Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XVIII - XIX əsrlər
CAVAD XAN QACAR ZİYADOĞLU

     Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan yarımmüstəqil bəylərbəyiliklərə bölündü. O vaxtdan e'tibarən Qarabağın və Gəncənin bəylərbəyiliyi vərəsəlik hüququ ilə Qacarlar tayfasından Ziyadoğlularına verilir. Qarabağ və Gənçənin ilk bəylərbəyisi görkəmli siyasi xadim və iste'dadlı sərkərdə Kəmaləddin Şahverdi sultan Ziyad oğlu Qacar (vəf. 1568) olur. Nadir şahın ölümündən sonra bəylərbəylikləri müstəqil xanlıqlara çevrilir. Buna baxmayaraq, Gəncə xanlığında hökmranlıq yenə qacarlarda qalır. Gəncə xanlığının ilk hakimi Azərbaycanın ən görkəmli siyasi xadimlərindən biri Şahverdi xan Ziyadoğlu Qacar (1747-1760) olub. Sonuncu Gəncə xanı isə Cavad xan ibn Şahverdi xan Ziyadoğlu Qacar idi. O,1748-ci ildə Gəncə şəhərində doğulub. Cavadın atası Şahverdi 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsl-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Xeyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı il-də isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurur. Bu qadınlardan biri 1812-çi ildə, ikincisi isə 1830-çu ildə vəfat edir. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı—Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşaqa Cavad adı veriblər. Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.

     Şahverdi xandan sonra Gəncədə hakimiyyətə onun oğlu Məhəmməd Həsən xan Ziyadoğlu Qacar gəlir. O, bir dövlət xadimi kimi böyük bacarıq nümayiş etdirərək, Gəncə xanlığının müstəqilliyini möhkəmləndirir, onun çiçəklənməsinə səbəb olur. O doğmaca qardaşı Məhəmməd xan tərəfindən öldürüldükdən sonra Gəncədə qeyri-sabit bir vəziyyət yaranır. Zəif xarakterli, amansız bir insan olan Məhəmməd xan qardaşının taxtına çıxmağa macal tapmamış oğlu Ağabəylə birlikdə gürcü-Qarabağ birləşmiş dəstələri tərəfindən ələ keçirilir, kor edilir və Şuşa qalasına salınır. Gəncə xanlıqının idarəsi İbrahim xanın adamı Həzrətqulu bəyin və çar İraklinin knyazı Keyxosrova həvalə olunur.

     Bu zaman Rusiya Krım uğrunda türklərlə apardığı mübarizəyə baxmayaraq, Qafqazda hərəkətlərini daha da fəallaşdırır ki, bu istiqamətdə Türkiyənin diqtətini yayındırsın. Qafqaz siyasətinin aparılmasına rəhbərlik II Yekaterinanın favoriti, Rusiyanın faktiki hakimi Potyomkinə tapşırılmışdır. Onun Qafqaz məsələləri üzrə başlıca müşaviri erməni arxiyepiskopu İosif Arqutinski olur. Bundan heç bir il keçməmiş Potyomkinin Georgiyevskdəki mənzil-qərargahında Gürcüstanla Rusiya arasında traktat (müqavilə) bağlanır. Həmin sənədə əsasən, Gürcüstan Rusiyanın himayəsi altına keçir və oraya rus qoşunları girir. Ancaq iş bununla da bitmir. Gürcü çarı İrakli Gəncə, İrəvan, Axaltsix və Naxçıvan üzərində hökmranlıq hüququ tələb edirdi. O yazırdı: "Belə bir fikri faydalı sayıram ki, Rusiya Adribicanı ələ keçirsin və sonradan onun bir hissəsini mənə iltifat eləsin." Gürcü çarı ilk növbədə Gəncənin ona tabe edilməsini istəyirdi. Onun bu niyyətləri İbrahim xana mə'lum olur və o, gəncəlilərin gürcü qarnizonuna qarşı üsyanını təşkil edir. Keyxosrov Gəncədən qaçır, İrakli isə Gəncə taxtına İbrahim xanın yanında əsir saxlanan Məhəmməd xanı oturtmaq fikrinə düşür. İbrahim xan bunu eşidən kimi əsirini qətlə yetirir. Ancaq İbrahim xanın öz adamı olan Həzrətqulu bəy də bundan sonra Gəncə taxtında çox otura bilmir. Gəncəlilərin növbəti üsyanından sonra hakimiyyətə əvvəlcə Rəhim bəy, bir müddət keçəndən sonra isə onun qardaşı Cavad xan kəlir. Görünür, Cavad xan hakimiyyətə İraklinin köməyi olmadan gəlməmişdi, belə ki, bundan sonra bir neçə il müddətində o, ilbəil gürcü çarına 10 min manat həcmində vergi ödəyirdi. Həmin asılılıqdan və gürcülərin Gəncə üzərinə tez-tez baş verən basqınlarından can qurtarmaq məqsədilə Cavad xan öz hərbi hissələrini 1785-ci ildə Tiflis üzərinə yürüşə kedən Ağa Məhəmməd şah Qacarın qoşunlarına qoşur. Qacarın qoşunları geri qayıtdıqdan sonra Cavad xanla II İrakli arasındakı münasibətlər daha da gərkinləşir. II İraklinin, Qarabağ xanı İbrahim xanın və onun qohumu Avar Umma xanın dəstələri Gəncəni mühasirəyə alır. Uzunmüddətli mühasirə uğursuzluqla başa çatsa da, onun aradan götürülməsi üçün Cavad xan Tiflisdə əsir aldığı döyüşçüləri geri köndərməli və İbrahim xanın hərbi xərclərini ödəməli olur.

     Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış Borçalı və Şəmşəddil mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər olur. O öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə onun favoriti Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd xanın pozduğu əmin-amanlığın bərpa olunması göstərilirdi. Çox qısa bir müddətdə ruslar az qala döyüşsüz və müqavimətsiz bir şəkildə Azərbaycanın demək olar ki, bütün Xəzəryanı bölgələrini tuturlar. Xanların bir çoxusu aralarında türk və iranmeyllilər də olmalarına baxmayaraq, xanlığın və xan hakimiy-yətinin saxlanılması şərti ilə Rusiyanın himayəsi altına keçməyə məcbur olur. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general Rimski-Korsakovun başçılığı ilə gəlir. Cavad xanın özü şəhərdən çıxıb, rus ordusunun qarşısına gələrək, qalanın açarlarını Rimski-Korsakova şəxsən təqdim edir.

     Əvvəlcə azərbaycanlılarla rusların arasındakı münasibət normal idi. Lakin Zubovun müşaviri tə'yin olunan Arqutinskinin Qarabağ məliklərinə müraciətlərindən sonra bu münasibətlər gərkinləşir. O, Zubovun razılığı olmadan bəyan edir ki, guya ruslar Azərbaycana ona görə gəliblər ki, "erməniləri müsəlmanların təcavüzündən qurtarsınlar." Lakin bu bəyanat da əsassız verilməmişdi. Erməni məlikləri Zəngəzur və Qarabağ torpaqlarına iddia etməyə başlamışdılar. Hələ ruslar Qafqaza gəlməmişdən qabaq Azərbaycan torpaqları ermənilərlə gürcülər arasında bölüşdürülməyə başlamışdı. Qafqaz yürüşünə kömək müqabilində ruslar sonradan gürcülərə bu bölkədə hegemonluq üçün imkan yaradacaqlarına və'd də vermişdilər. Bufer xristian dövləti yaratmaq məqsədilə İrəvan və Qarabağ xanlıqlarını buraya İran və Türkiyədən köçürülmüş ermənilərlə məskunlaşdarmaq da planlaşdırılırdı. Həmin siyasət bizim günlərə qədər davam etməkdədir. "Böyük Ermənistan" iddiası ilə bu bölkəyə o vaxtdan e'tibarən I milyon yarımdan çox erməni yerləşdirilmiş və oradan bir o qədər azərbaycanlı da zorla köçürülmüşdür.

     Elə həmin ildə II Yekaterina ölür, yeni imperator I Pavel Zubova Zaqafqaziyanı tərk etmək əmrini verir. Rusların gedişindən dərhal sonra Ağa Məhəmməd şah Azərbaycanın şimalına cəza yürüşünə çıxır. O, Şuşanı tutur və Bakı xanı Hüseynqulunu silah altında buraya gətizdirir. Cavad xan da buraya gəlir. Onlar şaha öz qalalarını müqavimət göstərmədən ruslara təslim edilmə səbəblərini izah etməli idilər. 1797-ci ilin 5 iyun günü şahın öz xidmətçiləri tərəfindən qətlə yetirilməsi xanları mühakimə olunmaqdan xilas edir. 1799-cu ildə rus qoşunları Gürcüstana girir, bir ildən sonra isə Gürcüstanın Rusiyaya birləşməsi haqqında manifest verilir. Gürcü çarı XII Georgi Şəmşəddil mahalının geri qaytarılması məsələsini qaldırır. Cavad xan öz oğlu Uğurlu xanın başçılığı altında oraya qoşun göndərir. Bu zaman gürcü çarının bir vaxtlar Cavad xanla dostluq eləyən xəzinədarı onu xəbərdar edir ki, birləşmiş rus-gürcü qoşunları Gəncə üzərinə yeriyə bilər. O da tamamilə mümkündür ki, həmin məktubla Cavad xanı qorxutmaq və onu qaçmağa məcbur etmək istəmişlər. Rus tarixçisi Olqa Petrovna Markovanın da yazdığı kimi, "Zaqafqaziyadakı münasibətlərin ən gərkin məsələsi olan Gəncənin tabeçiliyi məsələsi yenidən kəskinləşir." Qafqazda rus qoşunlarının komandanı rus generalı, gürcü knyazı P. D. Sisiyanov tə'yin olunur. General Sisyanov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803-cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər. Şəhərin yaxınlığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar. Onları tə'qib eləyən ruslar da şəhərə girərək, qalanı dörd bir tərəfdən mühasirəyə alırlar. Düz bir ay Sisyanovun ultimatumlarına Cavad xan birmə'nalı şəkildə eyni cür cavab verir: "Şəhəri verməyə gəlincə, bu niyyə-tindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyidimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür."

     Qabağdan qarlı qış gəlirdi və bunu gözünün altına alan Sisyanov 1804-cü ilii 3 yanvarında qalanı hücumla almaq qərarı verir. İlk hücumda qalanı asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. Qalanın divarları üzərində açıq döyüş zamanı Cavadxan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə (səhər saat 4-də) düşmən gülləsindən həlak olur. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şərafətlə həlak olur. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçir və xanlıq ləğv olunur. 1826-cı ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi.

     Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi. O, sonradan da özünün kiçik dəstəsi ilə iki dəfə Azərbaycanın içərilərinə doğru irəliləmiş, hətta yenidən Gəncəni ələ keçirməyə də cəhd göstərmişdi.

     Cavad xan Gəncədə şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdıldı. Lakin vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxladılar və artıq 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpaqa tapşırdılar. Məzarın üzərində kiçicik bir abidə də qoyuldu. Abidənin üzərindəki yazılar da o qədər savadlı yazılmamışdı. Xoşbəxtlikdən həmişə elmi axtarışlarda olan Məşədixanım Ne'mətova arxivdən Cavad xanın qəbrüstü abidəsinin foto-surətini tapa bildi. Və tə'cili olaraq, həmin şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı hazırlandı və onun üzərində gözəl nəstə'liq xətti ilə fars dilində aşağıdakı sözlər həkk olundu:

     "Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.
     Elə ki, qara torpaq oldu onların məskəni
     İstər miskin dərviş, istərsə şahi-cahan olsun.
     Gəncədə bu məqbərəni bina etdi
     Mərhum, rəhmətlik Cavad xan
     Kərbəla şəhidlərinin torpağından
     O astadan çoxlu torpaq gətirib
     Həmin türbəni malaladı.
     Öz ölüləri üçün əmin-aman bir ev yaratdı.

     Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.
     Ondan sonra bu məqbərəda dəfn olundular
     O fatehin nəsli və ailəsi."

     Rusiyanın Cavad xan üzərində qələbəyə və Gəncənin işğal olunmasına necə böyük bir diqqət yetirdiyini sadəcə olaraq, bu hadisə ilə əlaqədar buraxılmış təltif və xatirə medalları da sübut edir. Belə ki, bu və 1827-ci ildə Gəncənin ikinci işqalı münasibətilə gümüşdən "1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci dəfə Uğurlu xandan alınması tanınmış medalyer qraf Fyodr Tolstoyun yaratdığı "Yelizavetpol uğrunda döyüş. 1826-cı il." xatirə medalı ilə qeyd olunmuşdu. Şəhərin adı I Aleksandırın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa başlamışdı.

     Cavad xanın hakimiyyəti dövründə Gəncə çiçəklənir. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Cavad xanın sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı. Orada görkəmli Azərbaycan şairi Mirzə Şəfinin atası Kərbəlayı Sadıq da çalışmışdır. Gəncə ruslar tərəfindən işğal olunduqdan sonra Cavad xanın qızı Püstə xanım Mirzə Şəfini öz yanında idarə işinə götürür, Şamxor döyüşündən sonra Uğurlu xan bacısını özü ilə İrana aparır. .

     Cavad xanın nəvəsi, Uğurlu xanın qızı və sonuncu Qarabağ xanı Mehdi Qulu xanın həyat yoldaşı Bədircahan bəyim tanınmış şairə və ictimai xadim idi. Cavad xanın nəvəsi Kəlbəli xan Müsahib Azərbaycan və fars dillərində gözəl şe'rlər yazıb. Cavad xanın qardaşı Fətəli bəy Ziyadoğlu Xali Gəncəli tanınmış şair olub. Onun əsasən, Azərbaycan dilində yazılmış divanı indi respublikamızın Elmlər Akademiyasının Əlyazmalar institutunda saxlanılır. Görkəmli Azərbaycan yazıçısı Möhsün Nasiri də Cavadxanın sarayında yaşayıb-yaratmışdır. O, Cavad xanın sifarişi ilə qədim hind nağıllarının əsasında yaradılmış "Tutinamə'nin Azərbaycan versiyasını yazmışdı. Cavad xanın xə-ləflərindən bir neçəsi Azərbaycan Rusiyaya birləşəndən sonra Ziyadxanov familini almışlar. İndi də onların bir çoxunun törəmələri Bakıda və Gəncədə yaşayırlar.