|
Xacə Mir Əli ibn İlyas Təbrizi Şərqin ən görkəmli xəttatlarından biridir. Onun ömür yolu və yaradıcılığı haqda danışmazdan əvvəl xəttatlıq və xəttatların Şərq və ilk növbədə Azərbaycanın mə'nəvi həyatında tutduğu yer barədə bəhs etmək lazım gəlir.
İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qur'ani-kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müs-təqil və əsas sənət növlərindən birinə çevrilir. Gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilir. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür.
XV əsrin görkəmli Azərbaycan dilçisi Məhəmməd ibn Hinduşah Naxçıvani yazırdı: "Uşaqları ilk növbədə yazıya və səyahət etməyə öyrətmək lazımdır." Məhəmməd peyğəmbərə istinad eləyən ərəb alimləri belə deyirdilər: "Yazı-elmin yarısıdır." Eyni zamanda həm gözəl yazmaq, həm də mətnin məzmun dərinliyi vəhdətdə götürülürdü.
Xəttatların bir neçə nəslinin uzun axtarışlarının nəticəsində ərəb əlifbasının o dövrün praktik və estetik tələblərini ödəməyə qabil altı əsas xətt növü yaradılmışdı: süls, nəsx, mühəqqəq, reyhani, touqi və rəqa. Bunlar birlikdə klassik altılıq adlanırdılar.
Azərbaycanda xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. O, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Bunlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olmuşlar. Ondan başqa həmin "altılıq"a daha bir azərbaycanlı usta şeyx Əhməd Sührəvərdi də daxil idi. Mübarək şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilirdi və onun həmin xətlərlə yazan xeyli ardıcılı vardı. Sanki artıq xəttatlıq özünün zirvəsinə çatmışdır və bu sahədə artıq heç bir yenilik etmək mümkün deyil. Bununla belə XIV əsrdə Azərbaycanda, bütün müsəlman dünyasında məşhur olacaq bir xəttat yetişir. həmin xəttat Xacə Mir Əli ibn İlyas Təbrizi (1330-1405) idi. Alimlər, bioqraflar və xəttatlıq tarixinə dair risalə müəllifləri Mir Əli Təbrizini "nəstə'liq" xəttinin yaradıcısı hesab edirlər. Bu xətt növü çox tezliklə klassik altılığı sıxışdırmış və bütün Şərqdə geniş yayılmışdı. Orta əsr müəlliflərindən biri yazırdı: "Əgər iri və xırda nəsxi-tə'liq xətti varsa da, bunun yaradıcısı Xacə Mir Əlidir. O, öz kəskin ağlı ilə bu xətti nəsx və tə'liq xətlərinin qovuşmasından yaratmışdır. Onun qələminin qamışı ona görə bu qədər şirindir ki, təmiz Təbriz torpağından qalxıb-cücərmişdir."
Rəvayətə görə, yeni bir xətt icad etmək arzusu ilə alışıb yanan xacə Mir Əli Təbrizi bir gecə yuxu görür. Yuxusuna girən birinci şiə imamı Mürtəza Əli ona deyir: "Ey Allahın qulu! Ördək suya girəndə ona diqqət yetir, onun hərəkətlərinə fikir ver və buna bənzər bir xətt yarat... Gör bir ördəyin gözləri necə yumrudur, dimdiyi necə dikdir, boynu necə də əyridir. Bunlara bax və bir xətt icad et!"
Əmir Teymurun zamanında Mir Əli artıq nəstə'liq xəttinin banisi kimi şöhrət tapmış və Azərbaycanın da daxil olduğu nəhəng bir imperiyanın bütün hüdudlarında hörmətli xəttatlardan sayılırdı. Onun qələmindən çıxmış əlyazmaları indi Londonda, Tehranda, Sankt-Peterburqda muzeyləri bəzəyir.
Mir Əlinin yeni xətti mənimsəyən ilk şagirdi onun oğlu Mir Abdullah olur. Mir Abdullah da bir usta xəttat kimi çox ölkələrdə ad çıxarmış və "Şəkəri-qələm" ləqəbini almışdı. XV əsrin görkəmli Azərbaycan xəttatı Cəfər Təbrizi isə Mir Abdullahın şagirdlərindən idi. Cəfər nəstə'liq xəttinin inkişafı üçün o qədər böyük işlər görmüşdü ki, onu bu xəttin ikinci ustadı (müxtəre üs-sani) adlandırırdılar. O, bir müddət digər Azərbaycan rəssamları ilə bir-likdə Heratda, Teymuri şahı Şahruxun oğlu Baysunqur Mirzənin yanında saray xəttatlarına başçılıq etdiyindən ona "baysunquri" titulu da verilmişdi.
Mir Əlinin Mir Abdullah, Cəfər Təbrizi və başqa şagirdləri öz böyük müəllimlərinin ideyalarını inkişaf etdirmiş və onun irəli sürdüyü mülahizələrin doğruluğunu isbata yetirmişlər.
|