Azərbaycanın görkəmli şəxsiyyətləri  
qədim və orta əsrlər  
Alimlər
ƏSRLƏR 
Qələm ustaları
   B.E.Ə.   VII - IX   XI - XIII   XIV - XV   XV - XVI   XVII   XVIII - XIX 
Sənət ustaları
Dövlət xadimləri
ƏLİFBA SIRASIYLA 
Din xadimləri
   A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   İ   J   K   Q   L   M   N   O   Ö   P   R   S   Ş   T   U   Ü   V   Y   Z 

XVIII - XIX əsrlər
MİRZƏ ŞƏFİ

     Mirzə Şəfi, səndən nə istəyirlər?

     Niyə səni gah öyür. gah da döyürlər?

     Hikmət açarı. Mirzə Şəfi

     Orta əsrlərdə Azərbaycan məktəblərində və universitetlərində təhsil sistemi elə qurulmuşdu ki (məscidlərin nəzdində fəaliyyət göstərən məktəblərdə həmin sistem XIX əsrin sonlarına qədər qorunub saxlanılmışdı), ilahiyyatdan sonra əsas fikir dillərin, şe'rşünaslığın təcrübə və nəzəriyyəsinin, habelə xəttatlığın öyrənilməsinə verilirdi. Buna görə də o dövrün oxumuş adamları şe'r və xəttatlıq sahələrində öz güclərini sınayırdılar. Lakin kağız, mürəkkəb və xəttat haqqı o qədər baha başa gəlirdi ki, yalnız varlı himayədarı olan şairlər öz əsərlərinin üzünü köçürdə bilərdilər. Çox vaxt isə bircə nüsxədə yazılan əlyazmaları müəyyən vaxtdan sonra itib-batır və öz müəllifinin də adını unutdururdu. Eyni aqibət yəqin ki, sadə bir gəncəli xəttat olmuş Mirzə Şəfinin də başına gələ bilərdi. Əgər sonucda ona dünya şöhrəti gətirmiş az qala detektivvari hadisə baş verməsəydi.

     Doğrudan da adi bir xəttat, sonra isə Azərbaycan dili müəllimi olan Mirzə Şəfi nə vaxtsa onun şe'rlərinin dünyanın ən yaxşı tərcüməçiləri və Avropa şairləri tərəfindən, demək olar ki, bütün dillərə çevriləcəyini, sözlərinə çoxlu bəstələr yazılacağını ağlına da gətirə bilməzdi. Ancaq hər şey məhz bir təsadüf üzündən baş verdi. Bütün bunlar Rusiya və Qafqaza səyahətə çıxmış alman ədibi Bodenştedtin sayəsində (yaxud da bunların əksinə olaraq) baş verdi. həmin hadisəni izləyək.

     XIX əsrin başlanğıcında sonuncu Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın sarayında yaşayanların içində əslən gəncəli (onun atası Məhəmməd də gəncəli idi) olan Kərbalayi Sadıq adlı bir me'mar da vardı. İki oğlunun birini—Əbdüləlini daşyonan yanına şagird qoymuşdu. İkinci oğlu Şəfi isə Gəncədəki Şah Abbas mədrəsəsində təhsil alırdı. Gəncə xanının ölümündən, rusların 1804-cü ildə Gəncəni almasından sonra düz-düznəqulu allah adamı olan həmin Kərbəlayi Sadıq demək olar ki, ruzisiz qalır. O bütün ümidini oğlu Şəfiyə bağlamışdı ki, bəlkə bu uşaq tanınmış bir ilahiyyatçı olar. Ancaq Sadıq kişi o günə çata bilmədi. Ailənin qayğıları, dərd-səri bu yazıq və kimsəsiz kişini yatağa salır və onun ölümündən sonra qardaşlar yetim qalırlar.

     Şəfi təhsilini davam etdirmək istəyirdi. Təbriz səyahətindən yenicə qayıtmış "yüksək ağıl və böyük mə'nəviyyat sahibi" olan məşhur tacir Hacı Abdulla ona bu işdə yardım göstərir.

     Hacı Abdulla əslən gəncəli idi. Ticarətdə əli gətirəndən sonra o, əvvəlcə Təbrizə, sonra isə Bağdada səfər edir. Burada o, Seyid Səttar adında bir sufi dərvişlə tanış olur. Onun ehtiraslı söhbətləri Hacıya o qədər tə'sir göstərir ki, o, dərvişin fəlsəfi ideyalarının ardıcılına çevrilir. Gəncəyə yola düşməzdən qabaq o, minnətdarlıq əlaməti olaraq, özünün evsiz-eşiksiz dərviş dostuna bahalı bir hədiyyə vermək istəyir. Seyid Səttar hədiyyədən imtina edir və minnətdarlıq əlaməti kimi onun görüşlərini bölüşməklə birgə Hacının öz həyat tərzindən əl çəkməyini istəyir. Hacı Abdulla da sözünün üstündə durur. Gəncəyə qayıtdıqdan sonra o, nəinki öz həyat tərzini dəyişir, hətta sufi dünya-görüşünün fəal təbliqçisinə çevrilir.

     İş burasında idi ki, Şəfi hələ mədrəsədə oxuyarkən sufiliklə və Şərqin panteist fəlsəfi fikri ilə maraqlanırdı. Çünki bunlara bələd olmadan Hafiz, Füzuli, Xəyyam, Sə'di kimi şairləri dərk etmək mümkün deyildi. Hacı Abdullanın söhbətləri də onun ruhuna uyğun olduğundan gənc tələbəni maraqlandırmışdı. Hacı Abdulla onu öz himayəsi altına alır və bə'zi tədqiqatçıların göstərdiklərinə görə, hətta oğulluğa götürür. Gəncə ruhaniləri ilə söhbətlərində Şəfinin bid'ətçi mülahizələri və həmin kütləvi mübahisələr zamanı Hacı Abdullanın onu müdafiə etməsi diqqətdən yayınmır və gələcək şairi mədrəsədən xaric edirlər. Mirzə Şəfi yaradıcılığının tədqiqatçıları yaddan çıxarmamalıdırlar ki, o, ömrünün sonuna qədər öz mürşidinə sadiq qalmış və sufizm mövqelərindən bircə addım da keri çəkilməmişdi. Aşağıdakı məşhur şe'ri də buna sübutdur:
     Mənim ustadım Hafizdir,
     Məscidim isə meyxanədir.
     Mən meyxanəyə gələndə
     Hər şey hərəkətə gəlir...
     İlihi, özün kömək ol,
     Bizə imkan ver ki,
     qəlbimizi—eşqə,
     Ayaqlarımızı meyxanəyə bağlayaq...
     Mən yerdəki behişti
     Belə təsəvvür edirəm:
     Hər yan meyxanədir.
     Meyxanədə içərkən
     Qədəhin dibində mən
     Varlığın sirlərini
     Açmağa nail oluram.

     Sufi poeziyasında meyxanə, xərabat dedikdə sufi məclisləri, yığnaqları nəzərdə tutulur, tərənnüm edilən sevgi isə ilahi eşq sayılırdı (bax: Məhsəti Gəncəvi haqda bu saytdakı oçerkə). Elə buradaca qeyd etmək lazımdır ki, şairin gizlin sufi məzmunu daşıyan şe'rlərini (bunlardan Bodenştedtin xəbəri olmaya da bilərdi) cəsarətlə Vazehin həqiqi əsərlərindən saymaq lazımdır.

     Hacı Abdulla mərhum Cavad xanın qızı Püstə xanımın yanında idarə işinə girməkdə Şəfiyə kömək edir. Beləliklə, gənc oğlan özünə dolanışıq yolu tapır. Həmin dövrdən e'tibarən, Şəfinin adının əvvəlinə bir Mirzə sözü də artırılır. 1826-cı ildə Cavad xanın böyük oğlu Uğurlu xan Ziyadoğlu Qacar Abbas Mirzə Qacarın qoşunlarının köməkliyi sayəsində bir neçə müddətə də olsa, Gəncə xanlığını bərpa edə bilir. Ancaq tezliklə ruslar yenidən Gəncəni alırlar və Uğurlu xan bu dəfə gedəndə bacısı Püstə xanımı da özü ilə İrana aparır. Yenə işsizlik, yenə çətinlik... Mirzə Şəfi müsəlman ruhanilərinin kitablarının üzünü köçürməklə birtəhər çörəkpulu qazanır. 1831-ci ildə onun həmfikiri və hamisi Hacı Abdulla da vəfat edir. O öləndə özünün bir neçə yüz rubl pulunu Mirzə Şəfiyə vəsiyyət edir. Şəfi borclarını qaytara bilir və maddi vəziyyətini bir qədər yaxşılaşdırır. Ancaq bu da müvəqqəti olur. Bir yandan da mətbəələrin yaranması onun xəttatlıq sənətini az qala lazımsız bir şeyə çevirir. Şəfi olduqca ağır bir vəziyyətə düşür.

     Şairin yaradıcılığına dərindən bələd olmuş ən yaxşı tədqiqatçılardan biri Mikayıl Rəfili göstərir ki, Vazeh təxəllüsünü qəbul etmiş Mirzə Şəfinin poetik iste'dadının çiçəklənməsi də məhz həmin dövrə düşür. O yazır: "Həyatın sınaqları və ruhanilərin təzyiqləri altında tənha və kimsəsiz qalmış şair şərabın və mə'şuqənin gözəlliklərini tərənnüm etməklə təsəlli alırdı. Bu şe'rlər isə çox zaman Hafiz və Xəyyamdan, XVI əsrin böyük Azərbaycan şairi Füzulidən gələn uzun bir yolu davam etdirir, mistik səciyyə daşıyırdı." 1840-cı ilin noyabrında görkəmli Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundov Mirzə Şəfiyə Tiflisdəki uyezd məktəbində müəllim yeri almaqda kömək edir. Ömrünün sonuna qədər də burada işləyir. Yalnız 1848-ci ildə o, iki illiyə Gəncəyə dönərək, təzəcə açılmış Gəncə uyezd məktəbində dərs deyir. Tiflisdə çalışarkən Mirzə Şəfi İ. Qriqoryevlə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan "Kitabi-türki" kitabını yazır. Həmin kitab Təbriz mətbəələrinin birində nəşr olunur. Kitabın rəsmi və tam adı belə idi: "Müəllim Qriqoryevin və Mirzə Şəfi Sadıq oğlunun tərtib etdikləri Azərbaycan ləhcəsi müntəxabatı". Bu kitabda Mirzə Şəfinin misal gətirdiyi "Müdrik deyimlər və tə'limatlar" sonradan Bodenştdedt tərəfindən əsl müəllifi göstərilmədən təkrar nəşr edilmişdi.

     Mirzə Şəfi Tiflisdə özü üçün yeni olan bir mühitə düşür. Ancaq Gəncədəki ədəbi mühitlə əlaqələrini kəsmir. Onun Gəncədə yaratdığı "Divani-hikmət" ədəbi məclisi indi Tiflisdə fəaliyyət göstərir. Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, şairlərdən Nəcmi, Naseh, Şö'lə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı "Divani-hikmət"in üzvləri idilər. Məclisin əhatə dairəsinə Azərbaycan və fars dillərini bilən rus və gürcü ədib və şərqşünasları da daxil olurlar. Tiflisdə o zaman yaşayan çoxsaylı Avropa alim və şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. 1843-cü ildə yuxarıda adı çəkilən Fridrix Bodenştedt də məclislərə gəlib-getməyə başlayır. Mirzə Şəfinin ədəbi irsinin taleyində bu şəxs elə bir müstəsna rol onayır ki, onun haqqında burada ayrıca danışmaq lüzumu yaranır.

     Bodenştedt 1819-cu il aprelin 28-də keçmiş Hannover krallığında anadan olub. Almaniyanın ən yaxşı universitetlərində, Kettingendə, Münhen və Berlində təhsil alan Bodenştedt bir neçə dil və ədəbiyyatı öyrənir. Sonra 1841-ci ildə Moskvaya gedərək, knyaz Mixail Qolitsınin uşaqlarının tərbiyəsi ilə məşğul olur. Üç ildən sonra müşahidəçi qismində Tiflisə gəlir və burada xarici dilləri tədris etməyə başlayır. O, burada Şərq dillərini öyrənmək fikrinə düşür. Sonralar "Xatirələr"ində yazırdı ki, "O zaman mən Tiflisdə yaşayan yeganə alman idim ki, Şərq dillərini öyrənmək istəyirdim. Mən tatar (türk) dilindən başladım, çünki bu dil Qafqazda müxtəlif millətlərdən olan insanlarla ünsiyyət saxlamaq üçün vacib sayılırdı. Bu dili biləm hər kəs rus dilini bilmədən də hər yerdə baş çıxara bilərdi." Bodenştedtin tanışları müəllim seçmək lazım gəldikdə ona bir neçə başqa şəxslə birlikdə Mirzə Şəfini də məsləhət görürlər. Çünki onun Gəncədə və Tiflisdə fərdi dərs deməkdə böyük təcrübə qazandığı mə'lum idi. "Mənə məsləhət görülənlər içərisində ən münasibi Mirzə Şəfi idi. O, mənim çox xoşuma gəldi. Ucaboy və ciddi bir adam idi"—Bodenştedt yazırdı. Mirzə Şəfi həftədə üç dəfə Bodenştedtə və digər tələbələrinə dərs keçir. Az sonra müəllim öz qərib qonağı ilə o qədər yaxınlaşır ki, Bodenştedt Mirzə Şəfinin "Divan"ına tam hüquqlu üzv olur.

     "Divani-hikmət" ədəbi məclisinin yığıncaqları canlı fəlsəfi diskussiyalar şəklində keçirdi. Mirzə Şəfi Firdövsi, Xəyyam, Sə'di, Füzuli kimi dahi şairlərin şe'rlərini əzbərdən avazla oxuyurdu. Şəfi öz şe'rlərinə də yer ayı-rırdı. Bə'zən hazır şe'rlərini oxuyur, bə'zən də məclis üzvlərinin közü qarşı-sında bədahətən şe'rlər deyirdi. "Mən hələ onun dil dərslərinə kitab gətirdiyini görməmişdim. —Bodenştedt yazırdı—o, həmişə nə deyirdisə, nə diqtə edirdisə, nəyi sitat gətirir və sübut etməyə çalmşırdısa, öz yaddaşına arxalanırdı. Allahın ona ən böyük töhfəsi olan yaddaşı da heç vaxt şairi darda qoymurdu." Yüksək savad sahibi olan Bodenştedt öz müəllimi ilə keçirdiyi vaxtdan səmərəli istifadə edir. O eşitdiyi söhbətləri və şe'rləri yazıya alır, qeydlər aparır. Çox zaman Mirzə Şəfi öz şe'rlərini də ona diqtə edirdi və qonaq bunları da yazırdı. Belə tədris üsulunun effekti uzun əsrlər boyu işlənmişdi və buna görə də Bodenştedt çox tezliklə Azərbaycan və fars poeziyasının gözəl-liklərini anlamağa başlayır. Bodenştedtin Şərq dünyasını dərk etmək arzusu Mirzə Şəfiyə ləzzət verirdi. Buna görə də o, səmimi bir şəkildə özünün "Hikmət açarı" adlandırdığı kitabını qonağa hədiyyə verir. "Bu dəftərçə bizim müəllimimizin bütün dünyaduyumunu özündə əks etdirirdi." —Bodenştedtin xatirələrində həmin kitab haqda belə deyilir. Kitabın girişində şair ön söz verir. Sonralar Bodenştedt həmin ön sözü alman dilinə tərcümədə çap edəcəkdi. Burada deyilirdi: "Mərhəmətli və rəhmdil Allahın adı ilə başlayıram. Yerin və göyün yaradanına həmd və səna olsun ki, biz bu kitabın həqiqi mahiyyətini və təbiə-tini açırıq. Dostumuz və tələbəmiz Bustan əfəndinin (allah onun ömrünü uzun eləsin) tə'kidi ilə Mirzə Şəfi (allah onun dolanışığını firavan eləsin) bu kitabda idrak və hikmət qaynağı olan qəsidə, qəzəl, müqəttəat, məsnəviyyat və rübaiyyatını yazıb topladı. Qoy ağılsızlar oradan ağıl, müdriklər isə həzz alsınlar. Bu topluda məhəbbət nəğmələri, gözəllik və xeyirxahlıq sevinci, həmçinin bütün pis və mənfur şeylərin lə'nətlənməsinə dair şərqilər yığılıb. Bu-radakı hikmət toxumları bilik yanğısından yaranmış tarlada səpilmək və anlayış şırımlarına atılmaqdan ötrü nəzərdə tutulmayıb. Buradakı mahnılar o adamlar üçün yaranmayıb ki, poeziya və natiqlik sənətinin arasında qızıl ortanı tapmaq istəyirlər, o adamlar üçündür ki, öz atlarının başını sözlü-söhbətli yollarda boşuna buraxırlar." 1845-ci ildə Bodenştedt Almaniyaya qayıdır və Tiflisdə keçirdiyi illərin yekunu kimi "Şərqdə 1001 gün" adlı kitab yazır. O, Mirzə Şəfi Vazehdən tərcümə etdiyi şe'rləri də həmin kitaba salır. Bodenştedt o zaman hələ tam səmimi bir tərzdə Mirzə Şəfiyə müraciət edirdi: "Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu, bizə və'd etdiklərinin hamısı həyata keçdi. Sənin nəğmələrin bizim qız-gəlinlərimizin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi. Mənə bağışladığın çiçəklərdən çələnglər hördüm, qarşımda səpdiyin mirvariləri sənin şərəfinə sapa düzdüm, insanlara sevinc bəxş etdim." Bu kitabda Bodenştedt digər Azərbaycan və fars şairlərindən etdiyi tərcümələri də toplamışdı. O, hər bir şe'rin nəinki Mirzə Şəfi də daxil olmaqla müəllifini dəqiq göstərir, hətta həmin əsərləri hansı şəraitdə və haçan qeydə aldığını da ətraflı təsvir edir. Beləliklə, qərib qonağın və sevimli şagirdin sə'yləri sayəsində bütün Avropa XIX əsrin ən görkəmli Azərbaycan şairlərindən biri ilə tanış olur.

     Bodenştedt əvvəllər də ədəbi fəaliyyətlə və tərcümə ilə məşğul olmuşdu, lakin heç zaman belə tanınmamışdı. Onu yalnız ədiblərin dar dairəsində tanıyırdılar. Və birdən... hətta müəllifin gözləmədiyi bir şəkildə kitab görünməmiş bir uğur qazanır. Sevincindən uçmağa qanad tapmayan Bodenştedt naşirinin təklifi ilə kitabı təkrarən nəşr etdirmək fikrinə düşür. Daha doğrusu, yeni bir kitab —"Mirzə Şəfinin nəğmələri" kitabı yaranır ki, bu da Bodenştedtə şöhrət gətirir. "Nəğmələr"in müəllifi və tərcüməçisi cəmi bir neçə ilin içərisində bütün dünyada ad-san qazanırlar. Kitab fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərində nəşr olunur. "Nəğmələr"dən bir neçəsini hətta qədim yəhudi dilinə tərcümə edirlər. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə nəşr olunur. Həmin ölkədə bu kitabın uğuru o qədər böyük idi ki, bə'zən kitabı bir ildə bir neçə dəfə təkrar nəşr etmək lazım gəlirdi. Belə ki, 1868-ci ildə kitab 6 dəfə, 1876-cı ildə isə 12 dəfə nəşr olunmuşdu. Məşhur şair haqqında hətta "Die lideq des Miqza Sshaffu" adlı operetta da yazılır ki, onun da premyerası 1887-ci ildə olur. Bircə Ömər Xəyyamın Fiscerald tərəfindən edilmiş gözəl tərcümələrini istisna etsək, belə gözlənilməz və geniş şöhrət gətirən heç bir tərcümə əsərinin adını çəkmək mümkün deyil.

     "Nəğmələr"in rus dilinə tərcümələrindən danışanda demək lazımdır ki, bunlar bədii səviyyəsi e'tibarilə müxtəlif idi. Bunların ikisini xüsusilə qeyd etmək istərdik. Züleyxa haqda məşhur şe'ri S. Y. Nadson çevirmişdi:
     Ni anqelov siyayuşix v lazurnıx nebesax,
     Ni roz, blaqouxayuşix v zadumçivıx sadax
     Ni neqi oslepitelnıx poludennıx luçey
     Ya ne sravnyu s Zuleyxoyu krasavitsey moyey.

     İkinci tərcümə isə Pyotr İliç Çaykovskiyə məxsusdur:
     Klubitsya volnoyu kipuçeyu Kur
     Vosxodit dnevnoye svetilo
     Kak veselo serdtsu, duşe kak leqko
     -O! Esli b naveki tak bılo,
     O! Esli b naveki tak bılo!

     Bu şe'rin alman dilinə tərcüməsinə A. Q. Rubinşteyn bizim günlərə qədər populyarlığını itirməyən məşhur bir romans bəstələmişdi. Həmin romans dahi rus müğəninsi F. İ. Şalyapinin ifasında dünya şöhrəti qazınmışdı.

     Vazehlə əlaqədar anlaşılmazlıqlardan biri də budur ki, bir çox ölkələrdə "Mirzə Şəfinin nəğmələri" fars dilindən tərcümələr kimi qələmə verilir. Halbuki Bodenştedtin özü Qafqaz səyahətinin təsviri zamanı həmin tərcümələrin türk dilindən çevrildiyini açıq-aydın göstərmişdir. Görünür, elə yuxarıda göstərilən səbəblər üzündən Rubinşteynin Mirzə Şəfinin sözlərinə bəstələdiyi 12 romansdan ibarət məşhur musiqi silsiləsi "Fars nəğmələri" adlandırılmışdır.

     M. Rəfilinin yazdığına görə, oxucular Mirzə Şəfinin müəllifliyinə o qədər əmin olmuşdular ki, bir çoxları Bodenştedtə bu cazibədar nəğmələrin orijinallarını göstərmək xahişi ilə müraciət edirdilər. Bu və digər səbəblərə görə, Bodenştedtdə müvəffəqiyyətdən baş gicəllənməsi xəstəliyi yaranır. Belə ki, artıq Mirzə Şəfinin və onun müasirlərindən bir çoxlarının dünyasını dəyişməsindən sonra, o, 1874-cü ildə "Mirzə Şəfinin irsindən. Fridrix Bodenştedtin proloqu, əlavələri və izahları ilə" adlandırdığı növbəti nəşrdə özü-özünü guya ifşa edir. O bəyan edir ki, indiyə qədər Mirzə Şəfidən tərcümələr kimi verilən nəqmələr kitabının iki nəşrində çap olunmuş şe'rlərin hamısı bir müəllifin qələminə məxsusdur -onun, Fridrix Bodenştedtin! Guya müəllif şərqli obrazına o qədər yaxınlaşıb ki, öz şe'rlərini belə Mirzə Şəfi adı ilə imzalayıb. Onu kinayə ilə "Hannoverli türk, yaxud da Gəncəli alman" adlandırıblar. Əlbət ki, həqiqətdən xəbərsiz alman və qərbi Avropa ədəbirtşünaslığı Bodeiştedtin bu bəyanatını qeyd-şərtsiz qəbul edir. Bir çox tədqiqatçılar hətta Mirzə Şəfi adlı bir şəxsiyyətin varlığını da şübhə altına alır. Belə ki, Bodenştedtin ölümündən sonra onun arxivində Mirzə Şəfinin "Divan"ı da tapılmamışdı. Əlbəttə, bu mübahisəli məsələnin üzərinə Mirzə Şəfinin şe'rləri yazılmış həmin dəftər işıq sala bilərdi. Lakin onun da alman dəqiqliyi ilə "itirilməsi" çox şeydən xəbər verir. Mirzə Şəfinin qələminə məxsus şe'rləri Zaqafqaziya müftüsi, Molla Hüseyn Əfəndi Qayıbov toplamış və ilk dəfə olaraq özünün dörd cildlik Azərbaycan poeziya antalogiyası kitabında çap etdirmişdir. 1889-cu ildə Bodenştedtin yubileyi şərəfinə Leypsiqdə litvalı ədəbiyyatşünas poliqlot Yurgis Yulius Zauerveynasın "Mirzə Şəfinin Şərq-Qərb Divanı" adlı kitabı çap olunur. Müəllif öz kitabını Azərbaycan, rus, fars, sanskrit, çin, fransız, ingilis, italyan, latın, polyak, qədim alman, Danimarka, yunan, rumın, macar, ərəb, litva, İsveç və başqa dillərdə yazdığı təbriklərdən tərtib etmişdir. Birinci şe'r Azərbaycan dilində yazılmış və Bodenştedtin mürşidi kimi Mirzə Şəfinin tərənnümünə həsr olunmuşdur.
     Xanənin dərvazasında budur odlu izdiham
     Litvalılar, polşalılar göndərər sənə salam.
     Hər qəbilələr, millətlər sevər bu şairi
     Ki, təmam aləmdə məşhurdur, şair əlməram
     Azarbaycan, həm Tiflis təbrik göndərir
     Bu diyarın hamisi Mirzə Şəfidir tamam.
     Mürşidin Mirzə Şəfi tatarca yaxşı söyləmiş
     Mən muridin də yazaram bu səfi tatar kəlam.

     Azərbaycan alimlərindən Salman Mümtaz, Mikayıl Rəfili, Ə. Seyidzadə və başqaları tərəfindən şairin tərcümeyi-halını damla-damla bərpa etmiş və onun Azərbaycan və fars dillərində yazdığı şe'rlərinin orijinallarını axtarıb tapmışlar. Onlar "Mirzə Şəfinin nəğmələri"ni elə təhlil etmişlər ki, bu zəngin irsin şairin özünə məxsus olduğuna heç bir şübhə yeri qalmamışdır. Həmin kitabdan həmçinin Hafiz. Sə'di, Füzuli kimi şərq klassiklərinə məxsus və eləcə də Bodenştedtin özünün "Mirzə Şəfi" imzası ilə yazdığı şe'rlər də tapılmışdır. Bu üsul alman tərcüməçisi üçün səciyyəvi hal sayılır. Belə ki, o, Lermontovun şe'rlərini də tərcümə edəndə 7 belə improvizasiyaya yol vermişdir. Ə. Seyidzadə həmçinin kitabda "parça-tikə" tərcümələr də müəyyən etmişdir. Bu hallarda Mirzə Şəfinin bir şe'rindən götürülmüş misralar "Nəğmələr" kitabındakı bir neçə şe'rə səpələnmişdir.

     Tədqiqatçılar Mirzə Şəfinin Tiflis ədəbi mühitində məşhur bir şair olmasına dair başqa bir sübut da tapmışlar. Belə ki, hələ 1850-çi ildə, Bodenştedt "Nəğmələr" kitabını dərc etdirməzdən qabaq rus dilində çıxan "Oteçestvennıye zapiski" jurnalında şairin "Ustadım Hafizdir, məscidim meyxanə" misrası ilə başlanan şe'rinin tərcüməsi dərc olunmuşdur. Həmin şe'ri jurnalın Tiflis müxbiri şəhərdə məşhur olan Zalsmannın meyxanasında daimi sakin olan bir şəxsin dilindən yazıya almışdı. Həmin "mənbə Vazehi "Şərqin müasir Hafizi" ad-landırmışdır. Gerçək bir şəxsiyyət kimi Mirzə Şəfinin şöhrəti Bodenştedtin özü tərəfindən də kitabın ilk nəşrində e'tiraf olunub: "Mirzə Şəfinin poetik müsabiqələr və ya digər təntənəli vaxtlarda qoşub oxuduğu bir çox nəğmələr tatar (azərbaycanlı) və gürcülərin arasında dildən-dilə düşərək, dolaşmaqdadır. Halbuki bu nəğmələri çoxusunu yazıya almaq onun heç ağlına da gəlməmişdir. Əgər Şərqdə bütün qəzəllərin sonunda müəllifin adının çəkilməsi adəti olmasaydı, heç bu nəğmələrin kimə məxsus olduğunu aydınlaşdırmaq da mümkün olmazdı."

     Mirzə Şəfi 1852-ci ildə noyabr ayının 16-da Tiflisdə vəfat edib. Sağlığında unudulmuş və haqqı əlindən alınmış şair öləndən sonra da qarət olunur. Tiflisdəki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbristanlığı müharibədən sonra köçürülərkən onun həmvətənlərindən heçkim bu böyük şairin ruhunun incidilməsinə e'tirazını bildirmir.

     Mirzə Şəfi irsinin tədqiqatı hələ də başa çatmayıb. Ancaq hazırda araşdırıcıların əlində o qədər fakt var ki, bunlar şairin dünya poeziyası tarixində tutduğu yeri onun tərcüməçisinin iste'dad və bacarığına, xidmətlərinə kölgə salmadan bərpa etmək üçün kifayətdir.