|
XVII əsr Şərqinin ən görkəmli şairlərindən biri Azərbaycan və fars dillərində gözəl şe'rlər müəllifi Saib Təbrizidir. Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Azərbaycanın paytaxtı Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin e'tibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi.
On altıncı əsrin axırlarında, şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və iste'dadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ən'ənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Türkiyəyə gedir. Burada o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şe'r aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moqol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.)
Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan dilində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələ-bəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət tə'sir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış.
Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. 0, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına də'vət edir. Saib sarayda məlik-üş-şüəra—şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır.
Saib Təbrizi İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradır. Qeyd olunmalıdır ki, Hindistanda onu farsdilli poeziyanın "Hindistan məktəbi"nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. “Qəndəharnamə” poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.
Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.
Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şe'rlərini mövzular üzrə ayıraraq, "Mir"atül-camal", "Arayişe-nigar" və "Vacibül-hifz" adlı toplular təşkil edir.
Saib böyük bir poetik irs qoyub getmişdir. Bə'zi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün "Azərbaycanın görkəmli adamları" kitabında yazır ki, o özü Saibin 120 min beytlik "Divan"ını (poemaları daxil olmadan) gözü ilə görüb.
Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.
Saib Təbrizinin yaradıcılığı ilə müxtəlif dövrlərdə Seyid Əzim Şirvani. Hüseyn Əfəndi Qayıbov, Firidun bəy Köçərli, akademik Həmid Araslı, şair-ədəbiyyatşünas Azəroğlu maraqlanmış və onun irsini tədqiq etmişlər. Saibin yaradıcılığı indi İranda, Hindistanda və Qərbdə də intensiv surətdə tədqiq olunmaqdadır. Bütün tədqiqatçılar Saibin iste'dadını e'tiraf edir və onun Şərq ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərini qeyd edirlər. Məşhur çex alimi Yan Ripka belə hesab edir ki, Hafiz və Sə'didən sonra Saib Təbrizi ən parlaq şairdir. Akademik Krımskinin dediyinə görə, Saib XVII əsr İran şairlərinin ustadıdır. Akademik Bertels onu öz əsrinin Hafizi sayır. Görkəmli hind alimi Şibli Neman Saibi İran şe'rinin son böyük şairi adlandırır. Görünür, bu yerdə keçmiş poeziya məktəbi nəzərdə tutulub. Ədəbiyyat tarixində belə bir qanunauyğunluq var ki, şair nə qədər böyükdürsə, onu özününkü hesab eləyən ölkələrin sayı da bir o qədər çox olur. Mə'lumdur ki, Homer, Nizami, Nəsimi və Şekspir kimi dahilərin üstündə ayrı-ayrı ölkə və şəhərlər arasında belə mübahisələr indinin özündə də səngimək bilmir.
Və görünür, bu tipli mübahisələr heç zaman bitməyəcəkdir, Çünki belə şəxsiyyətlər bütün bəşəriyyətə məxsusdur. Saibin taleyi isə bir qədər başqa cür olub. Onu həm Azərbaycan, həm İran, həm də Hindistan öz şairi hesab edir və bunların heç biri də şairin irsi üçün özünü müstəsna hüquq sahibi saymır. Saib bu ölkələrin hər birinin qarşısında böyük xidmət sahibidir. Şair özünün poetik iste'dadının pardaqlanmasında Təbrizin rolunu xüsusi qeyd edir, mənşəcə bu şəhərdən olması ilə fəxr edir, doğma şəhərini məhəbbətlə tərənnüm edir:
Əgər Sə'di Şirazın gilindən yaranıbsa,
Saib tərtəmiz Təbriz torpağındandır.
|