|
1931-ci ildə Londonda Berlinqton sarayındakı İncəsənət Akademiya-sının zallarından birində İran incəsənətinə həsr olunmuş konqres keçirilirdi. Konqres qərara gəlir ki, özünün növbəti iclasını Leninqradda, Ermitajda keçirsin. 1935-ci ilin sentyabrında, bu gözəl şəhərin tarixinin ən gərkin dövründə həmin iclas açılır. Ermitajın direktoru akademik İosif Orbelinin yazdığı kimi, "Sovetlər İttifaqının bütün həyatını istiqamətləndirən partiyanın e'timadını doğrultmaq" üçün lazım olan hər şey edilmişdi. Xatirə medalı, nişan, marka hazırlanmış, sonra isə Konqresin elmi materialları da dərc olunmuşdu. Həmin dövrlərdə "qətnamə ilə planlaşdırılan məsələlərdən ötrü" konqres başa çatdıqdan sonra qaytarılmaq şərti ilə böyük türk sufisi Əhməd Yəsəvinin (vəf. 1166-ci il) məqbərəsindən müsəlman aləminin ibadət əşyaları da gətirilmişdi. Çox təəsüf ki, sovet alimləri öz sözlərinə əməl etməmiş və həmin əşyalar uzun müddət Ermitajda saxlanmışdı. Yalnız SSRİ-nin dağılmasından sonra həmin əşyalar Qazaxıstan və digər Orta Asiya resmublikaları tərəfindən geri alına bilmişdir. Türküstan (Yasa) şəhərindən konqresə kətirilmiş su üçün mərasim qazanı o vaxt Ermitajda təşkil olunmuş sərkinin əsas bəzəyi olmuşdu.
Qazanın üzərində yazılmışdı ki, onu 1399-cu ildə Teymurun əmri ilə Təbrizli ustad Şərəfəddinin oğlu usta Əbd əl-Əziz Təbrizi düzəltmişdir. Azərbaycanın şairləri, miniatürçü rəssamları, musiqiçi və me'marları həmişə Orta Asiyada məşhur olmuşdur. Belə ki, orta əsr təzkirələrinin birində Teymurun dilindən belə deyilir: "O saatca İraqın, Farsın, Azərbaycanın, Diyarbəkirin və Xorasanın müxtəlif vilayötlərindən gəlib Səmərqənddə toplanmış mühəndis və me'marları hüzuruma çağırtdırıb, onlara əmr etdim ki, kağız üzərində planlarını çəksinlər."
Əmir Teymurun arvadı Turkan aka Mafranın məşhur me'marlıq kompleksi "Şah-i-3ində'yə daxil olan məqbərəsi Azərbaycan me'marı Ziya-əd-din Təbrizi tərəfindən tikilmişdi. Belə misalların sayını artırmaq da olar.
Haqqında danışılan qazan həm yüksək bədii keyfiyyətləri, həm də tökmə işinin olduqca zərif texniki üsullarla aparılması ilə fərqlənir. Professor M. X. Heydərovun yazdığına görə, belə iri qazanlar Azərbaycanda geniş yayılıbmış. Bakıdan şimala doğru yerləşən Altıağac kəndində XII-XIV əsrlərə aid edilən dörd dəstəkli iri qazanın tapılması buna misaldır. Eyni cür və təqribən eyni dövrə aid olunan daha bir qazan da Şamaxı yaxınlığında tapılıb. Örənqala ətrafındakı qazıntılar zamanı isə belə qazanların dəstəklərinin tökülməsi üçün qəliblər və hazır dəstəklər də tapılmışdır.
Şərq və Azərbaycan incəsənəti sahəsində ünlü mütəxəssis sayılan B. V. Veymarn görün nə yazır: "Xoca Əhməd Yəsəvinin məscid-məqbərəsindəki nəhəng qazan tayı-bərabəri olmayan incəsənət şedevridir. Orta əsrlərin bədii tökmə sənətinin bu dahiyanə nümunəsi hələ ki özünə bənzər analogiyalar tanımır. Üç min litrdən artıq su tutan iki tonluq bürünc bir qazan... Bu əsər haqlı olaraq XIV əsr tökmə sənətinin mö'cüzəsi sayılır. Onun yaradılması üçün həmin dövrdə olduqca mürəkkəb sayılan bir çox texniki vəzifələrin öhdəsindən gəlmək lazım idi. Diametri 242, 4 sm olan bu nəhəng sferokonik ibris tədricən dümdüz dayağa keçərək, ümumi hündürlüyü 158,3 sm olan yastı və iri bir plitə üzərində dayanır. Qazanın duruşuna diqqət yetirdikdə onun miqyasının və elementlərinin təfərrüatına qədər düşünülmüş ölçü-biçisi adamı heyran edir. Korpusun yuxarı hissəsi naxışlara bənzər yazılar nəqş olunmuş lent ilə bəzədilib. Həmin lent öz növbəsində sanki aralarında iri və qabarıq medalyonlar düzülmüş on dekorativ dəstək üçün fon yaradır. Gəvdə tacının altında gözəl nəsx xətti ilə qələmə alınmış bir sətir yazıda hicri tarixi ilə 801-ci ildə həmin qazanın hazırlanmasına dair Teymurun verdiyi tapşırıq əks olunur. Daha sonra Qur'andan gətirilən misallar nəqş edilib. Həmin misallarda zəvvarlara su verməyin savab olması barədə fikirlər ifadə edilir. Dəstəklərlə medalyonlar arasında qalan yerlərdə ustad Şəraf əd-Din ət-Təbrizinin oğlu ustad Əbd əl-Əzizin əl yazısı və imzası təkrarlanır. Sonuncu dekorativ sətirdə kufi xətti ilə o dövrdə ən'ənəvi şəkildə nəqş olunan "La-ilahə-illəllah" ("Allahdan başqa Allah yoxdur") düsturu bir neçə dəfə təkrar olunur. Qazanın dibinin səthi səciyyəvi naxış yarpaqları və şahmat qaydasında düzülmüş qabarıq medalyonlarla işlənmişdir. Qazan bu gün də ölçülərinin möhtəşəmliyi, ifadə etdiyi fikrin monumentallığı və ifadə tərzinin bədiiliyi ilə adamı valeh edir. Formanın kamilliyi, dəqiq hesablanmış proporsional quruluş və zərif nəqqaşlıq işi sənətkarın yüksək peşəkar ustalığından və parlaq iste'dadından xəbər verir."
Biz Əbd əl-Əziz Təbrizinin həyatına dair heç nə bilməsək də, (göstərdiyimiz kimi, bircə o mə'lumdur ki, sənətkarın atasının adı Şəraf-əd-Din ət-Təbrizi olub və o da ustad rəssam olub) onun adı respublikamızın hər bir məktəblisinə çatdırılmalıdır. Bakı muzeylərindən birində onun məşhur əl işininhaqqında söz açdığımız qazanın surətinin qoyulması isə ustadın xatirəsinə ən böyük töhfə olardı.
|