustadından da qabağa getmişdi." Nəstə'liq xəttindən başqa Cəfər o dövrdə geniş işlədilən klassik altılığı və tə'liq xəttini də gözəl mənimsəmişdi. Cəfərin süls xəttini Şəms əd-Din Məşriqidən, həmçinin onun oğlu və şagirdi Əbd ür-rəhim Xəlvətidən öyrəndiyi mə'lumdur.
Sənətkarın gördüyü işlərin zaman ardıcıllığını öyrənən tədqiqatçılar belə bir nəticəyə gəlirlər ki, Cəfər 1413-1452-ci illərdə yaradıcılıqla daha fəal məşğul olub. Onlar həmçinin belə bir maraqlı fikir də söyləyirlər ki, nəstə'liq ustası sayılmasına baxmayaraq, Cəfər klassik xətlərlə daha yaxşı yazmışdır. O zaman nəstə'liq yazısının həm iri, həm də xırda növləri vardı. İri nəstə'liq adətən, qit'ə üzərində yazılırdı. Qit'ə, üzərində dünyəvi məzmunlu nəzm nümunələri yazılan və naxışlarla bəzədilən kağız vərəqinin karton üzərinə yapışdırılması yolu ilə düzəldilirdi. Xırda və orta nəstə'liqlə bir qayda olaraq, poetik əsərlərin əlyazma nüsxələri yazılırdı. Xırda nəstə'liq yazısı XV əsrin ikinci yarısında Heratda özünün daha mükəmməl formasını alır. Herat ustaları bunun sonralar Herati adlanan xüsusi növünü yaratmışdılar. Herati xətt növünün yaradıcısı isə Cəfər Təbrizi sayılırdı. Sonralar məşhur xəttat kimi tanınmış şagirdləri Əzhər Təbrizi və Şah Mahmud Zərrinqələm Hafinəs nəstə'liqi ondan öyrənmişdilər. Bunlardan başqa onun şagirdləri arasında klassik xətlərlə yazan ustalar da vardı.
Şahzadə Baysunqurun sarayında yaşadığı dövrdə Cəfər Təbrizi bir sıra kitabların üzünü köçürmüşdü ki, onlar da xəttatlıq tariximizdə yaxşı mə'lumdur. Firdövsinin "Şahnamə'si" (1430), Sə'dinin "Gülüstan"ı (1427), Nizami Gəncəvinin "Xəmsə'si" (1431) onun nəstə'liq xətti ilə üzünü köçürdüyü kamil xəttatlıq nümunələrindəndir. Bu nüsxələr Parisin, Dublinin, Tehranın, İstambulun, Sankt-Peterburqun məşhur kitabxana və muzeylərində saxlanılır.
Cəfər Təbrizi həm də şair kimi tanınıb. O, Baysunqurun ölümünə mərsiyə yazıb. Bundan başqa onun Şahrux və onun oğlanları şahzadə Baysunqur və Əla əd-Dövlənin saraylarında özünün tutduğu yüksək mövqeyi təsvir edən şe'rlər yazıb. Dahi sənətkar 1480-ci ildə 65 yaşında Herat şəhərində dünyasını dəyişib.
|